"Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir"


Kriminal 21 Okt 2019 07:55:00 252 0

"Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir"

BMT və NATO-nın iqamətgahında fərdi sərgisi keçirilən ilk azərbaycanlı rəssam

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla çoxdan tanışıq. Amma Əşrəf bəy bu dəfə mənimlə ilk dəfə harada görüşdüyünü çətin xatırladı. Bundan mütəəssir olmadım. Çünki o, qırx ilə yaxındı Bakıdan uzaqlarda yaşayır və təbii ki, o qədər insanlarla oturub-durub ki... Əşrəf Heybətov müasir təsviri sənətimizin ən istedadlı nümayəndələrindəndir. O, uzun illər Rusiyada və Almaniyada yaşasa da, əsərlərinin başlıca mövzusu Azərbaycanın gözəl guşələri, Abşeronun sağlamlıq mənbəyi olan qumlu sahilləri, bu torpağın insanlarının mənəvi dünyası, vətənin yaxın tarixi ilə bağlıdır. Əsərləri qırxdan çox ölkədə sərgilənib. O, YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə kuratorudur. 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif olunub. Ə. Heybətov 2001-ci ildə Azərbaycanın Əməkdar rəssamı, ötən il isə Xalq rəssamı adına layiq görülüb. Həmyerlimiz hazırda Bakıdadır. Onunla telefonla əlaqə saxladıq və bizi evinə dəvət etdi.

- Əşrəf bəy, xeyli vaxtdır buradasınız. Budəfəki gəlişinizin başqa məqsədi var, yoxsa yenə gəzməyə, dincəlməyə gəlibsiniz?

- Çalışıram ki, hər il yazda və payızda Bakıya gəlim. Budəfəki gəlişim, əsasən 11-ci Beynəlxalq Humanitar Forumla bağlıdır. Həmin tədbirə dəvətli idim. Sonra 43-cü Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmişəm. Məlumat üçün deyim ki, həmin forum üçün çap olunmuş almanaxın üz qabığında mənim əsərim verilib. Sonra da Şəkiyə getdim. Əvvəllər də Şəkidə olmuşdum. Belə ki, 33 üç il əvvəl Şəki rayonu ərazisində sifarişlə 25 mənzərə işləmişdim. O əsərlər Yuxarı Karvansarada asılıb. Ancaq bəziləri müxtəlif təsirlərdən aşınmışdı. Həmin tabloların bəzisini bərpa elədim və daha 10 əsər işləyib Heydər Əliyev Mərkəzində sərgi açdım. Avqustda isə Şüvəlanda, bağda 30 kvadratmetrlik ərazidə panomozaika işləmişəm. Şamaxı şəhərində sənətsevərlərlə görüşüm oldu və əsərlərimin sərgisi keçirildi. Keçən illərdə Naxçıvanda, Masallıda, Zaqatalada, Xızıda sərgilərim olub. Bu sərgilərdən maddi qazancımız olmasa da, mənəvi qazancımız çox olur. Hər şeydən əvvəl, bu sərgilər mənə yeni ruh, enerji və yeni mövzular verir. Vətənimi daha yaxşı tanıyıram. Eyni zamanda Azərbaycanın mənzərələrini çəkir, xarici ölkələrdə sərgiləyirəm. Mənə görə, Azərbaycan İsveçrədən də gözəldir.   -  Siz Bakıdan gedəndən sonra on beş il Moskvada yaşayıbsınız. Səhv etmirəmsə, artıq iyirmi üç ildir Almaniyadasınız. Bu səbəbdən sizi respublikamızda əsasən sənət adamları, xüsusilə rəssamlar tanıyırlar. Buna görə də, istərdik ki, əvvəlcə oxuculara özünüz haqda məlumat verəsiniz.

- Bakıda doğulmuşam. İlk evimiz İçərişəhərdə olub. Sonralar o yerdə Milli Ensiklopediya üçün bina tikdilər. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. Amma rəssamlığa olan həvəsim universitet təhsilimi yarımçıq qoyub. Tələbəlikdə tez-tez görkəmli fırça ustası Mikayıl Abdullayevin emalatxanasına gedərdim. İkinci kursdan çıxıb Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olundum. 1980-ci ildə Moskvada Yay Olimpiya Oyunları keçiriləcəkdi. Olimpiadaya hazırlıqla əlaqədar Moskvada Gənclərin Beynəlxalq Moda Mərkəzində bir əsər işlədim. Əsəri yüksək qiymətləndirdilər. Elə o vaxtdan Moskvada qalıb yaşadım, Rəssamlar İttifaqının üzvü oldum və emalatxana aldım. Moskva illərində çoxlu sərgilərdə uğurlu çıxışlarıma görə, 1991-ci ildə mənə Azərbaycanın Əməkdar rəssamı adı verdilər. İlk fərdi sərgim Moskva Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. O zaman indiki Prezidentimiz İlham Əliyev həmin institutda dərs deyirdi. Sərgim də onun köməyi ilə baş tutub. 1995-ci ildə ailəmlə Almaniyaya köçdüm.    - Almaniyaya gedişiniz necə oldu?

