Çətinliklərsiz həyatın maraqsız olduğunu düşünən oğlan Örnək FOTO


Digərləri 20 Okt 2019 23:10:00 393 0

Çətinliklərsiz həyatın maraqsız olduğunu düşünən oğlan  Örnək  FOTO

Orxan Əliyev: "Çox istəyərdim ki, sevdiyim insanın ailəsi məni olduğum kimi qəbul etsin"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İnsanlara çətinliklərdən qorxmamağı, əksinə, çətinliklərin üzərinə getməyi məsləhət görür. Düşünür ki, çətinliklərsiz həyatın marağı olmazdı. Fiziki məhdudiyyətli olmasına baxmayaraq, cəmiyyətə tam inteqrasiya olub və media sahəsində idman jurnalisti kimi fəaliyyət göstərir. "Örnək" rubrikamızın bu dəfə ki, qonağı Orxan Əliyevdir.   Qeyd edək ki, O.Əliyev 1989-cu ilin yanvar ayında Bakıda anadan olub. Hazırda isə Faktor.az saytının müxbiri, ARB kanalında yayımlanan "Biz birik" layihəsinin prodüseri, həmçinin ƏSA teatrının aktyoru kimi fəaliyyət göstərir. Qeyd edək ki, Orxan Milli Paralimpiya Komitəsinin Mətbuat Şurası ilə birlikdə keçirdiyi yazı müsabiqəsində birinci yerə layiq görülüb.   - Fiziki məhdudiyyətiniz doğuşdandır, ya sonradan yaranıb?

- Fiziki məhdudiyyətim ana bətnində aldığım zədədən və yarımçıq doğulmağımdan olub. Qış fəslində anamın ayağı sürüşüb yıxılır və doğuş vaxtından əvvəl, ev şəraitində baş tutur. Normalda uşaqlar doğularkən ağlayır, amma mən ağlamadığıma görə öldüyümü zənn edib kənara qoyublar. Bir neçə dəqiqədən sonra ağlamağa başlamaqla həyata tutunmuşam. Doğuş ev şəraitində olduğu və həmin dövrdə tibb elə də yaxşı inkişaf etmədiyi üçün xəstəliyimi dərhal bilməyiblər. Atam şübhələnib ki, bu uşaq niyə gəzmir. Deyiblər ki, oğlan uşağı gec gəzir. Həqiqəti biləndən sonra isə artıq gec idi. Xəstəliyimə uşaq serebral iflici diaqnozu qoyulub. Müəyyən müalicələr almışam, amma bunlar düzəlməyə yox, xəstəliyin daha da pisləşməməyinə kömək edib. 

- Bəzi şəxslərə fiziki məhdudiyyətlərini qəbul etmək, bununla barışmaq çətin gəlir. Sizin xəstəliyinizə münasibətiniz necədir?

- Çox yaxşı sualdır. Mən müqayisə ilə bu suala cavab verə bilərəm. Biri var anadangəlmə, biri də var sonradan qazanılan fiziki məhdudiyyət. Məncə, sonradan qazanılanı qəbul etmək daha çətindir. Amma doğulandan buna alışmaq, qəbul etmək asan olur. Bir qədər azyaşlı dövrümdə müəyyən çətinliklər yaşamışam.    - Bu çətinliklər nələr idi?

