Zamanın viran etdiyi "Div evi" sirrini açacaq adamı gözləyir FOTO


Digərləri 26 Okt 2019 18:48:00 304 0

Zamanın viran etdiyi "Div evi" sirrini açacaq adamı gözləyir  FOTO

"Divə kə" - talış dilindən tərcümədə "Div evi" deməkdir. Orta əsrlərdə tikilən qalanın keşikçi qülləsi kimi istifadə olunması da ehtimal edilir. Qala Astara çayının yaxınlığında, Alaşa kəndinin qərbində, Artupa bələdiyyəsinin Hirkan Milli Parkı ərazisinə düşən hissəsində yerləşir.

Son.az bildirir ki, Hirkan Milli Parkının əməkdaşı Mədət Kərimov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində qədimdə yüksək vəzifəli şəxslərə bəzən "div" deyildiyini vurğulayır və qalanın adını da buna bağlayır. "Böyüklərdən, ağsaqqallardan eşitmişəm ki, qədim dövrlərdə bura Əlişah adlı bir şəxsin qalası olub, digər mənbələrə görə isə bu qala Teymurləngin oğlu Miranşahın qərargahı imiş. "Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib.

Abidənin içərisində otaqların divarları bişmiş kərpiclərlə hörülüb. O vaxt sement olmadığı üçün hörgüdə yumurta sarısı, kül, bir də keçi tükündən istifadə edilib. Çöl divarları isə qayalığı andırır, ancaq bu günədək onun tikintisində hansı materiallardan istifadə olunduğu bəlli deyil", - M.Kərimov deyir.

Həmsöhbətimizin sözlərinə görə, sovet dövründə əsgərləri, xüsusilə də hərbi kəşfiyyatçıları təlim keçmək üçün qalanın yerləşdiyi əraziyə gətirirmişlər. Qalanın olduğu yerdən həm İran İslam Respublikasının ərazisini, həm də Xəzər dənizinin sərhəd sularını müşahidə etmək mümkündür. Bu məqsədlə hərbçilər çadırlar quraraq, bir neçə ay müddətində ərazidə qalırmışlar. Ərazidə 1990-cı illərə kimi sözügedən təlimlər keçirilib. Qala sovet dönəmində abidə kimi qorunmayıb, yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib. 

Şimalda sıldırım dağa söykənmiş, qırmızı kərpic və gəc materialından tağ şəkilli otaqları olan qalanın qərbdən, şərqdən və cənub istiqamətindən mümkün hücumların qarşısının alınması və eyni zamanda dənizdən başlayan Astara-Ərdəbil karvan yoluna nəzarət məqsədilə inşa olunduğu ehtimal edilir.

(adsgarden = window.adsgarden || []).push({});