Qurban Qurbanov: "Həddindən artıq istəkli olmalıyıq"


İdman 23 Okt 2019 13:28:00 367 0

Qurban Qurbanov: "Həddindən artıq istəkli olmalıyıq"

Qarabağ Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah Bakıda APOEL-i qəbul edəcək.

Goal.az xəbər verir ki, Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı görüşdür. Hamımız qələbə gözləyirik. Lakin əsas məsələ öz futbolumuzu sərgiləməkdir".

- Mahir Emreli və Xayme Romeronun durumu necədir? Araz Abdullayev 18-likdə olacaqmı?

- Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların 18-likdə olmaq ehtimalları çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz da böyük ehtimalla 18-likdə olacaq.

- Avqustda qarşılaşdığınız APOEL ilə indiki komanda arasında nə kimi fərqlər var?

- O vaxt yeni baş məşqçi gəlmişdi. Komanda istəkli idi və hansı oyun üslubunda oynayacaqlarını bilmirdik. Ancaq indi daha çox bir yerdədirlər, daha təcrübəli olublar. Hər bir çətinliyiə hazır olmalıyıq.

- Qarabağ-ın qrupdan çıxma şansı nə qədərdir?

- Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir bildirmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm Qarabağ, həm də APOEL üçün çətin olacaq. Həddindən artıq istəkli olmalıyıq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar.

- Eyni komanda ilə Avrokubokda bir mövsümdə üçüncü dəfə qarşılaşmaq nə dərəcədə çətindir?

- Psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün asan olmayacaq. Hər iki komanda bir-birini daha yaxından tanıyır, yaxşı analiz edə bilər. Həddən artıq istəkli olmalıyıq. Üstünlüyü bunda axtarmalıyıq. Oyun üslubumuzu yaxşılaşdırmalı və istəyimizi də artırmalıyıq. Çempionatda bir rəqibə qarşı eyni mövsümdə 4 dəfə qarşılaşırıq. Məcburuq ki, bu dəfə daha ciddi yanaşaq.