Amerikada xərçəngin müalicəsini axtaran gənc azərbaycanlı professor Uğur hekayəsi FOTO
Digərləri 25 Okt 2019 07:35:00 291 0
Elmar Nurməmmədov: "Yaxın 20 il ərzində xərçəng yer üzündən silinəcək"
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
Xəyalların, arzuların sərhədsiz olmasının tərəfdarıdır. Deyir ki, əgər siz ulduzların arasında olmaq istəyirsinizsə, aya doğru üz tutmalısınız. Bu zaman aya çatmasanız belə, ulduzların arasına mütləq düşəcəksiniz.
Müsahibimiz Amerikanın John Vayne Xərçəng elmi-tədqiqat İnstitutunun professoru, "Xərçəng Dərman Kəşfi" departamentinin rəhbəri Elmar Nurməmmədovdur.
Qusarda anadan olub. Orta məktəbi Qusarda və Qubada türk liseyində oxuyub. Daha sonra Türkiyədə Orta Doğu Teknik Universitetində (ODTU) biokimya ixtisası üzrə təhsilini davam etdirib. Lund (İsveç) və Harvard (Amerika) universitetlərində xərçəng biokimya sahəsində ixtisaslaşıb. 3 ilə yaxın isə Harvard Tibb Fakültəsində xərçəng çalışmaları üzrə elmi komandanın tərkibində işləyib.
- ODTU, Lund, Harvard... Dünyanın 3 məşhur universiteti ilə yolunuz kəsişib. Təhsil sizin üçün nədir?
- Düzdür, o dövrdə təhsil həyatımda avtomatik olaraq davam edirdi. İndi geriyə baxanda, necə doğru qərarlar aldığımı hiss edirəm. Mənim üçün təhsil hansısa sahədə dərinləşmək və cəmiyyətə yararlı fərd olmağıma kömək edən ən önəmli vasitədir. Eyni zamanda, təhsil müstəqil fikirləşmək və yaratmaq qabiliyyəti baxımından vacibdir. Təhsili baryer kimi görürəm. O baryeri keçdikdən sonra artıq öz qanadlarınızla uça bilərsiniz. Mənə görə, təhsil dayanmayan prosesdir. Yəni 4 illik bakalavr, yaxud magistrdan sonra bitmir. Ümumiləşdirsək, təhsil mənim üçün fikirləşmə forması, zənginləşmək, həyatın mənasını tapmaq və müəyyən baryerlər aşmaq deməkdir.
- Nə üçün məhz biokimya ixtisası?
- Bunun kökünü uşaqlıqda görürəm. Düzdür, o dövrdə biokimya ixtisasını dərk etmirdim. Amma təbiət elminə, heyvanlara, həşəratlara marağım var idi. Bu sahəyə gəlməkdə atamın rolu çox olub. Atam diş həkimidir. Yadımdadır, uşaq vaxtı onun kabinetində çox vaxt keçirir, dərmanlarla oynayırdım. "Novakoin"lə itimin, toyuğumun üzərində müəyyən təcrübələr aparırdım. Sonra bu maraq özünü başqa formada büruzə verirdi. Biz məhəllə uşaqları ilə meşəyə gedirdik. Orada həşəratları yığır, qurudurduq. Təbiət elmlərinə marağım böyük idi. Olimpiadalarda respublika səviyyəsində müəyyən uğurlarımız da olurdu. 1990-cı illərin axırlarında genetika, molekulyar biologiya dəbdə olmağa başladı. Beləliklə, molekulyar biologiya sahəsində təhsil aldım və illər ərzində bu biokimyaya getdi.
- Hər insanın uşaqlıq arzusu olur. Deyirlər ki, arzular reallığa çatdırır...
- Uşaqlıqda hansı peşəyə yiyələnəcəyimi bilmirdim. Amma çox xəyalpərəst idim. Əksər vaxtı qruplardan uzaqlaşıb təkbaşına fikirləşir, xəyal qururdum. O xəyallara bu gün çatmışam və olmaq istədiyim yerdəyəm. Təbiət elmlərinə olan marağımı nəzərə alsam, tam da onun içindəyəm. Həm işimdən zövq alıram, həm də özümü cəmiyyətə yararlı insan kimi hiss edirəm.
- Bu yola xərçəngin müalicəsini tapmaq üçün çıxmısınız. Maraqlıdır, sizə buna nə vadar etdi?
