Kin, xəyanət və məkr: Bakının mərkəzində yad ssenarili iflas


Siyasət 20 Okt 2019 16:42:00 330 0

Kin, xəyanət və məkr: Bakının mərkəzində yad ssenarili iflas

Dünən Bakının mərkəzində müxalifətlə hakimiyyət kimliklərini, məramlarını, varlıqlarını və niyyətlərini nümayiş etdirdilər. Hakimiyyət, müxalifət və xalq. Əsas xalq idi. Meydana girməyə çalışan dəstəni seyr edən insanlar. Polislər onların arasında idi.

Xalqı dəstədən qoruyur, dəstəni özündən hifz edirdilər.

"Biz qarşımızda bir rejim gördük. Siz isə... Siz isə millət deyilsiniz. Siz Əli bəyi onların qarşısına atdınız! O, sizə güvənib, sizə arxalanıb aksiyaya yollandı. Amma siz onu tək qoydunuz!. Hamı deyirdi "Hanı Əli Kərimli, aksiyalarda yoxdur", "Əli Kərimli müxalifət deyil". O sübut elədi ki, müxalifətin yeganə lideridir. Siz isə sübut etdiniz ki, xalq deyilsiniz, insan deyilsiniz. Bundan sonra heç kəsin, heç bir partiya sədrinin özünü müxalifət adlandırmağa haqqı yoxdur! Mən nifrət edirəm onlara! Ay bədbəxt millət! Ay bədxbəxt millət, siz bu gün millət ola bilərdiniz, olmadınız, ola bilmədiniz!", - Əli Kərimlinin xanımı ABŞ-da yaşayan, daha doğrusu, yaşadılan Sevinc Osmanqızının YouTube kanalında dünən 4 saat davam etmiş canlı yayıma qatılaraq belə deyib.

Daha sonra o, dünənki aksiyaya qatılmayanları "işlədikləri yerdə tula payı alıb susan bədbəxtlər", "qorxaq yığını", "yaramazlar" adlandırıb.

Çıxışının sonunda isə xanım buyurub: "Olmaz olsun bu millət! Məhv olsun bu millət".

Azərbaycanda müxalifət liderliyinə iddialı olanların, bu barədə danışanların ailə üzvləri, qohumları barədə əsla yazmamışam, danışmamışam. Bundan sonra da belə olacaq, çünki mən insanı yox, onun fəaliyyətini təhlil edirəm.

Amma və lakin indi elə bir məqamdır ki, baş verənləri az qala bütün tərəflər və yönlərdən göstərmək gərəkdir. Ki, hər kəs kimin kim olduğunu, kimin üçün çalışdığı və ya kimin əmri ilə çalışıb özünü kim kimi təqdim etməyə can atdığını görsün.

Xarici ölkələrə sığınmış və özlərini az qala bombardman zamanı sığınacaqda olan son səs kimi hiss etməyə başlamış iaşət müxalifətinin sosial şəbəkələrdəki aktivliyi pik həddə çatmışdı.

Çoxsaylı, amma sayı az mərkəzlərdən idarə olunan bu "bloqer"lər isteriyalarını elə səviyyəyə yüksəltmişdilər ki, hədyan qəzəbə, kin köz yaşına, söyüş yalana qarışdırılmışdı.

Hərəsi bir yanda kameralar qarşısında şəbih yapır, vaysınır, qışqırır, hayqırır, kövrəlir, hədələyir, yol göstərirdilər. O yolların hamısı xaosa, qarşıdurmalara, savaşa, vətəndaş müharibəsinə aparırdı.

"Nə durmusunuz, əlinizə keçəni götürün, çıxın bu rejimə qarşı!" - biri dedi.

"Silahlanın, güllələyin bu Yezid məxluqlarını! Devirin bu hakimiyyəti! Tapdalayın hakimiyyəti müdafiə edənlərin hamısını!" - başqası təkrarlayırdı.

"Hakimiyyətin mediasındakıları cəzalandıraq! Öldürək hamısını!" - üçüncüsü qıyya çəkirdi.

Bir başqası isə "Millət, Bakıya tanklar, zirehli maşınlar yeridilib" bağırırdı efirdə.

Qətl, divantuttma, qarşıdurma çağırışlarının nə sayı vardı, nə hesabı.

AXCP sədri və bloqer Əli Əmirhüseyn oğlu Kərimlinin davranışı isə bir ayrı şou idi.

Adam əvvəlcə Facebook səhifəsində yazdı ki, blokunda sən demə, 20 nəfər keşik çəkir. Çıxan kimi, onu tutub aparacaqlar. Sonra yazdı ki, internet yoxdur, yaza bilmir. Amma bunu Facebook-da, internet vasitəsilə yazaraq bəyan edirdi.

Küçəyə çıxdı, tərəfdarları onu üzük qaşı kimi əhatəyə aldılar.

