“Azerbaijan Digital HUB” proqramı “Eurasia Innovation Day” tədbirində təqdim olunub (FOTO)


Digərləri 25 Okt 2019 15:23:00 258 0

“Azerbaijan Digital HUB” proqramı “Eurasia Innovation Day” tədbirində təqdim olunub (FOTO)

“Azerbaijan Digital HUB” proqramı “Eurasia Innovation Day” tədbirində təqdim olunub

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov Bakıda Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF-2019)” və “Eurasia İnnovation Day” tədbirlərində moderator və məruzəçi qismində iştirak edib. 21-22 oktyabr tarixlərində 2-ci “Bakı Elektron Ticarət Forumu çərçivəsində baş tutmuş “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” mövzusunda sessiya Azər Bayramovun moderatorluğu ilə keçirilib. Sessiyada kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn kimi mövzular ətrafında faydalı müzakirələr aparılıb. Həmçinin, 23 oktyabr tarixində “Eurasia İnnovation Day” çərçivəsində “İnnovasiya və Texnologiya” panel müzakirəsində “AzerTelecom” şirkətinin nümayəndəsi “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” mövzusunda məruzə edib. Azər Bayramov dünya xəritəsində Azərbaycanın innovativ və texnoloji mərkəz kimi tanınması istiqamətində işlərdən danışıb. Xüsusilə, “AzerTelecom” tərəfindən həyata keçirilən “Azərbaijan Digital HUB” proqramı haqqında iştirakçlara geniş məlumat verib. Bildirilib ki, proqram çərçivəsində iri infrastruktur quruculuğu layihələrinin icrası ilə ölkəmiz Qafqaz, MDB, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək və gələcəkdə bu regionların internet və kontentə olan ehtiyacının təmin edilməsində mühüm rol oynayacaq. Proqram innovasiyaların, rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında qonşu regionlara ixracına, ümumilikdə isə ölkəmizin İKT sektorunun inkişafına, rəqəmsal ekosistemin formalaşmasına öz töhfəsini verəcək. Qeyd edək ki, “Eurasia İnnovation Day” tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə, “InnoWeek - İnnovasiya həftəsi” 18-24 oktyabr tarixlərində baş tutub. NRYTN-in Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.