Hacı İsmayılov: "Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağızağıza verib, qanqaraçılıq yaradır"


Kriminal 23 Okt 2019 13:58:00 308 0

Hacı İsmayılov: "Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağızağıza verib, qanqaraçılıq yaradır"

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib. Xalq artisti konfransda özünü görmədiyini və Azərbaycan Teatr Xadimləri İttifaqının yenidən sədri seçilmiş Azərpaşa Nemətin ünvanına kəskin şəkildə ittihamlar irəli sürüb. Xalq artistinin bu çıxışı müzakirə predmetinə çevrilib.

Həmin konfransda iştirak edən Xalq artisti Hacı İsmayılov isə oxu.az-ın əməkdaşı ilə söhbətində yaşanan qalmaqallı hadisənin bir çox pərdəarxası məqamlarını gün üzünə çıxardıb.

O, həmkarının bu hərəkətini ona yaraşdırmadığını bildirib:

"Teatr Xadimləri İttifaqının konfransı keçirildi. Xalq artisti Afaq Bəşirqızı da bizlə bərabər konfransda iştirak etdi. Təəssüf ki, o, sona kimi qalmadı, yarıda konfransı tərk etdi. Afaq xanım yetərincə məşhur və sevilən aktrisadır. O sənətkardır. Başa düşə bilmirəm, hansı səbəblərə görə Afaq xanım ittifaqa qarşı sərt mövqe nümayiş etdirir. O, teatr xadimləri ilə çox yaxın münasibətdə olub. İki dəfə Bəşirqızı Teatr İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb. Onun ittifaqı bu cür aşağılaması heç kəsin ürəyincə deyil. Anlamıram, axı teatr xadimləri Afaq Bəşirqızına nə pislik ediblər? 60 yaşı tamam olanda Teatr İttifaqının təsis etdiyi "sənətkar medalı" ilə təltif olunub. Sonradan o, ittifaq tərəfindən keçirilən çoxsaylı tədbirlərinə qatılmadı. Hətta dəfələrlə dəvətnamə yollasaq da, Afaq xanım tədbirlərdə iştirak etmədi. Əvvəla o aktrisadır, musiqili teatrda işləyir, gözəl tamaşaları var. Mən onunla bir çox televiziya layihələrində birlikdə çəkilmişik. Başa düşə bilmirəm ki, o niyə belə bir mövqedədir. Onun ifadələrində həqiqət olmayan məsələlər çoxdur. Həddindən artıq çoxdur.

Afaq xanım bilmiyə-bilmiyə deyir ki, Teatr Xadimləri İttifaqı 10-15 nəfərlə öz aralarında xatirə gecəsi keçirir. Bu əsla belə deyil. 2014-cü ildən 2019-cu ilə kimi Teatr Xadimləri İttifaqı nə az, nə çox düz 87 tədbir keçirib. Bu tədbirləri isə Akademik Milli Dram Teatrı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi keçirib. Sözügedən tədbirlər Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti, C.Cəbbarlı adına Teatr Muzeyi, bundan savayı Bakı Şəhər Mədəniyyət vəTurizm Baş İdarəsinin nəzlində olan Suraxanıda yerləşən Heydər Əliyev adına mərkəzdə baş tutub. Afaq xanımın "ittifaq heç bir şey etmir" deməsi digər qurumlara da hörmətsizlikdir. İstəməzdim ki, Afaq Bəşirqızı bu cür müxalif yönümlü çıxışlar etsin. Başa düşə bilmirəm ki, Afaq xanım nə istəyir".

"Afaq xanımla konfransda görüşüb, nələrin baş verdiyini ondan xəbər ala bildiniz?" sualına isə H.İsmayılovun reaksiyası birmənalı olmayıb:

"Konfransda onunla görüşdüm. Salamlaşdım vəssalam. Baş verənlərlə bağlı söhbətimiz olmadı. Gəldi, çıxışları dinlədi, sonra gördüm ki, Afaq xanım zalı tərk edib".

A.Bəşirqızının müsahibəsində ittifaqla bağlı irəli sürdüyü daha bir ittiham isə qurumun nəznində əvvələr fəaliyyət göstərən, daha sonra dağılan və hələ də bərpa edilməyən aktyorların geyimlərini tikib ərsəyə gətirən sexlər olub. Bu sexlərin olmaması və geyimlərin məcburən Gürcüstandan alınmasına Hacı İsmayılov öncə etirazını bildirin, daha sonra isə A.Bəşirqızının sözlərini yalanlayıb:

"Vaxtı ilə Şəmsi Bədəlbəylinin, Mehdi Məmmədovun dövründə Teatr Xadimləri İttifaqında sexlər olub. Həmin sexlərdə aktyorlar üçün paltarlar, ayaqqabılar və digər geyim aksesuarları tikilib. O vaxt onlar dağılıb gedib. Onun indiki Teatr Xadimlərinin İttifaqına heç bir dəxli yoxdur. Onu indiki ittifaqın sədrinin ayağına yazmaq insafsızlıqdır, heç də yaxşı şey deyil. Biz Gürcüstandan heç nə almırıq, o özü bunu deyir. Bizə lazım olan ayaqqabılar şəhərdə mağazalarda var, oradan alıb istifadə edirik. Gürcüstana isə ayaqqabı almaq üçün getməyin lüzumu yoxdur".

Haci İsmayılov redaksiyamızın əməkdaşı ilə söhbətində sənət yoldaşının ittifaqın sədri Azərpaşa Nemətə qarşı səsləndirdiyi bir çox fikirlərin cəfəngiyyat olduğunu və həqiqəti əks etdirmədiyini, Afaq xanımın "sədrlik kürsüsünə" göz dikdiyini açıq şəkildə dilə gətirib:

"Azərpaşa Nəmətə qarşı Afaq Bəşirqızının dilə gətirdiyi ittihamlar qərəzli və qeyri-obyektivdir. Yanaşma düz deyil. O, axı bununla nə demək istəyir? Nə sübüt etməyə çalışır? Azərpaşa tanınmış rejissordur, Xalq artistidir, professordur. Afaq xanım tənqid etməyi bəs deyil, hələ üstəlik təhqirə də yol açıb. Bu kimi şeylər bir ziyalıya, bir incəsənət xadiminə yaraşmır. Hesab edirəm ki, gərək o, bu cür sözləri ağzına almayaydı. Onunla Teatr Xadimləri İttifaqı arasında münaqişə olmayıb. Son zamanlar kimsə Afaq xanımın qulağını doldurub, onu öyrədib, kimin təklifidir, nə istəyir anlamaq olmur. Yəqin öncə konfransın olacağından xəbər tutub, ola bilsin, özünü alternativ namizəd kimi göstərmək istəyirdi. Bəlkə sədrlik kürsüsünə əyləşmək ürəyindən keçirdi. Deyir ki, mənim öz konsepsiyam var. Konsepsiya sözü yaxşı sözdür, yaxşı ifadədir. Bir dialektiv, bir də metofiziki konsepsiya var. Bilmirəm, Afaq xanım bilir, ya bilmir, konsepsiya hər hansısa hadisəyə fərqli baxışlar sistemidir. Bizim ittifaqın nizamnaməsi dialektiv konsepsiya üzərində yazılıb. Hər şey öncədən ölçülüb, hüquqşünaslar oxuyub, qiymət verib və təsdiq edib. Biz bütün hərəkətlərimizi o nizamnaməyə uyğun qurmuşuq. İttifaqın üzvünün də, sədrinin də və bütün əməkdaşlar da nizamnaməyə uyğum hərəkətlərimizi icra edirik".