70 yaşlı arvadına “gözü düşən” ev sahibini baltaladı


Kriminal 24 Okt 2019 14:02:00 295 0

70 yaşlı arvadına “gözü düşən” ev sahibini baltaladı

Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib. 

Hadisə bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Məlumata görə, 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək qətl törətdiyini, ən qısa zamanda bölməyə gələrək təslim olacağını söyləyib. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Hüquq-mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər. R.İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.