AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub


Digərləri 23 Okt 2019 15:06:00 328 0

AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AZƏRTAC və Malayziyanın Bernama milli informasiya agentliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. 

Son.az xəbər verir ki, Bakıda səfərdə olan Bernama agentliyinin beynəlxalq informasiya departamentinin redaktoru Racminakan Raviçandran AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb. 

Danışıqlar ikitərəfli əməkdaşlıq, beynəlxalq informasiya təşkilatlarında qarşılıqlı əlaqə, müasir mediadakı trendlərin agentliklərin fəaliyyətinə təsirləri kimi mövzuları əhatə edib. İki agentlik əməkdaşlıq haqqında sazişi 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində imzalayıblar. Bernama AZƏRTAC-ın hazırda sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvüdür. Bu agentliklərin OANA çərçivəsində əməkdaşlıq əlaqələri 2004-cü ildən başlayır. 

Görüşdə, həmçinin multimedia məhsulları və xəbər istehsalı, sosial şəbəkələrin agentliklərin fəaliyyətinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, videoxəbər müasir dövrdə önəmli informasiya növü olmaqla sosial şəbəkələr vasitəsilə sürətlə yayılaraq böyük auditoriya toplayır. AZƏRTAC da bu sahəyə böyük diqqət ayırır. Multimedia məhsullarının istehsalına 2011-ci ildə başlayan agentlik hazırda öz veb-resursları və sosial şəbəkələr vasitəsilə 5 dildə videoxəbər yayır. Bernama agentliyi videoxəbər istehsalı və satışı hesabına yeni müştərilər cəlb etmək niyyətindədir. Racminakan Raviçandran AZƏRTAC-ın bu sahədəki təcrübəsi ilə maraqlanıb.  Danışıqlar zamanı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə Görüşünün işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, AZƏRTAC və Bernama bu önəmli tədbirdən xəbərlərin hazırlanması və yayılmasına ciddi hazırlaşıb.