- Çətinliklərim daha çox təhsillə bağlı idi. Yeriməyimdə problem olduğundan, məktəbə gedə bilmədim. Ona görə məcbur olub ibtidai təhsilimi evdə aldım. Evə iki müəllim gəlirdi, biri əlifbanı, biri də rus dilini öyrədirdi. İbtidai sinfi bitirdikdən sonra anama yaxınlaşıb, digər uşaqlar kimi məktəbə getmək istədiyimi dedim. Çox sağ olsun, anam bu istəyimi dəstəklədi və adımı evimizin yaxınlığındakı məktəbə yazdırdı. Məktəb direktoru fiziki məhdudiyyətli olduğumu biləndə, "əgər uşaqlarla bir problem yaşamayacaqsa, gəlsin" demişdi. Açığı, ilk gün çox həyəcanlı idim, uşaqların mənə necə münasibət göstərəcəyini düşünürdüm. Yəni onların 1-ci sinfə gedəndə yaşadıqları həyəcanı mən 5-ci sinfə gedəndə hiss edirdim. Doğrusu, gözlədiyimdən yaxşı oldu. Uşaqlarla normal münasibət qura bildim. Son sinifdə mən də digərləri kimi ali məktəbə sənəd vermək istədim. Ailəmin təkidi ilə mühasibatlığa yönəldim. Hazırlığa yalnız riyaziyyat fənnindən gedirdim, digərlərini evdə oxuyurdum. Təəssüf ki, lazım olan balı toplaya bilmədim. Ondan sonra yenidən hazırlaşıb universitet oxumağa həvəs olmadı.    - Məktəbə ilk getdiyiniz dövrdə uşaqların sizə münasibəti ilə bağlı tərəddüdlərinizin olduğunu qeyd etdiniz. Maraqlıdır, ümumilikdə bu illər ərzində insanların sizə münasibəti necə olub?

- Bilmirəm xatırlayırsınız, ya yox, ölkəmizə turistlərin təzə gəldiyi vaxtlarda hamı onlara qəribə baxırdı. Mən də həmin baxışları ilk dəfə metroya minəndə hiss etdim. Çünki istəsən də, istəməsən də yerişinlə, hərəkətinlə digərlərindən fərqlənirsən. Amma indi münasibət normallaşıb, insanlar fiziki məhdudiyyətliləri cəmiyyət içərisində görməyə alışıb. Əslində, bu məsələdə bizim üzərimizə böyük yük düşür. Biz nə qədər ictimaiyyətə inteqrasiya olsaq, nə qədər özümüzü sərbəst aparsaq, insanlar da bizi olduğumuz kimi qəbul edəcəklər. İlk dövrlər azyaşlı uşaqların olduğu yerlərdən keçmirdim, qorxurdum. Çünki məhəlləmizdə bir tərəfi iflic qoca kişi vardı, biz uşaqlarla futbol oynayanda, o gəlib keçən vaxt dalınca daş atırdılar, lağ edirdilər. O vaxtdan özümə söz verdim ki, mənə qarşı o cür münasibət olmaması üçün çalışacağam.

- Qeyd etdiniz ki, futbol oynayıbsınız. Bu vəziyyətdə futbol oynamaq çətin deyildi?

- (Gülür) Tək futbol yox, bir çox oyunları oynamışam. Hətta "samokat" belə sürmüşəm. Futbola gəlincə, qaçmaq imkanım olmasa da, qapıçılığım yaxşı idi.    - Gələrkən sizi izləyirdim, bir nəfər yaxınlaşıb ayaqqabınızın ipini bağladı. Bu tip münasibətlər çox olur?

- Bizim insanlarımız çox diqqətli, duyarlıdırlar. Bəli, ayaqqabının ipi yeriməyimə mane olurdu və əyilib bağlaya bilmirdim. Çox sağ olsun, həmin gənc əyilərək ipləri bağladı və mən də təşəkkürümü bildirdim. Belə hallar çox olur, amma bəzən əksi də yaşanır. Məsələn, dilənçi sanıb gətirib pul verənlər, qulağını çəkənlər də var. Bir dəfə metroya düşəndə, nənə ilə nəvə gedirdi. Uşaq məni görüb nənəsindən mənə nə olduğunu soruşdu. Nənəsi cavab vermədi, amma uşağın qulaqlarını çəkdi. Yəni həmin nənənin bu düşüncə ilə uşağa nə aşılayacağı, nə öyrədəcəyi çox maraqlıdır. Yaxşı olardı ki, bu tip qulaq çəkmələr baş verməsin. Yol gedəndə kiminsə yaxınlaşıb kömək etmək istəməsi yaxşıdır, lakin bu, mənim müvazinətimi pozur, mənə kömək yox, əksinə, mane olur. Ona görə bu cür yardımlardan çox vaxt imtina edirəm.    - Fikirlərinizdən aydın olur ki, digər fiziki məhdudiyyətlilərdən fərqli olaraq daha optimistsiniz, cəmiyyətə kifayət qədər inteqrasiya olmusunuz. Bunun səbəbi nədir?