BŞBPİ: Bakıda 9 ayda 8023 cinayət qeydə alınıb


Digərləri 23 Okt 2019 20:09:00 291 0

BŞBPİ: Bakıda 9 ayda 8023 cinayət qeydə alınıb

Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyətin təkmilləşməsinə hərtərəfli şərait yaratmış, yeni mərhələdə islahatların dərinləşdirilməsi müasir çağırışlara uyğun paytaxt polisinin də maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.

Sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev cari ilin 9 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 2019-cu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8023 cinayət qeydə alınıb ki, onların da 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb. İstintaqı tamalanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.

Məruzəçi bildirib ki, qarşımızda duran mühüm vəzifələr sırasında vətəndaşların ərizə və şikayətlərinə baxılması, onları qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə daxil olan müraciətlər üzrə 1390 vətəndaş qəbul edilib.