Azərbaycanda təkrarolunmaz hisslər yaşayan almaniyalı Əcnəbi FOTO


Digərləri 25 Okt 2019 06:55:00 231 0

Azərbaycanda təkrarolunmaz hisslər yaşayan almaniyalı  Əcnəbi  FOTO

"O qadını yenidən görmək və sizin adət-ənənələrə uyğun evlənmək üçün Bakıya yenidən qayıdacağam ..."

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O da digər əcnəbilər kimi ölkəmizi sevir. Qonaqpərvərlik, tolerantlıq, Azərbaycanda qorxusuz yaşamaq, dadlı mətbəx... Bu  kimi xüsusiyyətlər onu ölkəmizə bağlayır. Amma ən əsas məqam sevdiyi azərbaycanlı qızdır. Məhz o qıza görə, təhsilini bitirsə də, Azərbaycandan "qopa" bilmir.

"Əcnəbi" rubrikamızın qonağı Almaniya vətəndaşı Aleksej Andruşkindir. Özü haqqında məlumat verən həmsöhbətimiz deyir ki, atası alman, anası rus əsillidir: "30 yaşım var. Qazaxıstanın Pavlador şəhərinin yaxınlığındakı qəsəbədə doğulmuşam. Uşaqlığımın bir neçə ili orada keçib. Sonra ailəmlə birgə Rusiyanın sərhədə yaxın qəsəbəsinə köçmüşük.  2001-ci ildən isə Almaniyada yaşayırıq. Atam alman, anam isə rus əsillidir. Almaniyada əvvəlcə balaca bir şəhərdə yaşayırdıq. Təhsilimlə bağlı böyük şəhərə köçəsi oldum. Hazırda Drezden və Berlin arasında Kottbus şəhərində qardaşımla bir qalırıq. Yaşadığımız şəhərin təxminən 100 min əhalisi var".    "Həm oxudum, həm təcrübə keçdim"   Aleksej Azərbaycana Erasmus mübadilə proqramı vasitəsilə gəlib. Deyir ki, Almaniyada işlədiyi müddətdə daha geniş təcrübə və biliyə yiyələnmək üçün bu proqrama qatılıb: "Həmin şirkətdə mexaniki mühəndislik peşəsi üzrə işləyirdim. Amma mən həmişə nələrisə öyrənmək, yeni bilik və vərdişlər əldə etmək marağında olmuşam. Bu səbəbdən uzun müddət Azərbaycanda qaldım, həm oxudum, həm də təcrübə keçdim". 

Aleksejin sözlərinə görə, proqrama müraciət etməsinin səbəblərindən biri, heç vaxt görmədiyi və tanımadığı bir ölkəni görmək, gəzmək imkanı idi: "Azərbaycan mənim üçün çox maraqlı ölkə idi. Bilirdim ki, tam fərqli bir mədəniyyətlə tanış olacağam. Və təbii ki, Azərbaycanda insanların necə olduqlarını, eləcə də, təhsilin səviyyəsini öyrənmək istəyirdim. Həqiqətən bu ölkənin mənə qatqısı gözlədiyimdən də böyük oldu. Ölkə haqqındakı fikirlərimi dəyişdi və öyrəndiklərim çox oldu. Azərbaycana gəlməmişdən əvvəl Almaniyada təhsil alan qız dostumla görüşüb söhbət etdik. Azərbaycanlı idi. Ölkəniz barədə ondan məlumat aldım. Azərbaycan barədə heç nə təsəvvür etmirdim və öz gözlərimlə görmək istəyirdim".

"Heç vaxt düşünmürdüm ki, Azərbaycanda kimsə mənə pislik edər"   Əcnəbi müsahibimizin sözlərinə görə, Azərbaycanda ən çox sevdiyi nüans burada əcnəbinin belə, öz ölkəsindəki kimi qorxusuz yaşamasıdır: "Azərbaycana ilk gəldiyimdə insanların tanımadığı şəxslərə belə, tolerant yanaşması, kömək etməyə çalışmasını gördüm və bu, məni çox təəccübləndirdi. Avtobusda, metroda gənclərin yerlərini böyüklərə, yaşlılara verməsini ilk dəfə görürdüm. Və insanlarınızın belə xoş münasibətini görəndə, heç vaxt düşünmürdüm ki, Azərbaycanda kimsə mənə pislik edər, yaxud oğurluqla rastlaşaram. Öz ölkəmdəki kimi sərbəst idim. Ən əsası, qorxu-hürküsüz, istədiyim saatda şəhərə çıxa bilirdim".

"Azərbaycanda təhsil fərqli və bir az da çətindir"   Digər əcnəbilər kimi Aleksejin də çətinliyi ünsiyyətlə bağlı olub: "Azərbaycanda insanlarla ünsiyyətim dil baxımından bəzən çətin alınırdı. Onlarla nə rus dilində, nə də alman dilində ünsiyyət qura bilirdim. Ancaq metro, yaxud hansısa məkanın ünvanını soruşanda, məni anlayıb köməklik edirdilər. Hətta soruşduğum ünvana kimi mənimlə birlikdə gedirdilər. Bir dəfə Ukraynadan olan şəxs mənə kömək etmişdi. Rus dilində biri ilə ünsiyyət qura bildiyim üçün özümü çox xoşbəxt hiss edirdim. Əksərən də, evində kirayə yaşadığım şəxs mənə bütün işlərimdə köməklik edirdi".

Aleksej ölkəmizdə yaşadığı müddətdə Almaniya üçün darıxmayıb. Deyir ki, dərslərin ağırlığından darıxmağa vaxtı olmayıb: "Azərbaycanda olanda, başım təhsilə o qədər qarışmışdı ki, ev üçün darıxmırdım. Ancaq son həftələr artıq darıxmağa başladım. Onu da deyim ki, Azərbaycanda təhsil fərqli və bir az da çətindir. Müəllimlərim hər zaman mənə kömək edib. Eləcə də, qrup yoldaşlarım dəstəyini əsirgəmirdilər. Almaniyada professorlar tələbəyə kömək etməyə can atmırlar. Vaxt azlığından şikayətlənirlər. Ona görə də, tələbəyə kömək üçün zaman ayıra bilmirlər".