Azərbaycana qarşı çirkin oyun:


Siyasət 26 Okt 2019 12:57:00 207 0

Azərbaycana qarşı çirkin oyun:

14 ildən bəri polislə toqquşmalardan çəkinən, həmişə kənarda durmağa üstünlük verən bir şəxs oktyabrın 19-da təsadüfən aqressivləşdi, ertəsi gün sosial şəbəkələrdəki bəlli resurslarda və Qərbin bələd olduğumuz media vasitələrində həşir kampaniyasına start verildi. Bütün bunların Azərbaycanın dövlət başçısının ölkədə istahatların yeni mərhələsinə start verməsindən, xaricdən təsirlərdən uzaq, modern və müasir çağırışlara cavab verən kadrların önəmli postlara təyinatını anons etməsindən sonra başlaması əsla təsadüf deyildi.

Məqsəd ölkəni və cəmiyyəti modernləşdirməyə, dövlətin inkişafını sürətləndirməyə çalışan Prezidentə qarşı genişmiqyaslı kampaniyaya başlamaq, ölkəmizə mümkün qədər böyük arealda problemlər yaratmaqdır.

"Milli Şura", daha doğrusu, bu marionet qurumun faktiki rəhbəri, AXCP sədri və bloqer Əli Kərimli noyabrın 2-də Bakıda mitinq keçirmək istəyir. Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyaya icazə versə də, verməsə də, Ə.Kərimli "qərarında qətiyyətli" olduğunu deyir.

Yəni aksiyaya sanksiya verilməyəcəyi təqdirdə Bakıda 19 oktyabr olaylarının təkrarlanacağı istisna deyil.

Qaragüruh xaricdəki "müstəqil bloqer"lər, bir mərkəzdən idarə olunan YouTube kanalları və Facebook-dakı səhifələr artıq "yeni mitinqə hazırlıq" isteriyasına başlayıblar.

Onlar 19 oktyabr mitinqindən əvvəl və sonrakı hadisələri təkrarlamaq istəyirlər.

Durumun cəmiyyət üçün təhlükəli, daha doğrusu, vətəndaşlarımızın təhlükəsizliyi və qanunla təsbitlənmiş hüquqlarına bilavasitə təhdid olan məqamları da var.

Onlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşlarının, daha konkret olsaq, qanunsuz aksiyalarda təhlükəsizliyin təminatı ilə məşğul olan polislər haqqında məlumatların sosial şəbəkələrdə bilərəkdən yayılmasıdır.

Qanunsuz aksiyalarda qanunun tələblərinin riayətini təmin edən polis əməkdaşlarının fotolarını, onlar barədə məlumatları, hətta mobil telefon nömrələrini və ev ünvanlarını sosial şəbəkələrdə yayırlar.

Bu informasiyalar ofisləri Qərb ölkələrində, daha dəqiq olsaq, Avropa Birliyinə daxil olan dövlətlərdə yerləşən "müstəqil informasiya resursları" tərəfindən sosial şəbəkələrdə, xüsusilə də Facebook-da qəsdən paylaşılır.

Məqsəd polis əməkdaşlarına toplam olaraq, küll şəkildə nifrət yaratmaq, cəmiyyəti kütlə sayaraq onda qəzəb hissini formalaşdırmaq və beləcə, növbəti qanunsuz aksiyada polislə qarşıdurmanı toqquşmaya, davaya çevirməkdir.

Tanış ssenaridir və Əli Kərimlinin Azərbaycanda təmsil etdiyi şəbəkə bir sıra ölkələrdə artıq "tətbiq olunmuş" çirkin əməliyyatı indi burada reallaşdırmağa çalışır.

"Aksiyalarda polis zorakılığı və vəhşiliyi" kimi təqdim olunan fotolarla videoların istisnasız olaraq hamısı subyektiv, birtərəflidir.

Məntiqli olaq. Dünyanın istənilən ölkəsində olduğu kimi, Azərbaycanda da polis qanunsuz aksiya zamanı ilk əvvəl ümumi vəziyyəti dəyərləndirir, sonra hərəkətə keçir. Kənardan baxanda elə təəssürat yarana bilər ki, budur, kimsə durub bir kənarda, heç nə etmir, qanunu pozmur. Amma polis onu tutur  -axı fotoda və ya videoda belədir...

Bundan başqa, qanunsuz aksiyalar zamanı polislər qanunu pozan "sıravi" etirazçıları yox, aksiyanı idarə edən rəhbərləri saxlamağa çalışırlar.

