BakıTbilisiBakı sürət sərnişin qatarında bir ilk


Digərləri 26 Okt 2019 14:29:00 285 0

BakıTbilisiBakı sürət sərnişin qatarında bir ilk

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb. Oktyabrın 24-də 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" sərnişin lokomotivi ilə yola salınıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən Son.az-a verilən məlumata görə, bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın "Alstom" şirkətinin istehsalı olan "Prima M4"-ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"-ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4"-lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi "Azərbaycan Dəmir Yolları" QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.