Əli Kərimli "28 May" metrostansiyasının qarşısındakı meydana tərəf getməyə başladı və aramsız olaraq onlarla həvəskar, habelə peşəkar jurnalistin kameraları qarşısında "ançor"luq edirdi.

Sonra polislər onu tutdular, avtobusa apardılar.

"Bloqer"lərin şivəni başladı, Sevinc Osmanqızı efirdə qəhərləndi guya, o birilər qəzəbnak oldular, Əli Kərimlinin xanımı elə Osmanın qızının efirində xalqı yerdən yerə vurdu və axşam saatlarında, yəni tutulandan az sonra Əli Kərimli buraxıldı.

Marlezon baletinin ikinci hissəsi başlandı.

Əli Kərimli dedi ki, bəs onu avtobusda yıxıblar yerə, oradakı bütün polislər onu təpikləyiblər, yumruqlayıblar. 55 yaşlı adam ağ yalan danışır, qara xislətini pərdələməyə çalışırdı.

Düşünün: bir avtobus dolusu adam bir nəfəri yerə yıxıb təpikləyirsə, yumruqlayırsa, döyülənin halı nə olmalıdır?!

Yanılırsınız, çünki Əli Kərimli sən demə, Dəmir adam, Rüstəm-Zal, Meqamen, Supermen və ilaxırmış.

Çünki "bir avtobus polisin vəhşicəsinə, xüsusi amansızlıqla saatlarla döydüyü" (!) Əli Kərimlinin başında bir əlçim tənzif parçası, boğazında da kiçik cızıq vardı.

Yəni Əli Kərimlinin vücudu paslanmaz poladdanmış.

O, daha sonra buyurdu ki, "ağır xəsarətlər" alıb, "zorla danışır". İaşət və söyüş müxalifətinin həlqələri olan "bloqer"lər də dərhal səs-səs verdilər ki, aman, Tanrı, Əli Kərimli ağır kəllə-beyin xəsarəti və travmalar alıb.

Buraxılmazdan əvvəl DİN Hospitalında müayinə olunmuş Əli Kərimlinin səhhəti barədə həmin hospitalın rəisi İsbi Babaxanov deyib: "19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib. Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal  kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub".

Yəni iddiaların hamısı yalan və çürükdür.

"Bakıda tanklar və zirehli maşınlar" iddiasına gəldikdə isə, heç nə yazmaq istəmirəm. Bunu yayanlardan təvəqqem və tələbim var: gərçi şəhərə tankların, zirehli maşınların yeridildiyini iddia edirsiniz - lütfən, bircə fotonu qoyun ortalığa. Axı dünən olay məkanında onlarla, yüzlərlə kameralı adam vardı, çəkilişlər aparırdılar.

Yoxdu elə foto, ola da bilməz.

Çünki bu iddia da yalandır.

Yalan olmayan iki qızına və arvadına divan tutduğu faş olandan sonra rüsvayçılıqla üzləşən, sadist meylli Fuad Qəhrəmanlının guya AXCP sədrinin müavini postundan "könüllü istefa" vermişdi. Fəqət, dünən o, ilk əvvəl "döyüldüyünü"  - şablon iddia - yazandan sonra Facebook səhifəsində bəyan etdi: "Dostlar, Əli bəy olmadıği müddətdə AXCP ilə bağlı məsuliyyəti üzərimə götürürəm. Bütün cəbhəcilər partiyada fövqəladə vəziyyət elan olunduğunu nəzərə alsın".

Sual verirəm: Fuad Qəhrəmanlı istefa vermişdisə və Əli Kərimli onu guya postundan uzaqlaşdırıb sıravi cəbhəçi etmişdisə, bu nə bəyanatdı belə?!

Gələk dünənki hadisələrin mahiyyətinə.

Artıq iki ay idi ki, şəbəkələşmiş iaşə müxalifəti "Bir payız axşamı" anonsu ilə oktyabr ayının ikinci ongünlüyündə Bakıda "milyonların qatılacağı möhtəşəm mitinq" keçiriləcəyini anons edirdilər.

Məqsəd 2003-cü ildə prezident seçkilərinin nəticələri elan olunan gündəki qarğaşanın, iğtişaşların təkrarlanması, daha da güclü olması, vətəndaş müharibəsinə start verilməsi idi.

Xaricdən alınan sifariş əsasında radikal müxalifətdəki bəylər də ölkədə dərəbəylik yaratmaq üçün marığa durmuşdular.

"Milli Şura" adlı marionet qurumun adından AXCP sədri və bloqer Əli Kərimlinin oktyabrın 19-da Bakı metropoliteninin "28 May" stansiyasının qarşısındakı meydanda aksiyanın keçirilməsi ilə bağlı "tələb" özü qanunsuz idi.

Bu tələbin guya "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun çərçivəsində olması ilə bağlı iddiaları dəfələrlə cavabladığımdan, yazılanları təkrarlamağa lüzum görmürəm. Çünki qanunsuz iddialara qanuni don geydirmək cəhdinin özü absurddur.