Və ən nəhayət, elə olur ki, aksiya zamanı polis iştirakçılardan birini əvvəllər də dəfələrlə qanunu pozmuş adam olduğunu görür, yeni presedent olmasın deyə, onu dərhal saxlayır.

Ümumiyyətlə, aksiya qanunsuzdursa, deməli, iştirakçıların istisnasız olaraq hamısı o aksiyanın keçirdikləri yerdə qanunsuz sayılırlar. Çünki onlar "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini pozurlar.

Polis aksiyadan əvvəl dəfələrlə xəbərdarlıq edir, aksiya iştirakçılarından ərazini tərk etmələrini istəyir, aksiyanın qanunsuz olduğunu bəyan edir. Sonucda kütləvi toqquşma və ya itaətsizlik yaratmaq istəyənlər, qışqır-bağır salanlar tutulur.

Sosial şəbəkələrdə həmin adamların sadəcə, saxlanma anlarının fotoları və videoları yayılır: halbuki, saxlanmanı şərtləndirən səbəblər vardı və onların görüntüləri bilərəkdən paylaşılmır.

Məhz bu səbəbdən sosial şəbəkələrdə polis əməkdaşları barədə məlumatların paylaşılması, yəni "deanon prosesi" əvvəlcədən hazırlanmış ssenari təsiri bağışlayır. Özü də bu ssenari indiyədək dünyanın bir sıra ölkələrində, o cümlədən postsovet məkanındakı bəzi dövlətlərdə sınaqdan keçirilmiş əməliyyatdır.

Məsələn, Rusiyada radikallaşmış müxalifətin mənsubları "Skaner" adlı resurs yaradaraq sosial şəbəkələrdə Qvardiyanın və polisin qanunsuz, yaxud qanunla icazə verilmiş etiraz aksiyalarında qanunun tələblərinə riayəti təmin edən əməkdaşlarının məlumatlarını yayırlar.

Rusiyadakı radikal müxalifət bunu vətiəndaş təşəbbüsü kimi təqdim etsə də, əslində bu, aşkar və birbaşa qanun pozuntusudur.

Yada 2013-cü ildə ABŞ-da qaradərili yeniyetmə Treyvon Martinin qətlindən sonra "Black Lives Matter" hərəkatının fəalları düşür. Kütləvi informasiya vasitələri bu hərəkatın etiraz aksiyalarından həvəslə bəhs edirdi. Həmin aksiyalar isə kütləvi iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunurdu.

"Black Lives Matter"in fəalları getdikcə radikallaşır, polisləri qətlə yetirməyə çağırır, onların barəsində sosial şəbəkələrdə məlumatlar yayır, asayiş keşikçilərinin özlərinə və ailə üzvlərinə qarşı təqib kampanyaları təşkil edirdilər.

Bu iyrənc kampaniyaların məntiqi sonucu 2016-cı ildə Maykl Ksavyer Conson adlı birinin snayper tüfəngindən atəş açaraq 5 polis əməkdaşını qətlə yetirməsi oldu.

"Black Lives Matter" polisləri "cəzalandırmağa" çağıranda sosial şəbəkələrdə bu hərəkatın fəallarına dəstək verənlər çox gec anladılar ki, əslində qanunsuzluğa, terrora, təqiblərə dəstək veriblər.

İndi Azərbaycanda polis əməkdaşları barədə məlumatlar yayılır, onları hədələyirlər.

Belə iyrənc kampaniyaların qarşısı alınmazsa, Rusiyadakı hadisələr təkrarlanacaq, sosial şəbəkələrdə "polislərin uşaqlarını öldürək, bu anların snaff-videolarını çəkərək paylaşaq" çağırışları səslənəcək.

Çünki bir mərkəzdən idarə olunan bu YouTube kanalları və Facebook səhifələrinin istisnasız olaraq hamısında polis əməkdaşları "cəllad", qanunsuz aksiya iştirakçıları ilsə "qanlı rejimin qurbanları" kimi təqdim olunur.

Belə məkrli ssenariləri reallaşdıranlar, Azərbaycanda xaos yaratmaq istəyənlər nəyi və niyə arzuladıqlarını əla bilirlər.

"Milli Şura"nın, əslində isə AXCP sədri və bloqer Əli Kərimlinin noyabrın 2-də mitinq təyin etməsi, mitinqin keçiriləcəyi yerlər qismində də metropolitenin "28 May" stansiyasının qarşısındakı meydanı və ya "Məhsul" stadionunu tələb etməsi, Bakı Şəhər İcra Hakimiyyətinin də "tələb"i yerinə yetirməyəcəyi təqdirdə "aksiyanın onsuz da baş tutacağını" deməsi hakimiyyətə aşkar şəkildə aqressiv meydanoxuma ilə yanaşı, bilərəkdən qarşıdurma və toqquşma vəd etməsidir.

