Bu şou iflas deyilsə, bəs nədir?


Siyasət 22 Okt 2019 16:15:00 386 0

Bu şou iflas deyilsə, bəs nədir?

Sosial şəbəkələrdə əvvəlcədən hazırlanmış ssenari üzrə oyun gedir. Bu məkrli oyunun hədəfi isə Azərbaycandır.

Təxribatlar, yalanlar, feyk xəbərlər, əsəblərin tarıma çəkilməsinə hesablanmış görüntülər, çağırışlar, şüarlar... Aktyorlar və sifarişçi dəyişməyib.

Mayın 26-da Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinə seçkilər günü minlərlə etirazçı aksiya keçirmişdilər. Bu aksiyada barrikadalar quran və polisi daşlayan yüzlərlə belçikalı tutulmuşdu.

Həmina aksiyada çəkilmiş foto indi Facebook-da və İnstagram-da paylaşılır, "oktyabrın 19-da Bakının mərkəzində polis vəhşiliyinin görüntüsü" kimi qələmə verirlər.

Bu saxta xəbəri yayanların məqsədi bəlli: Azərbaycan polisini barbar, vəhşi, qaniçən kimi qələmə vermək və vətəndaşlarda hüquq-mühafizə orqanlarına inamsızlıq yaratmaq.

Lakin bəhs etdiyim iyrənc və primitiv əməli edənlər unudurlar ki, feyk, yəni saxta xəbərin bir məqsədi olsa da, belə saxtakarlıq mütləq ifşa olunur və sonucda, saxtalıq məqsədin əksinə effekt verir.

Ölkə vətəndaşlarını xəbər cahili sayanlar əslində dövlətimizi də zəif bilirlər.

Oktyabrın 19-da Bakının mərkəzində keçirilən qanunsuz aksiyanın, yəni sanksiyalaşdırılmamış mitinqin də hədəfi elə bu idi.

Əslinə baxsaq, müxalifət partiyaları niyə mitinq keçirirlər? Siyasətin klassik açmalarına görə, mitinq və yürüşlər siyasi partiyalar üçün mövqeni izhar etmək, nə istədiyini və kimdən istədiyini xalqa çatdırmaqdır. Bundan başqa, istənilən siyasi partiya üçün mitinq həm də kütlə arasında nüfuz və təsir imkanlarının göstərilməsidir.

AXCP sədri və həm də bloqer Əli Kərimli də diqqəti özünə çəkərək, hakimiyyətə təzyiq göstərməyə çalışdı.

"Milli Şura" adlı marionet qurum da guya oktyabrın 19-da şəhərin mərkəzində, Bakı metropoliteninin "28 May" stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulmuş qanunsuz aksiyanın təşkilatçısı idi.

Əslindəsə ssenari müəlliflərinin Azərbaycandan çox kənarda, birbaşa və bilavasitə aktyorun isə Ə.Kərimli olduğu bu şou mütləq baş tutmalıydı.

Qərbdən əmr belə alınmışdı və icraçılar da qollarını çirmələyib işə başlamışdılar.

Ə.Kərimli əla bilirdi ki, isterik bəyanatlarına və nikbin açıqlamalarına rəğmən, qanunsuz aksiyaya bəyan etdyi, arzuladığı qədər adam qatılmayacaq.

Meydan tərəfə yeriyənlərin sayı ən uzağı 1000 nəfər olacaq.

Bu səbəbdən də mütləq şəkildə qarşıdurmaya, nəyin bahasına olursa-olsun polislə toqquşmaya can atan, polisi təxribata çəkilməsi üçün əlindən gələni edəcəyinə şübhə etməyən Ə.Kərimli tərəfdarlarına çağırışda bulundu. Ki, aksiya zamanı mümkün qədər çox fotolar və videoçəkilişlər olsun, sosial şəbəkələrdə paylaşılsın.

Aksiya günü Əli Kərimli oyunun ilkin mərhələsinə yaşadığı binadan çıxarkən başlamışdı. Var gücü ilə qışqıran, "dəhşətli istibdada və zülmə üsyan edən" obrazına girməyə çalışan adam həm də müxalifətin vahid lideri imicinə yiyələnməyə can atırdı.

Qarşısındakı onlarla bloqer və jurnalistlərə aramsız olaraq nələrisə deyən, bu zaman da "28 May" metrostansiyasına tərəf addımlayan Ə.Kərimli nə zaman saxlanacağını gözləyirdi.

Onun oyunu da məhz həmin ana hesablanmışdı.

Nəhayət, Ə.Kərimli saxlanıldı və bu anı jurnalistlərlə bloqerlər çəkdilər.

Ə.Kərimli istədiyinə çatdı.

O, az sonra buraxıldı və oyunun ikinci hissəsi başlandı.

