Nüfuzu birinciləri narahat edən müzəffər marşal


Digərləri 19 Okt 2019 15:29:00 264 0

Nüfuzu birinciləri narahat edən müzəffər marşal

Bütün rus sərkərdələrinin xarakterində sadəlik və səmimiyyət olub. Siz isə bundan məhrumsunuz. Bizim "Napoleon"a ehtiyacımız yoxdur...

Son.az musavat.com-a istinadən bildirir ki, bu fikirləri 1948-ci ilin yanvar ayında İosif Stalin marşal Jukovla görüşündə onun ünvanına səsləndirib. Sözsüz ki, Stalinin bu fikirləri Georgi Jukov haqqında xoşagəlməz bir qərarın veriləcəyinin girişi olub. Və çox keçməmiş həmin ilin fevral ayında marşal Jukov Moskvadan uzaqlaşdırılıb. SSRİ Silahlı Qüvvələri naziri Nikolay Bulqaninin əmri ilə marşal Jukov nazir müavini və quru qoşunları baş komandanı vəzifəsindən azad edilərək Odessa Hərbi Dairəsinə, sonra isə daha uzağa, Ural Hərbi Dairəsinə komandan göndərilib.

Bəli, artıq İosif Stalinin Jukova ehtiyacı yox idi. Müharibə qələbə ilə sona çatmışdı. Dörd il ərzində Stalinin hər an köməyinə ehtiyac duyduğu marşal Jukov qələbənin təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdi. Stalin bəlkə də 1942-ci ildə Jukov haqqında dediyi sözləri də unutmuşdu: "Harada Jukov var, orada qələbə var..."

Maraq doğuran məqamlardan biri Stalinin Jukova münasibətinin kəskin şəkildə dəyişməsidir. Hansı səbəbdən Stalin müzəffər marşalı böyük səhnədən uzaqlaşdırmaq istəyib?

Müharibədən sonra və elə ömrünün sonuna qədər Jukov xalq arasında böyük nüfuza sahib olub, onu əsl sərkərdə, xilaskar kimi seviblər. Elə bu səbəbdən də Jukov qeyri-rəsmi olaraq ən böyük titulunu, Qələbə Marşalı adını qazanıb. Müharibə dövründə 41 dəfə Stalinin şəxsi təşəkkürünü alan Jukov SSRİ-nin ən populyar şəxslərindən biri olub. Bu məşhurluq isə ona rahat həyat bəxş etməyib. Birincilərin qısqanclığı gözlənilməz zərbələrlə nəticələnib.

Düzdür, Stalin Lavrenti Beriya və Viktor Abakumovun qurduğu tələlərdən Jukovu xilas edib, onun həbs olunmasına şərait yaratmayıb. Amma marşalın hərbi və siyasi karyerasına əngəl törədib. Stalini qorxudan Jukovun onun haqqında çox şeyləri bilməsi olub. Dörd il davam edən müharibənin hər dəqiqəsini ən kiçik detallara qədər yaddaşına həkk edən Jukov müharibənin ən ağır günlərində Stalinin hansı vəziyyətlərə düşdüyünün, buraxdığı səhvlərin, Stalin tərəfindən düzgün çıxarılmayan qərarların şahidi olub. Təbii ki, xalqın sevdiyi və inandığı bir şəxsin dilindən olub-keçənlərin dilə gətirildiyi təqdirdə Stalinin siyasi imicinə xələl gələ biləcəyi Stalinin özünə də gün kimi aydın olub. Elə bu məqsədlə də marşalı paytaxtdan uzaqlaşdırmaq, zaman-zaman yaddaşlardan silmək üçün son çıxış yolu Jukovu mədəni şəkildə Odessaya, Urala "sürgün" etmək məqsədəuyğun sayılıb.

Amma yəqin ki, vicdan adlı bir şey kimliyindən asılı olmayaraq hər kəsin daxilində gec-tez baş qaldırır. O, cümlədən Jukova qarşı ədalətsizlik edən Stalinin də vicdanı 1952-ci ildə ona yanlış olduğunu pıçıldayıb. Nəhayət, 1952-ci ildə Jukov Mərkəzi Komitə üzvlüyünə namizəd seşilib. Marşal sonralar öz xatirələrində bununla bağlı fikirlərini belə bölüşüb:

"Əslində mən bunu gözləyirdim. Xidmətlərim qarşısında mənə olan bu cür haqsızlıqlara nə vaxtsa son qoyulmalı idi. Digər tərəfdən də Stalin məni yaxşı tanyırdı, sədaqətimə bələd idi, o yaxşı bilirdi ki, haqqımda söylənilən xoşagəlməz fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Mənim Mərkəzi Komitə üzvlüyünə namizəd seçilməyim birbaşa Stalinin təşəbbüsü idi, onun bu addımı aradakı incikliyi götürmək və barışmaq üçün bir bəhanə idi..."

