"Müxalifət"in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir?


Digərləri 23 Okt 2019 17:34:00 317 0

"Müxalifət"in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir?

19 oktyabr aksiyası üçün  məkan və zaman seçimində şübhəli məqamlar olduğunu yazmışdıq. 26 il müddətində "səbrlə"  davranan, müxalifətçiliyi inhisara alıb onun üzərində biznes quran, ara-sıra "boy göstərib" sakitləşən, rahatca ömrünü sürən  qrupla nə baş verdi ki, ildırım kimi çaxdılar,  aktivləşib 1 ay müddətində iki dəfə aksiya keçirməyə maraq göstərdilər? Rəsmi razılıq verilmiş məkanı buraxıb, sanksiyalaşdırılmamış aksiya üçün 28 May medanına axmağa, polislə açıq qarşıdurmaya gedib boyunlarını şüurlu şəkildə qoltuq altına verməyə nədən cəhd göstərdilər? Suallar çoxdur. Təhlilçilər ümumi rəyə gəlmişdilər ki, Azərbaycanın bağlı olduğu geopolitik proseslərdə, o cümlədən, Qarabağ probleminin həlli istiqamətində yürüdülən siyasətdə canlanma var. Bu proseslərdə mövqeyimizi zəiflətmək, ölkəmizin əl-qolunu bağlamaq üçün güc mərkəzlərinə bəhanə lazımdır. Həmin bəhanənin tapılması "radikallara" sifariş edilib. 

Bu ehtimalın reallığa çevrilməsi özünü çox gözlətmədi. Budur, sanki aylar öncədən yazılıb hazır saxlanılmış kimi görünən  bəyanatlar ard-arda düzülüb. "Human Rights Watch", "Freedom House",  "Nyu-York Jurnalistləri Müdafiə Komitəsi" fürsəti qaçırmadılar, beynəlxalq rəyi çaşdıran bəyanatlar verdilər. Azərbaycan polisini "aksiya iştirakçılarına divan tutmaqda" qınayıb ölkəmizin adını  növəbti dəfə qara siyahılara namizəd göstərdilər.  Amma bunlar,  QHT statuslu təşkilatlardırlar. Bəyanat verənlər sırasında Avropa İttifaqının mövqeyi diqqət çəkir. Artıq iki gündür ki, "radikallar" və onların Youtube kanalları Aİ-nin son bəyanatna köklənib  bayram edirlər.

Dünən sabiq səfir Arif Məmmədov "Osmanqizi TV"-dən "müjdə verdi" ki, niyyətlərinə çatıblar: "artıq Human Rights Watch və Avropa sosial demokratları Avropa İttifaqına müraciət edərək, Azərbaycanla aparılan "Strateji saziş" danışıqlarını dayandırmağa çağırıblar". Məmmədov  hesab edir ki, "Avropa İttifaqının bəyanat yayması,  Aİ-nin  ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi  Mariya Kosyançiçin  Azərbaycan hakimiyyətinə müraciət edərək  19 oktyabrda saxlanılan  insanların məsələsini araşdırmağa çağırması, Aİ ilə Azərbaycan arasında aparılan "strateji saziş" danışıqlarının dondurulacağı yolunda ilk addımdır".  Həm Arif Məmmədov, həm də Osmanqızı işin bu həddə çatmasında maraqlı olduqlarını, "ilk addımdan" sevinc duyduqlarını gizlətmirlər.

Amma niyə? Avropa İttifaqı ilə bağlanılması gözlənilən saziş təkcə Azərbaycan hakimiyyətinin deyil,  həm də xalqın, yəni, ümumilikdə ölkənin, dövlətin marağındadır. Sazişin imzalanması yönündə danışıqlara mane olmaqla, "radikallar" kimin marağına qarşı çıxırlar?  Və ya, sualın əksi: onlara belə  maneə yaratmağı kim sifariş edib? 