Bu dəfə Ə.Kərimlinin ikinci, arxa plana keçirildiyi mərkəzdə əsas rol xaricdəki "bloqer"lərlə "müstəqil jurnalist"lərə həvalə olunmuşdu. Onlar, qanunsuz aksiyanın qarşısını alan polislərin fotolarını paylaşaraq "Polis xalqa divan tutdu!" tipli həyasız yalanları tirajlamağa başladılar.

Məqsəd sosial şəbəkə istifadəçilərində polisə nifrət yaratmaqdı və açığını desək, bivec icraçılar istəklərinə çatmadılar.

Belədə sonuncu varianta əl atıldı və Əli Kərimlinin "6 tikiş qoyulmuş başı"nın fotoları yayıldı.

Səhiyyə sistemində çalışanlar, həkimlər, ən başlıcası isə azyaşlı övladları olan analar əla bilirlər: uşaq həyətdə oynayanda, yıxılanda, bir yeri zədələnəndə, dərisi çapılanda kiçi xəsarətə 7-8 tikiş qoyulur.

Əli Kərimli mağmın vəziyyətdəki fotosunu yaymaqla pərəstiş obyekti olmaq istədi və bir daha sübut etdi ki, o, normal siyasətçi deyil, müasir siyasətin elementar tələblərindən bixəbərdir.

Xalqı arxasınca aparmaq istəyən siyasətçi başı tənzifli və ya sarıqlı vəziyyətdə ortaya çıxıb şikayətlənmir. 

Və ən nəhayət, özünü lider sayan şəxs rəhbərlik etdiyi partiyanın nüfuzunu ölkə paytaxtında göstərmir. Tam əksinə, əyalətlərdə güclənir, mümkün qədər çox tərəfdar toplayır, sonra paytaxta doğru hərəkət edir.

Məsələn, 20-ci əsrin ikinci yarısında Parisdə məşhur "qırmızı qurşaq" vardı. Fransa payxatının həndəvərlərinin sakinləri yoxsulların yaşadıqları məkanlardı və o məkanlar sosial-demokratların yox, kommunistlərin "alınmaz qala"larına çevrilmişdi.

Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) da həkimiyyətə zəfər yürüşünə əyalətlərdən başlamışdı.  Əyalətlərdə protest elektoratının səfərbər olunması elə siyasi mübarizənin əfzəl qaydası sayılır.

Bunun əvəzində Əli Kərimli daha "asan yol"a üstünlük verdi, şəhər mərkəzində polislə toqquşmanı, iğişaşı və qarmaşalığı seçdi.

Əli Kərimli mənə fransız fermer Joze Boveni xatırladır. Fransanın Talans bölgəsində doğulan, 2009-2019-cu illərdə Avropa Parlamentinin üzvü olan fermer 19 il əvvəl antiqlobalizmin canlı simvollarından biri idi. Nüvə sınaqlarının keçirilməsinə etiraz edən Bove ən müxtəlif aksiyalar keçirir, inşası başa çatmamış McDonalds restoranını traktoru ilə dağıdırdı hətta. 2000-ci ildə, antiqlobalizm hərəkatı Qərb ölkələrindəki intellektuallar üçün dəbli mövzu olanda Bove məşhur Davos Forumuna dəvət olunmuşdu.

Lakin Bove foruma normal qaydada qatılmaq və qloballaşma barədə danışmaq əvəzinə təxminən 150 tərəfdarı ilə birlikdə İsveçrədəki dağ kurortundakı otelə, forumun keçirildiyi məkana "hücum yürüşü" etdi. Polislər havaya atəş açmalı oldular, toqquşma yaşandı, Bove saxlandı, çıxış baş tutmadı.

Bove üçün mərəkə sonra başlandı. Jurnalistlər soruşdular ki, Davosa hücum çəkmək nəyə gərəkdi? Foruma dəvət almış Bove iştirakçılar qarşısında çıxış etmək şansını niyə dəyərləndirmədi? Bəlkə onun mahiyyət etibarilə deməyə sözü yoxdu, polislə dava isə diqqəti özünə çəkmək üçün yeganə vasitə idi.

Davosdakı dava-dalaşdan, Bovenin qanunsuz aksiya keçirmək cəhdindən sonra antiqlobalistlərin hərəkatı zəifləməyə başlandı.

Əli Kərimli də eynən fermer Bove kimi məhz diqqəti özünə cəlb etmək üçün çalışmışdı.

Bakının mərkəzindəki aksiya "Milli Şura" adlı marionet qurumla yanaşı, Əli Kərmilinin də fiaskosu oldu.

Çünki 19 ildən bəri AXCP sədri olan Əli Kərimli şablon şüurunu, çərçivəli fəaliyyət taktikasını dəyişmək istəmir.

Qərbdəki ağaların bütün səylərinə rəğmən, Ə.Kərimli bu dəfə də onların ümidlərini dorğrultmadı.

Siyasi iflas bu deyilsə, bəs nədir?

Elçin Alıoğlu Son.az