Rafael Cəbrayılovun bu binaları söküləcək? FOTO


Digərləri 19 Okt 2019 10:49:00 210 0

Rafael Cəbrayılovun bu binaları söküləcək?  FOTO

Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş deputat Rafael Cəbrayılovun tikdiyi binaların söküləcəyi bildirilir.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Həsənli bildirib ki, Sumqayıt Məhkəməsinin qərarı ilə R.Cəbrayılova məxsus və qardaşı Elşən Cəbrayılovun idarə etdiyi "Dərhal" MMC-nin tikdiyi binalardan ikisi söküləcək. Buna səbəb isə həmin yaşayış yerlərinin SOCAR-ın ərazisində tikilməsidir. Bu binalarda isə məcburi köçkünlər məskunlaşıb.

Əməkdaşlarımız həmin binaların yerləşdiyi Binəqədi Gənclər Şəhərciyinə baş çəkib sakinlərlə söhbət ediblər. Binaların qarşısında, təxminən 20 metr məsafədə hələ də aktiv neft "kaçalka"ları fəaliyyətdədir. Neft şirkətinin işçiləri mütəmadi olaraq bu qurğulara baxış keçirib, texniki xidmət göstərirlər.

Neft ərazisində yerləşən və "kaçalka"lara ən yaxın olan 17-ci binada yaşayan Kamil deyir ki, 2014-cü ildə şəhərin mərkəzində kiçik evini sataraq buradan özünə mənzil alıb: "Bir neçə il əvvəl də bu binaların söküləcəyi deyilirdi, amma sökülmədi. Burada neftin ərazisində olan iki bina deyil, binaların çoxu "kaçalka"ların yerində tikilib. Bildiyimə görə, o "kaçalka"lar zəif işləyib, hesablayıblar ki, ordan gələn gəlir bina tikintisəndən gələn gəlirdən azdır. Ona görə də "kaçalka"ları bağlayıb bina tikiblər. Bunlar elə söz-söhbət, şayiə olaraq qalır, amma real olaraq söküntü söhbəti yoxdur".

Bu bina ilə yanaşı olan 13-cü binanın 60 yaşlı sakini Cəmil kişi deyir ki, məcburi köçkün olduqları üçün 2013-cü ildə "QaçqınKom" onlara buradan mənzil verib: "Biz illərdi burada yaşayırıq, məndən başqa da çoxlu qaçqın var. Bu binaların sökülməsi məsələsi əvvəllər də deyilirdi, amma son günlər tez-tez eşidirik. Lakin bizə rəsmi olaraq bir məlumat verən yoxdur. Dəqiq heç nə bilmirik. Sökülsə də, dövlət bizi çöldə qoymaz, yəqin başqa bir yerdə ev verərlər".