Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib FOTO


Kriminal 18 Okt 2019 20:30:00 342 0

Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib  FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli rejissor Vaqif İbrahimoğlunun (18 oktyabr 1949 - 12 may 2011) 70 illik yubileyinə həsr olunmuş "Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Son.az bildirir ki, oktyabrın 18-də Universitetin Elmi Şura otağında baş tutan konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, öz teatr ideyasını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, habelə, humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak etdilər. Açılış sözü ilə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, "YUĞ" teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu qeyd etdi. Rektor Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu bildirdi,  61 illik ömrü boyunca teatr yaradıcılığı və pedaqogikası sahələrində son dərəcə önəmli işlər gördüyünü dedi. C.Mahmudova sənətkarın aramızda olmadığı səkkiz il ərzində onun teatr sahəsində ideyalarının və konsepsiyasının bu gün də davam etdirildiyini, yerinin isə hər zaman göründüyünü və görünəcəyini vurğuladı.

Beynəlxalq tədbirdə müvafiq sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyü məsələləri müzakirə olundu.

Konfransda türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, ideyalarını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, həmçinin humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak etdilər.