"Təcili yardım gələnə qədər atam canını tapşırdı" Məşhurların son günü Məhəbbət Kazımovun oğlu FOTO


Şou-biznes 23 Okt 2019 21:59:00 416 0

"Təcili yardım gələnə qədər atam canını tapşırdı"  Məşhurların son günü  Məhəbbət Kazımovun oğlu  FOTO

Son.az xəbər verir ki, modern.az-ın "Məşhurların son günü" adlı rubrikasında budəfəki təqdimat müğənni Məhəbbət Kazımova həsr olunub.

Arayış: Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kişi kənd təsərrüfatı ilə məşğul olub, anası Südabə xanım isə evdar qadın  idi.

Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gəlib. Asəf Zeynallı adına musiqi Texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən peşəkar səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə - Türkiyə, Rusiya, İran, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.

Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olub. Həmin ansambl fəaliyyətini indi də davam etdirir....

Məhəbbət Kazımovla bağlı sualları mərhumun oğlu Rəşid Kazımov cavablandırıb.

Rəşid öncə valideynlərinin tanışlığından və evləndikləri dönəmdən danışıb:

"Atamla anam eyni rayonun insanları olub. Onların evlənməyinə vasitəçiliyi böyük əmim edib. Böyük əmimlə ana babam yaxın dost olublar. Beləcə atam anamı görüb".

Müğənninin oğlu atasının xarakterindən bəhs edərkən deyib ki, Məhəbbət Kazımov olduqca sərt adam olub.

"Atam çox sərt adam idi, amma sərt olduğu qədər də mülayim tərəfləri var idi. Atam ən çox haqsızlığa dözümrdü, haqsızlıq görəndə həddindən ziyadə əsəbləşirdi. Ailədə kimsə onun sözünün üstünə söz deyə bilməzdi. O deyirdisə belə etmək lazımdır, deməli elə etmək lazım idi. Ümumiyyətlə, qarabağlılarda belə bir qayda var ki, evin kişisi əstağfürullah, bir növ Allah hesab edilir, nə deyirsə, o olmalıdır. Düzdü, efirlərdə sərt çıxışları çox olurdu, amma ürəyi çox yumşaq idi".

Əksər hallarda sənətçilər özünü işinə o qədər həsr edir ki, ailəni ikinci plana atır. Amma Rəşid Kazımovun sözlərinə görə, atası heç vaxt belə olmayıb.

"Atam ailəsiylə çox maraqlanırdı. Biz heç vaxt icazəsiz heç nə edə bilməzdik. Hər ürəyimiz istəyən yerə gedə bilmirdik, qapıdan çölə çıxanda belə, atamızın icazəsi olmalıydı. Sənət adamlarının əksəriyyəti ailəsini efirlərə çıxarır, onları mətbuatda tanıdır. Atam belə hallara qətiyyən icazə vermirdi. Mən atam dünyasını dəyişəndən sonra müsahibə verirəm".

Efirlərdən tanıdığımız Məhəbbət Kazımov spesifik xüsusiyyətləri ilə seçilirdi. Qəlbindəki Laçın dərdi mimikalarına qədər işləmişdi...Səhnədəki sərt və ciddi duruşu istər-istəməz insanın beynində sual doğururdu: görəsən Məhəbbət müəllim ailə həyatında da səhnədə olduğu kimidir?

Oğlu Rəşid Kazımov: "Atam rol oynamağı qəti bacarmazdı. Səhnədə necə idisə, eynilə ailədə də eləydi. Elə vaxtlar olurdu ki, efirdə kiminləsə sözü çəp gəlirdi, evə gələndə təzyiqi qalxırdı. O, hər dəfə efirdə söz-söhbət yarandığı zaman evə yüksək təzyiqlə gələrdi, həmişə də üstünə təcili tibbi yardım çağırardıq. Çoxu o söz-söhbəti qəsdən salır, özünə reytinq toplamaq istəyirdi. Atam isə həqiqətən bir xasiyyətli insan idi. Məncə elə insanlar da onu belə olduğuna görə sevirdi".