Əli Kərimlinin məqsədi qarşıdurma yaratmaqla yanaşı, "siyasi ölü" statusundakı fəaliyyətini reabilitasiya etmək, "müxalifət lideri" görüntüsü yaratmaqdı. O, aksiyaya qatılacağını demişdi, çünki döyülməyi, tutulmağı arzulayırdı.

Məqsədi də bu idi.

Kütlənin manipulyasiyasına əl atmaq, Bakının mərkəzində xaotik vəziyyət yaradıb orada yaşanacaq çox pis, neqativ hadisələrdən özü üçün "pozitiv" məcrada istifadə etmək niyyətində idi.

1990-cı illərdə Ali Sovetə qumbaraatandan atəş açanların psixologiyasının məhsullarının təkrarlanmasını istəyirdi Əli Kərimli.

Alınmadı və dünənki "aksiya" rüsvayçılıq, fiaskoya çevrildi.

Əli Kərimlini indi qəhrəman etmək istəyirlər: halbuki dünən "əlikərimçilik" idefiksidarmadağın oldu. Əli Kərimli ideologiya, taktika, strategiya, məzmun və mahiyyət baxımından dünən uduzdu. Çox pis uduzdu.

Siyasi cəhalət daşıyıcıları, anatomik şüur sahibinə sitayiş edənlər, əzələ müxalifəti formalaşdırmağa çalışanlar dünən "insanlara divan tutulduğunu" iddia edirlər.

Halonki dünən Bakının mərkəzində demokratiya dəyərlərinə, siyasət qanunlarına, məntiqə və əxlaqa divan tutanların meydanı sulamağa çalışdıqlarını gördüm.

Əli Kərimli "ərəb baharı" kimi tanınan ssenarini Azərbaycanın payızına pərçimləmək istəyərək ölkədən çox kənarlarda hazırlanıb cızılmış ssenarilər üzrə davranmağa çalışdı, ətrafındakı marginal təfəkkürlü bir neçə insanın bağırtılarının müşayiəti ilə irəliləmək istədi. Lakin belə mutant siyasətin istehlakçıları sadəcə, qaragüruh və siyasət cahilləridir.

Əli Kərimli buna can atır, ölkədə mikroskopik "Oktyabr Sosilaist İnqilabı" yapmaq istəyirdi. Şəbəkə müxalifəti ona tam dəstək versə də, Əli Kərimli işsizləri və sosial təminatından gileyli olan insanları arxasınca aparmaq istəsə də, olmadı.

Çünki Əli Kərimli heç bir halda Vladimir Ulyanov, Bakı sakinləri də Petroqrad proletarları deyildi və deyil.

"Ay millət, özünüzə gün ağlayın!" sözlərini mantra kimi təkrarlayan Ə.Kərimli dərk etmir ki, siyasətin yol kənarına atıldığı üçün geriyə dönməyə - döyülərək və tutularaq olsaydı, lap əla - can atdığı bir ölkədə vətəndaşlar günlərində gülmək, sevinmək istəyirlər.

Onlar yaxşı yaşamaq, çox pul qazanmaq, normal və demokratik ölkədə ömür sürmək arzusundadır.

Vətəndaş dövləti doğma bilir, Dövlət də vətəndaşını özününkü sayır.

Əli Kərimli aksiyanın dinc olacağını təkrarlayırdı.

Lakin o, hakimiyyəti "rejim", onunla olmayanları "kölələr və qorxaqlar" adlandırırdı.

AXCP sədri və bloqeri dəstəkləyən şəbəkələşmiş, qara yalanları yayan  "bloqer"lər təki.

Əli Kərimlini müxalifətdəki partiyaların heç biri  dəstəkləmədi. O partiyaların sədrləri kimi.

Oktyabrın 19-u İmam Hüseynin münəvvər şəhadətinin xatırlandığı gündü.

Əli Kərimli də məhz həmin gün aksiya keçirərək dindar qardaş və bacılarımı yanında görmək istədi, onları aksiyaya sövq etməyə çalışdı altşüur messic amilindən yararlanmaqla.

Fəqət, dindarlarımız "Ya Hüseyn!" mübarəkliyini söylədikləri dilləriylə "Ya Əli Kərimli!" demədilər, "Allah kərimdi!" ibadətini "Allah Kərimlidi!" küfrünə əvəz etmədilər və etməzlər də.

"Əlikərimçilik" əslində "əlikramçılıq"la nə qədər doğmalaşdığını dünən göstərdi bir daha.

Dünən "Milli Şura" və Əli Kərimli ortaya nə isə qoymağa çalışdılar.

Özləri ortada qaldılar, çıxa bilmədilər.

Polis çıxardı.

Çürük diş kimi...

Elçin Alıoğlu Son.az