Qızlarının ilk kəlməsi "qol" olan cütlük Ailə FOTO


Digərləri 21 Okt 2019 04:30:00 270 0

Qızlarının ilk kəlməsi "qol" olan cütlük  Ailə  FOTO

Rüstəm Allahverdiyev: "İnsan necə bir xarakterə sahib olduğunu əsəbi halda daha yaxşı göstərir"

Aysel Allahverdiyeva: "Rüstəmdə yersiz qadağaların, qısqanclığın olmamağı, münasibətimizin davam etməsinə səbəb oldu"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Düşünürlər ki, ailə quracağın insanı çətin məqamda daha yaxşı tanıya bilərsən. 5 il danışıb bir-birilərini tanıdıqdan sonra evlənmək qərarına gəliblər. Amma iki insanın bir-birini tanıyıb evlənməsi üçün zamanın elə də böyük önəm daşımadığını deyirlər. "Ailə" rubrikamızın budəfəki qonaqları "Neftçi" futbol klubunun mətbuat katibi Rüstəm Allahverdiyev və xanımı Aysel Allahverdiyevadır.   Hər ikisi Bakı Dövlət Universitetində təhsil alıb. Rüstəm əvvəlcə jurnalistika, daha sonra isə hüquq fakültəsində oxuyub. Aysel isə həm bakalavr, həm magistr təhsilini filologiya fakültəsində alıb. Daha sonra elə həmin universitetdə akademik məsləhətçi kimi çalışıb. Hazırda isə analıq məzuniyyətindədir.    Tanışlıqları da elə təhsil aldıqları universitetdə olub. Rüstəm deyir ki, ikinci təhsil aldığı, yəni hüquq fakültəsində oxuduğu dönəmlərdə Aysel də universitetdə işləyirmiş və ortaq dostları vasitəsilə tanış olublar: "Universitetdə bir tanışım var idi, Aysellə birlikdə işləyirdi. Ayseli onun yanında görmüşdüm, bizi də o, tanış etmişdi. Beləcə, ilk tanışlıqdan sonra yavaş-yavaş münasibət yarandı, sosial şəbəkədə də danışmağa başladıq. Amma deyim ki, ilk vaxtlar bu, sadəcə dostluq münasibəti idi. Sevgi barəsində danışıqlar olmurdu. Gündəlik həyata dair söhbətlər edirdik. Amma deyəsən, söhbətlərimiz bir az uzun çəkib (gülür). Çünki tanışlığımız 2012-ci ildə oldu, ailə qurmağımız isə 2017-ci ildə baş tutdu. Tam 5 il danışaraq bir-birimizi tanımışıq. Yəni 5 ilin son 1 ilində artıq ailə qurmaq, sevgi barəsində düşünmüşük. Əslində, daha tez də evlənə bilərdik, çünki psixoloji olaraq özümü ailə həyatına hazır hiss edirdim. Lakin həmin dövrdə işimlə əlaqəli bəzi problemlər yaşandığı üçün evliliyə cəhd etmirdim. Ailəni necə saxlayacağımı, toyu necə edəcəyimi düşünürdüm. Çünki bizim toyla bağlı bəzi adət-ənənələrimiz var ki, onları yerinə yetirmək üçün maddi vəziyyətin yaxşı olmalıdır. Ona görə, bir az səbir etməli olduq".

Zamanın bir önəmi yoxdur    5 il danışıb bir-birilərini tanıyan cütlüyümüz düşünür ki, əslində, insanı tanımaq üçün zaman elə də böyük önəm danışmır. Aysel deyir ki, əsas məsələ insanın çətin vəziyyətində qarşı tərəfin necə reaksiya verməsidir: "Mənim üçün zamanın önəmi yoxdur. Uzun müddətdir danışdığın, tanıdığını düşündüyün adamdan elə bir hərəkət görərsən ki, səni məyus edər, ya da əksinə. İnsanı qısa müddətdə də tanımaq olar. Xüsusən də, çətin məqamında daha yaxşı tanıyırsan, bilirsən bu insanla ailə qurmaq olar, ya yox. Digər tərəfdən, birini tanımaq üçün el arasında istifadə edilən deyim var: "ayağını tapdalamaq". Yəni qarşı tərəfi tanımaq üçün ayağını tapdalayıb necə reaksiya verəcəyini də görməlisən".    "Ayağını tapdalamaq" fikrində həyatı yoldaşı ilə razılaşan Rüstəm etiraf edir ki, münasibətlərinin bəzi dönəmlərində özü bilərəkdən Ayseli əsəbiləşdirib reaksiyasını bilmək istəyirmiş: "Hərdən elə məqamlar olurdu ki, Aysel "bax, məni niyə durduğum yerə əsəbiləşdirirsən" deyirdi (gülür). İnsan necə bir  xarakterə sahib olduğunu əsəbi halda daha yaxşı göstərir. Ayselin, əsəbiləşəndə necə reaksiya verəcəyi mənə maraqlı idi. O ki qaldı müddətə, bu, 5 gün də, 1 ay da, 1 il də ola bilər. Məsələn, bizdə 5 il çəkdi, amma ətrafımızda elə cütlüklər var ki, 1 ay ərzində tanış olub evlənirlər. Yəni müddət elə də vacib deyil. Bir nüansı unutmamaq lazımdır ki, insan sevgili olanda başqa, nişanlı olanda başqa, evli olanda tamam başqa cür olur. Həyat yoldaşını evli olarkən daha yaxşı tanıyırsan".