- Xərçəng sakit, öldürücü xəstəlikdir. Səsini çıxarmadan milyonlarla insanın həyatdan alır. Statistikaya baxsaq, xərçəng müharibədən daha çox insan öldürüb. Həm də müəmmalı xəstəlikdir. Fikirləşdim ki, həm karyera, həm də insani cəhətdən həyatda qazandığım nailiyyət olmalıdır. Molekulyar biologiya sahəsində insanlığa ən yararlı işi görməyi qarşıma məqsəd qoydum. İxtisaslaşdıqca, özümü insanlığa borclu hiss etdim. Bu sahədə araşdırma aparıb, oxuduqdan sonra bu biliklərdən yararlanmasam, hər halda bunun günahı böyük olar. Vəzifəm insanlığı bu bəladan xilas etməyə çalışmaqdır. Bununla həm təhsilimin qarşılığını verməli, həm də insani borcumu ödəməliyəm. Özümü bu sahədə hər gün fikirləşmə və yaratma məcburiyyətində hiss edirəm.
- Xərçəng əsrin bəlasıdır. Sizcə, bu da bir vaxtların taun epidemiyası kimi tarixə gömüləcəkmi?
- Hər bir problem başa düşülmədiyi müddətcə, problem olaraq qalır. Bir əsr əvvəlki xəstəliklər də belə idi. Bu gün sadə gələn viruslar 50-60 il öncə milyonlarla insanı öldürüb. Amma hazırda bir vaksinlə qarşısını ala bilirik. Xərçəng də qəliz məsələ olaraq qalır. Xəstəliyin molekulyar biologiyasını tam anlaya bilmədiyimiz üçün silahını da tapa bilmirik, amma çox yol qət etmişik. Modern tibb elmi son 15 ildə güclü şəkildə inkişaf edir. Artıq harada nə mutasiya varsa, biz bunu dəqiq görə bilirik. Bu ciddi inkişafdır. CRISPR-Cas9 kimi çox güclü sistemlər var ki, biz istədiyimiz geni istədiyimiz yerə dəyişdirə də bilirik. Amma bununla belə, xərçəng çox qəlizdir. Çünki burada insanın individual genetikası, yaşadığı mühitlə bağlı bəzi amillər var. Bunların hamısını bir paketdə fikirləşsək, kombinasiyaları çox böyük olur. Ona görə də xərçəngə bir dərman tapmaq çətindir. Biz molekulyar biologiya elmini başa düşdükcə, burada dərman tədqiqatları üçün böyük prospektlər açılır. Əminəm ki, bu müalicə mümkün olacaq və yaxın 20 il ərzində xərçəng yer üzündən silinəcək. - Bəs insanlar xərçəngə tutulmamaq üçün nə etməlidirlər. Sizin öz versiyanız varmı?
- Xərçəng genetik xəstəlikdir. Mutasiyaların nəticəsində əmələ gələn şiş və şişin kontroldan çıxması deməkdir. Əksər xərçənglər bizim kontrolumuzun xaricində baş verir. Yeni doğulan uşağın beynində xərçəng ola bilər, bunun qarşısını heç nə ala bilməz. Sonradan yaranan xərçəngin qarşısını almaq üçün isə sağlam qidalanmaq, orqanik qidalar tükətmək lazımdır. Təmiz hava, oksigen insan üçün çox vacibdir. Kimin imkanı varsa, şəhər və infrastrukturlardan xaric yerdə yaşasın, yaxud vaxtaşırı elə yerlərə getsin. Fiziki olaraq aktiv olsunlar. Fiziki aktivlik müəyyən hormonları stimulyasiya edir və mutasiyaların qarşını alır. Kimyəvi maddələrdən uzaq durmaq lazımdır. Hər bir kimyasal yüksək dozada mutasiya əmələ gətirir. İnsanlar daha az sinir problemləri yaşasınlar və bunu azaltmaq üçün öz həyat tərzlərini buna uyğunlaşdırsınlar. Bütün bu kombinasiyaların hamısını bir yerdə etsək, xərçəngə tutulmaq riskini azalda bilərik. Ən əsası isə bədən və beyin xəttini tutmaqdır. İnsan həmişə özü ilə sülh içində olmalıdır. Əks təqdirdə, stress, acıq, kin, nifrət kimi hisslər insanı neqativ hala salır, bədəni müəyyən istənməyən reaksiyalara vadar edir. Bunları tətbiq etmək üçün heç bir bahalı tibbi xidmətə ehtiyac yoxdur və xərçəng riskini ciddi səviyyədə azaldar.