Toyota Hibridinin Qafqaz triumfu VİDEO FOTO


Digərləri 26 Okt 2019 09:30:00 280 0

Toyota Hibridinin Qafqaz triumfu  VİDEO  FOTO

15-16 oktyabr tarixlərində "Toyota Qafqaz" şirkəti jurnalistlər üçün hibrid mühərrikli avtomobillərin sınaq yürüşünü  təşkil etdi. Təşkilatçılar sınaq yürüşünü bu dəfə Gürcüstanın Kaxetiya bölgəsində təşkil etməklə, nəqliyyat vasitələrinin sadəcə şəhər mühitində deyil, enişli yoxuşlu region yollarında da bacarıqlarını göstərməsi üçün jurnalistlərin ixtiyarına hibrid mühərrikli "Toyota Camry", "Toyota Corolla", "Toyota C-HR" və "Toyota RAV4" avtomobilləri təqdim etdi. Eyni zamanda, iştirakçıların məşhur şərab regionunun təbiəti, tarixi ilə yaxından tanış olması üçün də şərait yaradıldı və maraqlı əyləncə proqramı təşkil olundu.

Təşkilatçılar sanki bu gözəl təbiətli regionu seçməklə gizli bir ismarıc verirdilər. Belə ki, sınaq yürüşünün təşkil olunduğu yolun üzərində gözəl meşələr, Lapota gölü, Qombori dağ keçidi kimi əsrarəngiz təbiət əsərləri var idi və bu yerlərdən hibrid avtomobili ilə keçərkən təbiətə demək olar ki, zərər vurmadığını anladıqda insanın ürəyi rahatlayırdı.

Vurğulamaq istərdik ki, hibrid avtomobilini idarə etmək insana tam fərqli hisslər yaşadır. Rahatlıq, təhlükəsizlik və əminlik hisslərindən zövq alırsınız.

Mart ayında təşkil olunmuş möhtəşəm sınaq yürüşünün əks-sədası çəkilməmiş, yeni yollarda uzun müddət səsi gələcək daha bir maraqlı tədbirə imza atıldı. Bu dəfə Tiflisdən Lapota gölünə qədər olan yolda hər 40-50 kilometrdən bir olmaqla, 5 pit stop təşkil olundu və hər pit stop arası avtomobillərin müxtəlif bacarıqları sınaqdan keçirildi.

İştirakçılar Qombori dağ  keçidindən başlayan yolda ilk pit stopu Tsinandalidə etdilər və bura qədər olan məsafədə avtomobillərin yanacaq sərfiyyatı sınaqdan keçirildi. Daha dəqiq desək, avtomobillərin enişli dağ yolunda yanacağa qənaət etmək bacarığı yoxlandı. Bildiyiniz kimi, hibrid avtomobillərinin daha yavaş tormozlanması batareyaların daha yaxşı dolması deməkdir. Yolun bu hissəsi isə hibrid avtomobillərinin enerji yığma bacarığını və regenerativ əyləc texnologiyasını yoxlamaq üçün mükəmməl idi. Həqiqətən də, pit stopda avtomobillərin sərf etdiyi yanacağın həcmi iştirakçıları heyrətə gətirdi. Belə ki, hibrid avtomobilləri saatda 60 km sürətilə hərəkət etdiyi zaman cəmi 1,5-2 litr yanacaq sərf etməklə ətraf mühitə minimum tullantı buraxır.

Tsinandalidə Aleksandr Çavçavadzenin tarixi rezidensiyasını gəzdikdən sonra jurnalistlər idarə etdiyi avtomobilləri dəyişərək, fərqli model hibrid avtomobili ilə İkalto Monastrına yola düşdülər. Bu dəfə məqsəd yoxuşlu yollarda hibrid mühərrikinin öz batareyasından əlavə güc alma və lazım olduqda həssas fırlanma anını təmin etmə funksiyalarını yoxlamaq idi.

Yürüşün üçüncü hissəsi isə, İlkato monastrından Alaverdi kompleksinə qədər yol idi və bu hissə düz olduğundan jurnalistlərin hibrid avtomobilinin səssizliyini dinləmək və "Safety Sense" təhlükəsizlik funksiyalarını yoxlamaq imkanı yarandı. Toyota yarandığı gündən təhlükəsizliyi ön planda tutub və hibrid avtomobillərində də təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Onlardan "hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası" sadəcə sağa-sola dönmə siqnalını istifadə etmədən zolağı keçərkən sürücünü xəbərdar etməklə kifayətlənmir, bu hadisə təkrarlandığı halda səs siqnalının tonunu da artır və sürücünün bu haldan xəbərdar olmasını 100% təmin edir və avtomobili zolağa qaytarır.

Yolun son hissəsində jurnalistlər Alaverdi kompleksindən Lapota döngəsinə doğru hərəkət edərkən hibrid avtomobillərinin əlavə təhlükəsizlik funksiyalarını sınaqdan keçirdi. Bu funksiyalardan ən çox istifadə olunanı və uzun yollarda sürücülərə kömək edən "Adaptiv kruiz kontrol" funksiyasıdır. Bu funksiyanı dəstəkləyən xüsusi radar-sensor və videokamera vasitəsi ilə qarşıda hərəkət edən avtomobil, onun sürəti və ara məsafəsi təyin olunur və məsafəni qoruyub saxlaması üçün sizin avtomobilinizin sürəti tənzimlənir.

Belə ki, qarşıdakı avtomobilin sürücüsü qəfil əyləcə basdığında belə bu funksiya sayəsində sizin avtomobil tam dayana bilir.

(adsgarden = window.adsgarden || []).push({});