Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır


Digərləri 21 Okt 2019 17:26:00 235 0

Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

Ölkəmiz əlehinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb və daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər

Bakı. İcazəsiz keçirilən küçə yürüşü, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar edilməsi kimi bəzi radikal müxalif qüvvələrin təxribat addımlarının Prezident İlham Əliyevin Soçidə Valday Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı verdiyi sərt bəyanatlardan, Türk Şurasının möhtəşəm zirvə toplantısında verdiyi önəmli məsajlardan, cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf etməsi əslində təsadüf kimi görünmür. Bunu Trend-ə Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Deputatın sözlərinə görə, Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əlehinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb və daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər: "Siyasi düşüncələrimizdən asılı olmayaraq, bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Hər bir azərbaycanlı düşmənin dəyirmanına su tökən addımlardan uzaq olmalıdır. Mitinq, piket və yürüşü icazə verilən yerlərdə keçirə bilərdilər. Şəhər mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil. Təəssüf... Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə, onların daxildəki tərəfdarları bu kimi addımlarla heç nəyə nail ola bilməzlər. Allah Azərbaycanımızı qorusun hər zaman!". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin