Gələcəkdə yer daha sürətlə firlanacaq. bu, nələrə səbəb ola bilər?


Digərləri 19 Okt 2019 19:40:00 274 0

Gələcəkdə yer daha sürətlə firlanacaq. bu, nələrə səbəb ola bilər?

Bu yaxınlarda alimlər belə bir qərara gəliblər ki, iqlim dəyişikliyi nəticəsində Yer daha sürətlə fırlanmağa başlayacaq. Mütəxəssislərin fikrincə, planet qızdıqca, onun kütləsi yenidən paylanacaq, bu da planeti daha sürətlə fırlanmağa məcbur edəcək və çoxlu problem yaradacaq. Hesablamalara əsasən, 2200-ci ilədək günün uzunluğu 0,12 millisaniyə az olacaq. Bu, hansı çətinliklərə səbəb ola bilər?

Əvvəlcə qeyd edək ki, planetin birdən sürətlə fırlanmağa başlayacağından qorxmaq lazım deyil. Ən azından belə bir hadisə baş versə belə, bizim əsrə təsadüf etməyəcək. Lakin ekspertlərin iqlim dəyişikliyinin Yerin dövretmə tezliyinə təsiri haqqında bəyanatını nəzərə alsaq, məsələ kifayət qədər maraqlıdır. Yer planeti öz oxu ətrafında bir ulduz günü ərzində qərbdən şərqə doğru dövr edir.

Planetimiz 24 saat ərzində öz oxu ətrafında bir dövr edir. Yerin çevrəsi ekvatorda 40075 kilometrdir. Bu isə o deməkdir ki, ekvatorda yerləşən istənilən obyekt təxminən 1674 km/saat sürətlə dövr edəcək. Şimal və Cənub qütblərində Yerin dövretmə tezliyi demək olar sıfra bərabərdir.

İndi, gəlin, təsəvvür edək ki, planetin fırlanma sürəti saatda 1,5 kilometr artıb. Belə bir dəyişiklik cüzi görünə bilər, lakin ən xoşagəlməz nəticələrə səbəb ola bilər. Onlardan biri daimi "jet lag"-dir. Bu zaman günlər qısalmağa başlayacaq, orqanizmin daxili saatı isə dəyişikliyə ayaq uydura bilməyəcək. Yer saatda 200 kilometr sürətlə dövr etsə, onda sutka 24 saat deyil, 22 saata bərabər olacaq. Uraqanlar, ekvator bölgəsində dəniz səviyyəsinin artması və zəlzələlər özünü çox gözlətməyəcək. Bəs bütün bunların iqlim dəyişikliyi ilə nə əlaqəsi var?

Alimlər iddia edir ki, iqlim dəyişikliyi nəticəsində bütün Yer kürəsində kütlənin yenidən paylanması planeti daha sürətlə fırlanmağa məcbur edəcək. İqlim dəyişikliyi sürətlənsə, vəziyyət daha da pisləşəcək. Atmosferdə karbon qazının səviyyəsi artdıqca, yer kürəsi qızır, nəticədə qütb buzlaqlarının başları əriyir. Buzlaqların əriməsi dəniz səviyyəsinin artmasına səbəb olacaq. Dolayısıyla, kütlə yenidən paylanacaq. Vəziyyəti daha yaxşı anlamaq üçün Hamburqda yerləşən Maks Plank adına Meteorologiya İnstutundan Feliks Landerer (Felix Landerer) buz üstündə fırlanan fiqurist qadın təsəvvür etməyi təklif edir. Qadın qollarını açsa, onda fırlanma sürəti zəifləyəcək, qollarını bədəninə yaxınlaşdırsa, sürətlənəcək. Bu analogiya üzrə Yer "qollarını belinə", və ya ekvatora yaxınlaşdıracaq və bu da onun daha sürətlə dövr etməsinə səbəb olacaq.

(adsgarden = window.adsgarden || []).push({});