Maraqlıdır, cütlüyümüz bir-birinin axtardıqları insanlar olduqlarını necə anladılar?   Aysel: İlk olaraq azadlığa önəm verməsi xoşuma gəldi. Çünki elə bir yaşa gəlib çatmışdıq ki, kiminsə mənə ora getmə, bura getmə deməyini qəbul etmərəm. Təbii ki, hər şey çərçivəsində gözəldir, mən də nə olar, nə olmazı yaxşı bilirdim. Ona görə, kiminsə mənə nələrisə qadağan etməsini sevmirdim. Rüstəmdə bu tip qadağaların, yersiz qısqanclığın olmamağı, ilkin dövrdə münasibətimizin davam etməsinə səbəb oldu.    Rüstəm: Qəbul etməliyik ki, ideal insan yoxdur. Qarşı tərəfə nələrisə güzəştə getməlisən. Amma qarşı tərəfdə axtardığımız vacib cəhətlər var ki, onları mütləq nəzərə almaq lazımdır. Məsələn, insanın xoş günü də, pis günü də olur. Yanındakı insan elə biri olmalıdır ki, hər bir dövrdə sənə dəstək olsun. Ümumiyyətlə, ailə elədir ki, kişi ilə qadın daim bir-birinə dayaq olmalıdır. Məsələn, Ayseldə o hissi duydum. "Simurq" klubunun dağıldığı bir dövrdə ciddi boşluğa düşdüm və həmin boşluqda Ayseli tapdım. O dövrdə Aysel mənə çox dəstək oldu. Anladım ki, bu xanımla ailə qurmaq olar.   - Bəzi cütlüklər evlilikdən sonra nələrinsə dəyişdiyini qeyd edirlər. Evlilikdən sonrakı dönəminizdə müsbət və ya mənfi istiqamətdə nələr dəyişdi?   Aysel: Əslində, elə də ciddi dəyişiklik olmadı. Yəni nişanlılıq, əvvəlki tanışlıq dövrümüzdən fərqli Rüstəmlə qarşılaşmadım. Əksinə, daha çox ailəcanlı olduğunun fərqinə vardım. İşdən yorğun gəldiyi zamanlarda belə, ailəmizə vaxt ayırır. Xüsusilə, uşaq gözlədiyimiz dönəmlərdə daha diqqətcil idi, işdən nə qədər yorğun gəlsə də, yürüşə çıxırdıq. Heç vaxt demirdi ki, bu gün yorğunam.   Rüstəm: Təbii ki, ailəli olduğumuz vaxtdan bir-birimizi daha yaxşı tanımağa başladıq. Amma deyim ki, mən əvvəldən hər şeyi bilirdim. Məsələn, Ayselin yemək bişirməkdən, paltar ütüləməkdən qorxduğunu hiss edirdim. Çünki elə bir ailədə böyümüşdü ki, ev işlərindən tamam kənar idi. Yəni ailə qurarkən bu mövzularda müəyyən qədər çətinliklər yaşayacağımızı nəzərə almışdım. Lakin bilirdim ki, zamanla öyrənəcək. Əslində, evlilikdən sonra ciddi dəyişikliklərin olmamağı, bizim, münasibət dövründə özümüzü olduğumuz kimi təqdim etməyimizdən irəli gəlir. Təəssüf ki, bu cəhət hər kəsdə olmur. Bəzən insanlar özlərini olduğundan fərqli təqdim edirlər və bu da bəzi ailələrdə növbəti mərhələdə problemlərin yaşanması, hətta, boşama ilə də müşahidə edilir.