"InnoWeek İnnovasiya həftəsi" çərçivəsində “Eurasia Innovation Day” keçirilib FOTO


Digərləri 24 Okt 2019 12:40:00 267 0

"InnoWeek  İnnovasiya həftəsi" çərçivəsində “Eurasia Innovation Day” keçirilib  FOTO

Bu gün Heydər Əliyev Mərkəzində "InnoWeek - İnnovasiya həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Huawei" şirkətinin birgə təşkilatçılığı ilə "Eurasia İnnovation Day" adlı tədbir keçirilib.

1news.az-ın məlumatına görə, dialoq platforması rolunu oynayan tədbirdə dövlət rəsmiləri, siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri, İKT sahəsi üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

Tədbirin iştirakçıları öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Huawei" şirkətinin məhsullarını təqdim etdiyi texnoloji və innovativ məhsullarla tanış olub.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Nazir müavini bu istiqamətdə imzalanmış "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncamın əhəmiyyətini vurğulayıb. "Sərəncama əsasən, koordinasiya subyektlərində  innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub  və hesabatlılıq sistemi formalaşdırılır".

"Eyni zamanda aidiyyəti  koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir", - Elmir Vəlizadə vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün Azərbaycanın dünyanın ən iri layihələrində iştirak etdiyini bildirərək qeyd edib ki, ölkə\mizin əsas inkişaf istiqamətlərindən biri informasiya texnologiyalarının inkişafıdır:

"Son 15 ildə Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə investisiyalar qoyulub. Sənaye üsulu ilə ilk neft ölkəmizdə çıxarılıb. Bu gün Azərbaycan peykə malik olan az ölkələrdən biridir. Bu isə tək pulla deyil, həm də informasiya texnologiyalarına sistemli yanaşmanın sayəsində mümkün olub".

"Huawei" şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Vu Sai bildirib ki, vaxtında yaxşı düşünülmüş və gələcəyə hesablanmış bir xəyal nə vaxtsa gerçək olur:

"Bir neçə il əvvəl, "Huawei" şirkəti yeni bir məqsədini elan etdi: "Hər kəsə, evə və təşkilata açıq rəqəmsal texnologiya". Şirkətin qarşısında belə bir hədəf qoyması onun xəyalları, gələcəyə olan gözləntiləridir. Ancaq bu gün köhnə xəyalların gerçəkləşdiyini görürük".

Vitse-prezidentin sözlərinə görə, İKT-nin inkişafında, Rəqəmsal transformasiyada hər bir insan iştirak etməlidir:

"İndi bütün fiziki dünyanı rəqəmsal kainata köçürürük. Bu tendensiyanı dayandırmaq olmaz. Rəqəmsallıq hər bir insana, millətə, ölkəyə bərabər imkanlar verir. İrqindən, rəngindən, tarixindən, dünyagörüşündən asılı olmayaraq, vahidlər və sıfırlar aləmində hamımız ümumi bir dil tapacağıq. Rəqəmsal transformasiyada hər bir insan və hər bir ölkə iştirak etməlidir".

Vu Sai Azərbaycanın innovativ ideyalarının bəşəriyyətin inkişafına əvəzsiz töhfə verəcəyinə əminliyini ifadə edib:

"İki yüz il əvvəl gəmi bizə okeanları fəth etmək fürsəti verdi. Yüz il əvvəl daxili yanma mühərriki bizə dünyanı gəzmək imkanı verdi. Bu gün rəqəmsal texnologiya bizə xəyallarımızı genişləndirmək imkanı verir. Xəzər dənizinin nefti dünya sənayesinin mühərriki üçün yanacaqdır. Ümidvarıq ki, Azərbaycanın innovativ ideyaları dünya tədqiqatlarının mühərriki üçün yanacaq olacaq və bəşəriyyətin inkişafına əvəzsiz töhfə verəcək".

Nəzərinizə çatdıraq ki, "Eurasia Innovation Day" çərçivəsində 3 panel təşkil edilib.