Estoniyadan iki təqaüd qazanan tələbə Xaricdə təhsil FOTO


Digərləri 20 Okt 2019 23:00:00 410 0

Estoniyadan iki təqaüd qazanan tələbə  Xaricdə təhsil  FOTO

Qasım Xasməmmədli: "Xaricdə təhsili, həyatımızın məqsədi kimi yox, məqsədə gedən yolda bir tramplin kimi görməliyik"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bəzi tələbələr xaricdə təhsili əlçatmaz və çətin hal kimi düşünürlər. Hətta onu həyatın məqsədi olaraq görənlər də var. Adi müraciət qaydalarını imkansız bilirlər. Halbuki bu, çox asan prosedurdur. Bir universitetə müraciət etmək üçün təhsil şirkətlərinə üz tutub, pul ödəyirlər. Axı bunu özün də edə bilərsən...".

"Xaricdə təhsil" rubrikamızın qonağı Estoniyada Tallin Texnologiya Universitetində təhsil alan Qasım Xasməmmədlidir. Qasım, bakalavr təhsilini Azərbaycan Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə alıb. Təhsil aldığı müddətdə ictimai aktivliyi ilə seçilib. Hazırda "Avropanın gənc azərbaycanlı dostları" ictimai birliyinin sədridir. Həmsöhbətimiz Estoniyada iki növ təqaüd alır: "Birinci təqaüd təhsil haqqından azad olunmadır. Təqaüdüm altı min avrodur. Bundan əlavə, Estoniyanın Xarici İşlər Nazirliyindən aylıq xərclərimi qarşılamaq üçün də təqaüd qazanmışam. İki illik təhsil müddətində xərclərimi qarşılamaq üçün aylıq dörd yüz avro təqaüd ayrılır".

- Qasım, nə üçün xaricdə təhsil və məhz Estoniya?

- İxtisaslaşmaq istədiyim sahəni dərindən öyrənmək və praktiki bacarıqlar əldə etmək üçün xaricdə təhsil almaq qərarına gəldim. Elektron hökumətlə bağlı Azərbaycanda təhsil imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Bundan əlavə, qlobalizasiya prosesləri çox inkişaf edib. Əvvəl qonşu ölkədəki insanla belə, ünsiyyətə çətinlik çəkirdiksə, hazırda işlədiyimiz yerlərdə fərqli mədəniyyətlərlə rastlaşırıq. Xaricdə təhsil almaqla həm fərqli mədəniyyətlərlə tanış olacağam, həm də kommunikasiya bacarıqlarımı inkişaf etdirəcəyəm. İxtisaslaşmaq istədiyim elektron hökumət sahəsində Estoniyanın əldə etdiyi uğurlar məni burada təhsil almağa sövq etdi. Estoniya artıq 90-cı illərdən rəqəmsal inkişaf üzrə qərar qəbul edib və bu sahəyə böyük diqqət ayırır. Hətta bu ölkədə seçkilər belə, elektron şəkildə həyata keçirilir. Azərbaycanda da elektron hökumətin qurulması sahəsində Eston təcrübəsi yaxından öyrənilir. Məhz bu faktorlar məni Estoniyada təhsil almağa yönləndirdi.

- Estoniya və Azərbaycan təhsilini necə müqayisə edərdiniz?

- Fərqlər çoxdur. Estoniya təhsilində akademik mühit daha sərbəstdir. Məsələn, adi mövzu seçimindən tutmuş geyim tərzinə qədər, tələbələrə sərbəstlik verilir. Eləcə də, dərslərdə iştirak etmək məcburiyyəti olmur. İkinci əsas səbəb, ixtisasdan asılı olaraq, praktiki bacarığa önəm verilir.  Bir çox fənlərdə imtahanlar layihələr üzərində qurulur və komanda işinə qiymət verilir. Ən böyük üstünlük isə rəqəmsal texnologiyalardan istifadədir. Estoniyada düşünə biləcəyiniz hər yerdə rəqəmsal texnologiyalara rast gəlinir. Universitetin aplikasiyası var və siz həmin proqrama daxil olaraq, universitet barədə hər bir məlumatı əldə edə bilərsiniz. Burada dərs cədvəlindən tutmuş, yemək çeşidlərinə qədər məlumatlar var. Çalışırlar ki, təhsil tamamilə rəqəmsallaşdırılsın. Ev tapşırıqları bir platforma üzərindən verilir və onlayn formada olur.

- Bəs sözügedən ölkədə səni daha çox nə təəccübləndirib?

- Təbii ki, fərqli mədəniyyətlə qarşılaşdığıma görə, məni mədəni aspektlər və ictimai davranış qaydaları, texnoloji inkişaf təəccübləndirdi. Texnologiyanın yüksək səviyyədə olduğunu bilirdim, amma bu dərəcədə olmasını gözləmirdim. Avtobuslarda bizdəki kimi kart sistemi var və yoxlamalar, demək olar ki, olmur. Lakin buna baxmayaraq, hər kəs kartını vurur, sonra əyləşir. Burada böyüklərə, qadınlara, uşaqlara yer vermək kimi hallar yoxdur. Bizdə isə ictimai nəqliyyatda bunun anonsu verilir. Bir dəfə avtobusda, adətim üzrə, qadına yer verdim. Xanım çox təəccübləndi və mənə dəfələrlə təşəkkür etdi. Avtobusdakı digər insanlar da anlaya bilmirdilər ki, mən niyə belə etdim. Bundan əlavə, piyada keçidlərində çox diqqətcildirlər. Yolda polis görmək mümkün deyil. Amma hər kəs qaydalara riayət edir. Polisə, cəriməyə ehtiyac yoxdur. İlk dəfə şəhərə çıxanda gördüm ki, mənimlə birlikdə ağ qutu hərəkət edir. Yolda biz gedirdik, ağ qutu da bizimlə yola davam edirdi. Piyada keçidini gözləyəndə, qutu da bizimlə birlikdə dayanıb gözləyirdi. Maraqlandıq ki, bu qutu robot kuryerdir. Tallində yemək daşıyan robotlara rast gəlmək mümkündür. Onlar da insan kimi yol qaydalarına riayət edir, işıqforu gözləyirdilər.