Növbəti Könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib (FOTO)


Digərləri 26 Okt 2019 16:05:00 242 0

Növbəti Könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib (FOTO)

Oktyabrın 26-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib.

Bakı. Oktyabrın 26-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitənin aidiyyəti strukturlarının nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 118 üzvü iştirak edib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, könüllü gömrükçülər qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil Azərbaycanın inkişaf strategiyasının mərkəzində gənclər siyasətinin dayandığını bildirib. Komitə sədri diqqətə çatdırıb ki, daim gənclərə yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyev onların potensialının üzə çıxarılması, bilik və bacarıqlarının artırılması, həyatın bütün sahələrində irəli çəkilməsinə, yüksək etmad göstərilməsinə xüsusi önəm verib. Səfər Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin və könüllü hərəkatının formalaşması, daha da inkişaf etməsində Birinci vitse-prezident Mehriban Əliyevanın reallaşdırdığı və müxtəlif sahələri əhatə edən layihələrin mühüm rol oynadığını diqqətə çatdırıb. O da vurğulanıb ki, sıralarında minlərlə gənci birləşdirən könüllülərin ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarındakı səmərəli və uğurlu fəaliyyəti onlara göstərilən yüksək dəstək, qayğı və etimadın nəticəsi kimi qiymətləndirilməlidir. Daha sonra gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəfləri və uğurlu nəticələri barədə qısa məlumat verən Komitə sədri bildirib ki, gömrük orqanları şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkəmizin ixrac və tranzit potensialının artırılmasında mühüm addımlar atıb. Eyni zamanda, gömrük işinin təşkilində tətbiq edilən yeniliklər və həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan gömrüyü dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu Avropa regionuna sədrlik etmək hüququ əldə edib. Komitə sədri bildirib ki, əldə edilən uğurlarda gömrük sistemində çalışanların əksəriyyətini təşkil edən gənclərin rolu danılmazdır.