- Sovetlər dövründə iki-üç dəfə Almaniyada sərgilərimiz olmuşdu. O vaxtlar SSRİ-də "perestroyka" dövrü idi. Siyasi və sosial problemlər çox idi, aləm qatışmışdı bir-birinə. Mənim xanımım iqtisadçı alimdir.  Getdik, bizə ev verdilər, kömək etdilər. Çətinlikdən qurtardıq.  Koblents şəhərində yaşayırıq. Ora kurort şəhəridir. Təbii ki, həmin şəhərə gələndə məni tanımırdılar. Bir dəfə şəhər üçün divar üzərində 450 kvadratmetr olan tablo işlədim. Bu iş altı ay çəkdi. Yəqin bilirsiniz ki, Almaniya 16 torpağa bölünüb. Biz Rayland-Pfalzin torpağında yaşayırıq. Divar üzərində işlədiyim əsərə də "Rayland-Pfalzin sinfoniyası" adı vermişdim. O işimdən sonra həmin şəhərdə məni rəssam-monumentalist kimi tanımağa başladılar. Almaniyada ilk fərdi sərgim 1993-cü ildə Kölndə - Türk Kültür Mərkəzində təşkil olunub.   - Orada azərbaycanlı sənət adamlarından kimlər var, kimlərlə dostluq edirsiniz?

- Mənim çox yaxın dostum İsaq Dəvəlidi. O, istedadlı rejissor, aktyor və ozandır. Vətənpərvər insandır. Sonra sənətşünas Samirə xanım İsmayılova. Bariton səsli opera müğənnisi Elxan Ağaquliyev. Bu yaxınlarda xərçəng xəstəliyindən vəfat edən rəssam Gündüz Əlizadə ilə yaxın dost idik.   - Emalatxananız ürəyinizcədir?

- Bəli. Emalatxanam genişdir, işləmək üçün rahatlıq var. Oranı Azərbaycan mədəniyyəti mərkəzi də saymaq olar. Çünki emalatxananın divarlarında Azərbaycanla bağlı əsərlərlə yanaşı, vətənimizə aid zəngin kolleksiya da yaratmışam. Azərbaycanın xəritəsi, bayrağı, gözəl mənzərələri, suvenirləri bəzəyir oranı. Gələn qonaq özünü bir anlığa Azərbaycandakı kimi hiss edir. Qonaqlarım olanda, onlara Azərbaycan haqqında söhbət açır, ölkəmizə aid hədiyyələr, kitablar bağışlayıram. 2006-cı ildə mən Mədəniyyət Xadimlərinin Avropa Assosiasiyası təşkil etmişəm və həmin quruma azərbaycanlı sənət adamları da daxildir.    - Bəs Azərbaycanın Almaniyadakı diasporunun üzvü kimi nə kimi işlər görürsünüz?

- Bizim əsas işimiz orada Azərbaycanı tanıtmaq, tariximizi, mədəniyyətimizi, iqtisadiyyatımızı təbliğ etməkdi. Bu məqsədlə də müxtəlif sərgilər, görüşlər, müzakirələr keçiririk. Qeyd edim ki, Bakıda keçirilən Dünya Azərbaycanlılarının hər iki Konqresində iştirak etmişəm. İşimizin yaxşı səmərə verməsi üçün bu tədbirlərdə bizə lazımi istiqamət verilib.   - Sizin Azərbaycanla bağlı əsərləriniz çoxdur. Həmin tablolarda, qrafik əsərlərdə yurdumuzun gözəl yerləri, milli-mənəvi dəyərlərimiz, bayramlarımız, tanınmış insanlarımız, xüsusilə Bakının çoxsaylı tarixi məkanları, muğamımızın insanda yaratdığı ovqat və sair öz əksini tapıb. Bu əsərlərdə bütövlükdə Azərbaycanımızın keçmişi, bu günü, eyni zamanda insanlarımızın mənəvi dünyası əksini tapıb. Bu, sizin vətəndən uzaqlarda - Avropanın göbəyində də vətənlə nəfəs aldığınızı sübut edir. Ancaq biz sizin yaxın tarixi keçmişdə xalqımızın müstəqillik uğrunda mübarizəsini əks etdirən və bu yolda başımıza gətirilən fəlakətlərlə bağlı əsərləriniz olduğunu da bilirik. Yaxşı olar ki, bu barədə məlumat alaq.

- 2016-cı ildə Taleh Heydərovun köməkliyi ilə Berlinin məşhur Şults qalereyasında  Xocalı faciəsi ilə bağlı 25 əsərim və üç metrlik pannom sərgiləndi. Bu ilin fevral ayında məni Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət etdilər. O mərkəzin rəhbəri Nigar xanım Qasımovadır. Nigar xanımın təşəbbüsü ilə həmin mərkəzdə Xocalı ilə bağlı geniş bir sərgi açdıq. Həmin əsərlərim hələ də oradadır.   - Sizin 20 yanvar faciəsi ilə bağlı da əsəriniz var. Həmin panno sənətçilərlə yanaşı, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.