"Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır"


Digərləri 20 Okt 2019 22:40:00 325 0

"Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır"

Elçin Hami Axundov: Çox istəyərdim ki, animasiya rəssamlıq kursları açılsın, yüksək ixtisaslaşmış, peşəkar animatorlar hazırlansın

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müsahibim Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı və ən nəhayət, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. O, balacaların sevərək izlədikləri "Cırtdan", "Cırtdan və div", "Güzgü", "Humayın yuxusu", "Meşəyə insan gəlir", "Söhbət-ül-əsmar" və digər cizgi filmlərinin müəllifidir. Elçin müəllim oxucularımıza Azərbaycanda animasiya filminin tarixi, eyni zamanda, ölkəmizdə keçiriləcək II Animafilm festivalı haqqında məlumat verdi:

- Bu artıq ölkəmizdə keçiriləcək ikinci festivaldır. Birinci festival keçən il təşkil olunmuşdu.  Festivalın rəhbəri Çexiyada kinematoqrafiya üzrə təhsil almış və animasiya filmlərinin çəkilişi ilə məşğul olan Rəşid Ağamalıyevdir. Hal-hazırda Praqada yaşayır. Həmçinin İsveçrədə kinoprodüsser ixtisası üzrə təhsil alıb. Qeyd edim ki, Rəşid Ağamalıyev festival təşkil olunmamışdan əvvəl rus və Azərbaycan dillərində kitab nəşr etdirib. Burada Azərbaycanın  animasiya filmi tarixini özündə əks etdirən fikirlər yer alıb. Rəşid müəllim daha sonra belə bir qənaətə gəldi ki, Azərbaycanda animasiya film festivalı təşkil etsin. İlk festivalın keçirilməsi ötən ilin oktyabr ayına təsadüf etdi. Festival yüksək səviyyədə keçirilmişdi. Bir neçə ölkədən - Gürcüstan, İngiltərə, Çexiya, Polşa, İran və digər dövlətlərdən nümayəndələr festivala qatılmışdılar. İranda Ərdəbil və Təbrizdə də animasiya məktəbi fəaliyyət göstərir. Orada,  həmçinin bizim ötən illərdə çəkdiyimiz animasiya filmlərimiz də  nümayiş olunur. Əfsuslar olsun ki, Azərbaycanda animasiya filmləri az çəkilir, demək olar ki, heç çəkilmir. Keçən il animasiya filmlərimiz festivalda yer almadı. Bu ilki festivalda isə təxminən 10-15 film nümayiş olunacaq. Bu il keçiriləcək festivala təxminən 50 ölkədən 240 film göndərilib. Artıq münsiflər heyətinin üzvləri də bəllidir.    - Festivalda uşaqlardan ibarət münsiflər heyətinin yaradılması da nəzərdə tutulub. Onların seçiminə nə dərəcədə güvənirsiniz?   - Təklif etdim ki, uşaqlar da münsiflər heyətinin üzvləri qismində çıxış etsinlər. Bu ilki festivalın kiçik yaşlı uşaqlardan ibarət münsif heyəti üçün 5 nəfər uşaq seçmişik və inşallah, mən özüm  həmin uşaqlarla görüşüb bu barədə onlara təlimatlar verəcəyəm. Animasiya filmləri çəkdiyim dövrlərdə hələ çəkilişləri bitirməmiş, kiçik yaşlı uşaqları dəvət edirdim ki, həmin filmləri qiymətləndirsinlər və onların iradları əsasında dəyişikliklər edirdim.    - Necə düşünürsünüz, bu ilki  festivaldan sonra animasiya filmləri sahəsində inkişaf baş verəcəkmi?   - Mədəniyyət Nazirliyi bizə haradasa cizgi filmlərinin çəkilişləri üçün xüsusi bina təşkil etsə,  dövlətimiz bu sahəyə maliyyə vəsaiti ayırsa, əlbəttə ki, bu sahədə xeyli irəliləyiş olacaq. Çox istəyərdim ki, Azərbaycanda animasiya rəssamlığı kursları açılsın, mən də həmin kurslarda tələbələrə dərs deyim. Orada yüksək ixtisaslaşmış, peşəkar animatorlar hazırlansın və yerli animasiya filmləri çəkilsin.   - Uşaqları ekrana cəlb etmək üçün daha çox hansı mövzularda animasiya filmləri çəkmək lazımdır?