Dünya Bankına görə kredit əlçatanlığı üzrə Azərbaycan dünyada birincidir


Digərləri 25 Okt 2019 15:45:00 313 0

Dünya Bankına görə kredit əlçatanlığı üzrə Azərbaycan dünyada birincidir

Dünya Bankı tərəfindən dünya ölkələrinin iqtisadiyyat, xüsusilə də biznes və investisiya mühitlərinin hərtərəfli analiz olunduğu “Doing Business” hesabatının 2020-ci il buraxılışı dərc olunub

Bakı. Dünya Bankı tərəfindən dünya ölkələrinin iqtisadiyyat, xüsusilə də biznes və investisiya mühitlərinin hərtərəfli analiz olunduğu “Doing Business” hesabatının 2020-ci il buraxılışı dərc olunub. Hesabatın nəticələrinə əsasən keçən ilki buraxılışda olduğu kimi bu il də Azərbaycan yüksək sıralarda qərarlaşıb, ölkəmizdə həyata keçirilən islahatlara əsasən müxtəlif meyarların dəyərləndirilməsi üzrə göstəricilər daha da yaxşılaşdırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, 2018-2019-cu illərdə ölkə rəhbərliyi tərəfindən əsas götürülmüş məqsədyönlü iqtisadi və biznes siyasətinin davamı olaraq ölkələrin ümumi dəyərləndirilməsində Azərbaycan 190 ölkə arasında 34-cü yerdə qərarlaşıb, kredit əlçatanlığı, əmlak qeydiyyatı, investorların hüquqlarının qorunması və investisiya münasibətlərində müqavilələrin rəhbər tutulması və digər istiqamətlərdə aparılmış təkmilləşdirmələr nəticəsində ötən ildə olduğu kimi bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb. Sevindirici haldır ki, “Doing Business 2020” hesabatına əsasən kredit alınması indikatoruna görə ölkəmiz ən yüksək nəticə əldə edərək 190 ölkə arasında ötən ilki 22-ci mövqedən 1-ci yerə yüksəlib. Xüsusilə qeyd edək ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin və özəl kredit bürosunun yaradılması, həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Məcəlləsinə müvafiq dəyişikliklərin, sadələşdirmələrin edilməsi bu nəticəni şərtləndirən amillərdəndir.