Bəlkə də bu təşəbbüslə Stalinin Jukov haqqında daha böyük planları olub. Amma onun vəfatı Jukovla olan aydınlaşmamış münasibətləri yarımçıq qoyub.

Hakimiyyətə gələn Nikita Xruşov siyasilərin Stalin dövründəki münasibətlərinə yaxşı bələd olub. O, yaxşı bilib ki, Beriya zamanında bütün vasitələrə əl atıb Jukovu həbs etdirmək istəyib, Xruşov onu da bilib ki, Jukovla Georgi Malenkovun, Vyaçeslav Molotovun münasibətləri çox da isti deyil. Bütün bunları nəzərə alaraq Xruşov ona rəqib ola biləcək komanda ilə gücünü balanslaşdırmaq üçün Jukovu öz komandasına gətirmək qərarına gəlib. Kifayət qədər nüfuzu olan Jukov həmin dövrdə Xruşov üçün qiymətli bir kadr sayılıb. Sonralar o da məlum olub ki, Jukov Xruşova Beriyanı həbs etmək üçün lazım olub.

Marşal Jukov öz xatirələrində həmin ərəfəni belə xatırlayıb: "1953-cü ilin mart ayı idi. Təlimdən yenicə qayıtmışdım. Növbətçi hissənin zabiti məruzə etdi ki, təcili olaraq müdafiə naziri Bulqaninə zəhg vurmalıyam. "VÇ" telefonu ilə zəng vurdum. Salamlaşdıqdan sonra o, konkret tapşırığını verdi:

- Səhər tezdən siz Moskvada olmalısınız.

Mən çağırışın məqsədini öyrənmək istədim, nazir Bulqanin heç bir açıqlama vermədi:

- Gələrsiniz, bilərsiniz.

Həmin gün təyyarə ilə Sverdlovskdan Moskvaya uçdum. Səhər tezdən Bulqaninlə kabinetində görüşdük. O, telefonda Kremllə danışırdı. Harasa tələsirdi. Mən bir daha Moskvaya nəyə görə çağrıldığımı soruşdum. Bulqanin kabinetdən çıxa-çıxa mənə cavab verdi:

- Bu gün plenum olacaq. Siz orada iştirak etməlisiniz və bu vacibdir. Mən Kremlə tələsirəm.

Kabineti tərk edib Baş Qərargah rəisi marşal Vasilevskinin yanına yollandım. Ondan da heç nə öyrənə bilmədim, marşal heç nə bilmədiyini söylədi:

- Allah xətrinə, mənə belə sual verməyin. Heç nədən xəbərim yoxdur. Mənə də 5-10 dəqiqə əvvəl nazir zəng vurub dedi ki, bu gün plenum olacaq.

Plenumda kadr məsələləri müzakirə olundu. Xruşov baş katib, Malenkov Nazirlər Sovetinin sədri, Bulqanin yenidən müdafiə naziri, Beriya Daxili İşlər və Dövlət Təhlükəsizliyi nazirliklərinin birləşməsindən sonra yaranan yeni quruma nazir seçildilər. Xruşov məni müdafiə nazirinin birinci müavini vəzifəsinə namizəd irəli sürdü. Bu mənim üçün gözlənilməz idi. Beləliklə, mən Sverdlovska qayıtmadım..."

Sözügedən plenumdan bir neçə ay sonra marşal Jukov Xruşovu Beriyadan xilas edib. Onun həbs olunmasını Xruşovun istədiyindən də artıq icra etməyə nail olub. Bunun müqabilində Xruşov 1955-ci ildə Jukovu müdafiə naziri təyin edib. 1957-ci ildə Jukov növbəti dəfə xilaskarlıq missiyasını həyata keçirib. "Antipartiya qrupu", Molotov, Malenkov, Kaqanoviç Xruşovu devirmək istəyəndə Jukov Mərkəzi Komitənin iclasında üçlüyün iç üzünü açıb, onları siyasi əxlaqsızlar adlandırıb. Nüfuz sahibi olan Jukovu iclas iştirakçıları sürəkli alqışlarla alqışlayıb.

(adsgarden = window.adsgarden || []).push({});