Əli Kərimli 19 oktyabrdakı aksiyanın "qəhrəman"ı olduğunu düşünür və hakimiyyəti öz aləmində şantaj etməyə, "ümumxalq etirazları" ilə təhdid etməyə çalışır.

16 ildən bəri AXCP sədri olaraq partiyanı volüntarist və diktatura metodları ilə idarə edən, sosial şəbəkələrdə trol şəbəkəsi quraraq siyasi rəqiblərini, o cümlədən müxalifətdəki "dost"ların hədyan və təhqir kampaniyalarına məruz qoyan Əli Kərimli yenə bəlli ssenaridə ona ayrılmış rolu yerinə yetirməyə can atır.

O, dayanan deyil, çünki uğursuzluq kompleksi, hakimiyyət hərisliyi, ifrat aqressiya, qisasçılıq və s. kimi hisslərin girdabında olan bu şəxsin məruz qaldığı komplekslər toplusuna ölkə xaricindən aldığı əmrlərlə göstərişlər də əlavə olunub.

Təhlükəli qarışıq yaranıb.

Azərbaycanda Qoşulmama Hərəkatının 18-ci sammiti ərəfəsində Ə.Kərimlinin sosial şəbəkələrdəki trolları, onu tərifləyən YouTube kanallarının dedikləri, işlətdikləri ifadələr və ümumiyyətlə, ritorika Ermənistan mediasında Bakı sammiti barədə deyilənlərlə, yazılanlarla tam uyğun idi.

İndi də belədir.

Erməniləri anladıq - düşmən başqa sözlər deyə bilməz.

Geosiyasətdən, çağdaş dünya düzənindən və ümumiyyətlə, siyasətdən bixəbər "müxalifətçi"lərinsə Bakıya gələn ölkə və hökumət başçılarını təmsil etdikləri ölkələrin iqtisadi-sosial inkişaf səviyyəsinə, hətta coğrafi yerləşiminə görə təhqir edilməsi çox miskin görüntü yaratmışdı.

Lağlağı və təhqirləri sıralayan, öz aləmlərində guya "vətəndaş fəallığı" nümayiş etdirən və Əli Kərimlini belə ritorikada dəstəkləyənlər irqçi, bisavad davranış sərgilədiklərinin fərqində deyillər.

Onlar noyabrın 2-də "nəyin bahasına olursa-olsun mitinq" keçirəcəklərini deməklə son günlərdə Qərbdə çox fəallaşan anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olan Ə.Kərimlinin məramını bilməyərəkdən ortaya qoydular.

Oktyabrın 10-dakı mitinqlə hakimiyyəti "vadar etmək" niyyətində olanlar bu dəfə daha aqressiv davranaraq adekvat cavab almaq istəyir, xaricdə yerləşən və Azərbaycana düşmən kəsilmiş şəbəkəni foto-videomateriallarla "təchiz" edərək hərəkətə gətirməyə can atırlar.

Sifarişlər və təlimatlar belədir.

Müşahidə olunan proseslər göstərir ki, Əli Kərimli və onun vint rolunu oynadığı şəbəkə Azərbaycan hakimiyyətin sınağa çəkir, dövlət qurumlarınını səbatlılıq və iradəsini yoxlamaq istəyir.

Həmin insanların hansı düşüncə, təfəkkür və mənəviyyat daşıyıcıları olduğunu isə sosial şəbəkədəki trolların söyüş kampaniyasının səngiməməsi, əxlaqsızlıqla tərbiyəsizliyi sıralamaları, habelə beynəlxalq münasibətlər sistemindən tam bixəbər olmalarına rəğmən Qoşulmama Hərəkatının Bakı sammiti və sammitə qatılan iştirakçılar barədə sərsəm ifadələrlə dolu açıqlamalar paylaşmaları dəqiq göstərir.

Azərbaycanda müxalifətin ciddi dəyişikliklərə ehtiyacı var. Müxalifət eybəcər təfəkkürlü, aqressiv içgüdülü, təhlükəli elementlərdən qurtulmalıdır.

Proses kənardan idarə olunmamalı, içdə başlamalı və elə orada da bitməlidir.

Lümpenləşmiş davraşını, marginal şüuru konstruktiv düşüncə əvəzləməlidir.

Ayıq olmalı, sayıq davranmalıyıq.

Dövlətimiz hədəfdədir və ölkədəki Yalıncıq xislətlilər fəallaşıblar.

Elçin Alıoğlu Son.az