Etirazlardan sonra İran Azərbaycanında türkdilli filmin nümayişinə icazə verildi


Dünya 24 Okt 2019 21:59:00 291 0

Etirazlardan sonra İran Azərbaycanında türkdilli filmin nümayişinə icazə verildi

Ərdəbil vilayətinin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə filmin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar qarşısında türkdilli "Kömür" filminin sinema ekranlarına çıxmasına icazə verilib.

Bu barədə "Kömür" filminin rejissoru İsmayıl Münsif oktyabrın 23-də öz Instagram hesabında yazıb.

İslam Respublikasında bütün mədəni fəaliyyətləri tənzimləyən dini qurum İlk öncə filmin vilayətdə nümayişinin dayandırılmasını "pantürkistlərin fəaliyyətinə zəmin yaratmamaq" məqsədi ilə əsaslandırmışdı.

İran Azərbaycanında artan sayda filmlər doğma dildə çəkilir. Hal-hazırda "Kömür" filmi Tehran, Ərdəbil və Təbriz kinoteatrlarında nümayiş olunur. Həmin filmin premyerası oktyabrın 9-da Təbrizin "Setare-Baran" kinoteatrında və oktyabrın 12-də Ərdəbilin "İnqilab" kinoteatrında keçirilmişdi.

Son 10 il ərzində İran Azərbaycanı vilayətlərində çəkilən filmlərin çoxu türkcə çəkilir və bu filmlərin sayı getdikcə artmaqdadır.

Türkcə çəkilmiş "Ev" filminin rejissoru Rza Siyami Amerikanın Səsinə müsahibədə, türk filmlərinin İranda bir janra çevrilməsi üçün sərmayə, millətin dəstəyi, iş adamların və Azərbaycan şəhərlərində dövlət məsullarının dəstəyinin gərəkdiyini qeyd etmişdi.

İran Azərbaycanının Astara şəhərində çəkilmiş "Kömür" filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif və prodüseri fransalı Etienne de Ricaudur.