38 yaşında professor olan millət vəkili Keçmişdəki mən FOTO


Digərləri 21 Okt 2019 06:30:00 288 0

38 yaşında professor olan millət vəkili  Keçmişdəki mən  FOTO

Elman Nəsirov: "Satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ziyalı ailəsində dünyaya göz açıb. Elə bir mühitdə böyüyüb ki, təhsil onun həyatında hər zaman əsas prioritet olub. Deyir ki, uşaq vaxtı həmyaşıdlarından fərqli olaraq dəcəllik etdiyinə görə yox, həddən artıq dərs oxuduğuna görə danlanırmış. Amma iş elə gətirir ki, məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilmir. Amma bu hadisə onu hədəfindən yayındırmır. Söhbət millət vəkili Elman Nəsirovdan gedir.   Söhbətimizdə ilk olaraq millət vəkilinin uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində dünyaya gələn Elman Nəsirov deyir ki, atası orta məktəbdə riyaziyyat müəllimi, anası isə üzümçülük sovxozunda aqronom işləyirmiş: "Bizim ailədə təhsilə, elmə maraq həmişə böyük olub. Ailədə 6 uşaq idik, iki qardaş, dörd bacı. Atam o vaxtkı Neft və Kimya İnstitutunda il yarım oxuduqdan sonra, sənədlərini geri götürərək Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. İki il də orada oxuduqdan sonra ürəyincə olmadığını düşünərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Mən belə mühitdə böyümüşdüm. Hamı kimi mənim də uşaqlıq illəri yaddaşımdan heç vaxt silinmir. İndiki dövrdən fərqli olaraq bizim uşaqlığımız küçələrdə keçirdi. Gün ərzində çoxlu oyunlar oynayar, bütün günü əylənərdik. Futbol oynadığıma görə həmişə şalvarımın dizləri gömgöy olurdu. Buna görə anam evdə həmişə məni danlayırdı".

"Gördüyü mənzərə anamı çox kövrəldib"

Millət vəkili uşaq illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "İndi addımbaşı böyük marketlər var, şükür ki, uşaqlar hər istədiyini ala bilir. Amma bizim vaxtımızda hər şey belə əlçatan deyildi. Kəndimizdə ZİL maşınında dondurma satırdılar. Biz o maşının siqnalını eşidən kimi arxasınca qaçırdıq. Bir dəfə maşın gələndə evə qaçıb anamdan pul istədim ki, özümə dondurma alacam. Anam da xəmir hazırlayırdı. Dedi ki, hər gün dondurma pulu istəyirsən, daha yordun bizi, boğazın da ağrıyır. Beləcə öz işinə davam etdi. Mən də çox təkid etmədən, maşının yanına qayıdıb, satıcının uşaqlara satdığı dondurmalara həsrətlə baxdım. Anam birdən əllərini yuyub maşının yanında məni gördü. Sən demə, gördüyü mənzərə onu çox kövrəldib. Buna görə mənə bir yox, iki dondurma aldı. Hətta o, illər sonra da bu hadisəni xatırlayıb kövrəlir".    E.Nəsirov deyir ki, sakit təbiətli, oxumağa meylli uşaq olduğu üçün evdə çox danlanmayıb: "Bəzən saatlarla tənlik həll edirdim, bacımgil deyirdi ki, çıx bir az hava al, biz də ev-eşiyi təmizləyək. Amma nəticə əldə etməyənədək yerimdən durmurdum. Ən çox buna görə danlanırdım. Orta məktəbə də elə Təzəkənddə getmişəm. Birinci sinifdən on birinci sinfə kimi əlaçı şagird idim, həmişə də ön sırada əyləşirdim. Şərəf lövhəsində hər zaman şəklim olduğuna görə, bu məndə vərdiş halını almışdı. Biz xüsusi ixtisas bölgüsü etmədən oxuyurduq. O vaxt repetitor anlayışı yox idi. Hər kəs imtahana özü evdə hazırlaşırdı. Mən, bibimoğlu və dayımqızı BDU-nun tarix fakültəsinə birgə hazırlaşırdıq. İmtahandan əvvəl biz bir-birimizlə xeyli sorğu-sual edirdik. Məktəbdə öyrəndiklərimiz və fərdi çalışqanlığımız hesabına ali məktəbə qəbul olurduq".    Yüksək bal toplasam da, universitetə qəbul olmadım   Orta məktəbi bitirən millət vəkili qəbul imtahanında yüksək bal toplamasına baxmayaraq, həmin il universitetə qəbul ola bilmir: "Hüquq və tarix fakültəsi arasında qərarsız qalmışdım. İş elə gətirdi ki, Əfqanıstanda xidmət edən gənclər konkursdan kənar qəbul edildi. Həmçinin, iş stajı olanlar da asanlıqla universitetə qəbul olurdu. Bizim kimi abituriyentlərin universitetə qəbul olması çox çətin idi. Mən çox yüksək bal toplasam da, qəbul olmadım və  hərbi xidmətə yollandım".   Həmsöhbətim hərbi xidmət illərini Moskvada keçirib: "Tikinti batalyonuna düşmüşdüm. Onu da deyim ki, yüksək bal toplayıb universitetə qəbul olmamağım əsgərlikdə karıma gəldi. Orada siyasi məşğələlər keçirilirdi və mən əksər sualları cavablaya bildim. Buna görə yoldaşlarımdan seçilirdim. Nəticədə məni Moskvanın bütün tikinti batalyonlarının tabe olduğu idarəyə yolladılar. Orada bir il işlədim. Sonrakı bir ili isə Moskva yaxınlığında yerləşən bir zavodda dispetçer vəzifəsində işlədim. Orada olduğum müddətdə vaxt tapdıqca imtahanlara hazırlaşırdım. O zaman hərbi hissə rəhbərliyi mənə Moskva Dövlət Universitetində göndərişlə oxuya biləcəyimi dedi. Soruşdum ki, Bakıda qəbul ola bilməsəm Moskvada oxuya bilərəm? Dedilər ki, nə vaxt istəsən, sənə şərait yarada bilərik".