Bu il fiziki şəxslərin əmanətləri ötən illə müqaisədə 2,7 faiz artıb


Digərləri 24 Okt 2019 14:31:00 304 0

Bu il fiziki şəxslərin əmanətləri ötən illə müqaisədə 2,7 faiz artıb

2019-cu ilin sentyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

Bakı. 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 mln. manat, cəmi öhdəlikləri isə 26,674.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,688.5 mln. manat olub. Bu barədə Trend Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir. Sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 mln. manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır. 2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verıb. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalıb. Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12.2% (1,259.8 mln. manat) artaraq 11,571.3 mln. manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib. İlin əvvəlindən müddətli depozitlər 86.3% (1,250.9 mln. manat) artaraq 2,700.6 mln. manata çatıb. Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4,236.4 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4,688.5 mln. manat təşkil edib.