"Radikallar" hələ aprel may aylarında ciddi şəkildə sazişə qarşı çıxmışdılar

Yəqin ki, özünü "Demokratik qüvvələrin Milli Şurası" elan etmiş qurumla "Real" Partiyası arasında bir neçə ay öncə yaşanmış gərginlik hər kəsin yadındadır. Səbəb, Azərbaycanın  Avropa İttifaqı ilə imzalamalı olduğu "Strateji saziş"ə yönəlik münasibət idi.  Müxalifət partiyaları arasında "Strateji saziş"in  imzalanmasına dəstək  verib-verməməklə bağlı fikir ayrılığı yaranmışdı. Avropa Parlamenti tövsiyyə etmişdi  ki, Azərbaycan  "Strateji saziş"in izalanması üçün ölkədə "Avropa dəyərləri"nin tətbiq edilməsi  yolunda addımlarını sürətləndirməlidir. Əks təqdirdə, Aİ bu sazişi imzalamaqdan imtina edə bilər. Azərbaycan tərəfi isə "Avropa dəyərlərinin tətbiqi yolunda addımları" xalqın rifah halının yüksəldilməsi kontekstində fasiləsiz olaraq atdığını,  bunun üçün məcburiyyət motivli şərtlər qoyulmasına zərurət olmadığını bildirmişdi.  İsbatı olaraq 2019-cu ilin ilk üç ayı ərzində  icra edilən islahatlar paketini, humanitar aksiyaları nümunə göstərmişdi.  Göstərilən arqument qarşı tərəfdən qəbul edilmişdi.

Aİ rəhbərliyi  Azərbaycan tərəfindən irəli sürülən  arqumentləri təsadüfən qəbul etməyib, bunun üçün ictimai rəyi  öyrənmişdi. Müxtəlif icmalarla keçirilən sorğularda Azərbaycan ictimai mühitinin təmsilçiləri "Strateji saziş"in imzalanmasının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib, Azərbaycandakı durumun bu sazişin imzalanması üçün adekvat olduğunu əsaslandırmışdılar. Yalnız, "radikallardan" başqa. Rəyi soruşulanlar sırasında, təbii ki, müxalifət təmsilçiləri, o cümlədən, "radikal düşərgə" nümayəndələri də var idi.  "Real" Partiyasının sədri İlqar Məmmədovun ölkədəki son islahatlar dalğasını  əsas tutaraq, sazişin imzalanmasının tərəfdar olduğunu bildirməsi isə  onu və partiyasını radikal düşüncəli  əqidədaşlarının hədəfinə çevrmişdi. İlqar Məmmədovun mövqeyi belə idi ki, özündə Avropa dəyərlərini ehtiva edən indiki islahatlar paketi  əsas tutularaq, "Strateji saziş" birinci mərhələdə imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. Əgər Azərbaycan hakimiyyəti ikinci mərhələdə  təsdiqlənməyə qədər islahatlar prosesini  davam etdirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Milli Şura  isə təkid edir ki, öncə islahatlar paketi tam gerçəkləşdirilməli, bundan sonra sazişin imzalanmasına razılıq ifadə edilməlidir.  2019-cu ilin ilk yarısında aparılan bu mübarizə Azərbaycan hakimiyyətinin qələbəsi ilə tamamlanmışdı. Yəni "Strateji saziş"in imzalanması üçün danışıqların davam etdirilməsinə qərar verilmiş, imzalanma tarixi  prinsipial olaraq razılaşdırılmışdı. Prezident İlham Əliyevin may ayında Brüsselə səfəri, Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr edilmiş Zirvə toplantısına qatılması, onun  Brüsseldə yüksək səviyyədə, isti qarşılanması, nümayişkəranə şəkildə digər ölkələrin prezidentlərindən fərqləndirilməsi hər şeyin normal getdiyinə, sazişin imzalanacağına ümidləri artırmışdı.  Bundan bir ay sonra, iyun ayında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri,  Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşlər keçirməsi, yekunda "Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir" bəyanatını verməsi, Azərbaycan tərəfini sevindirmiş,  təbii ki, erməni şəbəkəsini də ciddi şəkildə narahat etmişdi.