On yaşadək uşaqların saçlarını yığarkən...


Digərləri 20 Okt 2019 20:40:00 349 0

On yaşadək uşaqların saçlarını yığarkən...

Sağlam saçlar üç əsas komponentdən ibarətdir: saç cismi, follikul, saç follikulu. Saçın cisminə baxanda onun sağlamlığı qiymətləndirilir. Saç cismini kutikula, qabıq və medula qatları təşkil edir. Kutikula saçın su balansını təmin edir və onu mexaniki travmalardan qoruyur. Qabıq saçın strukturunu möhkəmləndirən keratin və orqanik zülallardan ibarətdir. Medula isə saç cisminin mərkəzi sayılır.

Saçların tökülməsi insanları narahat edən problemlərdən biridir. Uşaqlar arasında da saçların tökülməsi, zəif inkişafı hallarına rast gəlinir. Anemiya, vitamin çatışmazlığı, mədə-bağırsaq sisteminin xəstəlikləri, qurd invaziyaları, genetik meyillilik, göbələk infeksiyaları uşaqlarda saç tökülməsinin əsas səbəbləri sırasındadır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.

Pediatr bildirib ki, balacalar arasında yayılan saç tökülməsinin formalarından biri "tinea capitis" və ya saçaq quruluşudur. Buna səbəb uşaqlardakı keçici göbələk infeksiyalarıdır. Həmin infeksiyalar antifunqal tropik kremlər və antifunqal şampunlarla müalicə edilir. Bununla yanaşı, gigiyena qaydalarına əməl edilməli, daraq və digər saç aksesuarları bölüşülməməli, uşaqların yastıqları ayrı olmalıdır.

"Bəzən valideynlər balaca qızlarının saçlarını bərk saç rezinləri və ya çox sıxıcı sancaqlarla sıx yığır və hörürlər. Tarım saç düzümü saçları korlanması ilə yanaşı, baş dərisinin qan dövranını pozur, nəticədə başağrıları meydana gəlir. Ümumiyyətlə, 10 yaşadək uşaqların saçlarını yığarkən bərk rezinlər, möhkəm sıxıcı sancaqlardan istifadə etmək məsləhət görülmür. Trixoloqlar məhz sıx, yəni quyruq və hörük tipli saç düzümlərini saçlar üçün ziyanlı hesab edirlər. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirmir və tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zərif olduğuna görə, kütləvi tökülməyə məruz qalır", - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, uşaqlarda saç tökülməsinə "trikotilomani", yəni saç qoparma xəstəliyi də səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar saçlarını, qaşlarını çəkərək qoparırlar. Həmin uşaqlar üçün nevroloji müalicə tətbiq olunur.

(adsgarden = window.adsgarden || []).push({});