"Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər" Kitab rəfi


Digərləri 20 Okt 2019 23:30:00 621 0

"Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər"  Kitab rəfi

Rafiq Hunaltay: "Kitabı oxuyarkən qəhrəmanın yerinə özünüzü qoyacaq və bir neçə dəfə, sözün həqiqi mənasında tərləyəcəksiniz"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız bizim üçün dəyərlidir və ona görə də həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab rəfi" adlı rubrikamızın qonağı "Modern Group Companies"in Biznesin inkişafı departamentinin direktoru, marketinq və iqtisadiyyat üzrə bloq yazıların müəllifi Rafiq Hunaltaydır.

Müsahibimizin ilk seçimi Celal Şengörün "Bir cəmiyyət necə intihar edər?"(Bir toplum nasıl intihar eder?) kitabıdır. Rafiq bəy düşünür ki, hazırda Türkiyədə 2-3 ciddi oxunası müəllif varsa, onun biri də mütləq Celal Şengördür: "Bu kitabda Türkiyənin təhsil sistemi, iqtisadi vəziyyəti, sosial zümrələrin fəaliyyəti elmi şəkildə təhlil olunur. Bu kitabı oxumaq həm də ona görə maraqlıdır ki, oxuduqca, bir çox məsələlərin eynilə bizdəki kimi olduğunu görürük".

2-ci seçim Yılmaz Özdildən "Mustafa Kamal" adlı kitabdır: "Atatürk haqqında çox oxumuşdum, amma bir də Yılmaz Özdilin axıcı izahları və hadisələri mükəmməl təsviri ilə oxumaq da nəsib oldu. Paralel olaraq Atatürk haqqında indiyə qədər bilmədiyim, onun böyüklüyünü bir daha sübut edən faktlarla da tanış oldum, şiddətlə hər kəsə tövsiyə edirəm".

3-cü ingilis dilində olan Hektor Qarsiyanın "Ikıgaı" kitabıdır: "Son dövrlər mənə ən çox təsir edən kitablardandır. Yapon yaşam tərzi və onun modern dünyada tətbiqi ilə bağlı əvəzsiz informasiyalarla doludur. Dünyanın ən uzun ömürlü insanlarının yaşadığı əyalətlərə virtual səyahət edərək oranın insanlarının günlük yaşam tərzləri ilə tanış olacaqsınız".

İlber Ortaylının "Bir ömür nasıl yaşanır" kitabı 4-cü seçimi oldu: "Səyahət etməyi sevənlər indiyə qədər bu kitabı oxumayıbsa, çox şey itirib. Elmi, bədii, coğrafi məlumatlarla dolu olan kitabı həm xalqların mədəniyyətləri, həm ölkələr və şəhərlər üzrə səyahət bələdçisi də adlandırmaq olar. "Bir şəhəri nəyinə, hansı xüsusiyyətlərinə görə sevmək olar" sualının cavabı bu kitabdadır".

Seymur Baycanın "Mənim mübarizəm" seriyası 5-ci sırada yer aldı: "Hər şeydən öncə, insan yaşadığı mühitin sosial-iqtisadi vəziyyətini, ədəbi mühitini daha yaxşı bilməlidir. Öz adıma tam əminliklə deyə bilərəm ki, Seymur Baycanın "Mənim Mübarizəm" seriyasından olan 6 kitab sizə yaşadığımız mühiti bəzən satirik, bəzən yumoristik, bəzən ciddi təhlillərlə, amma olduğu kimi göstərəcək. Oxuduqca, hər hadisəyə qarşı mütləq ki, həyatınızın hər hansı nöqtəsi ilə paralellər aparacaqsınız".