Kataloniyada tətillər davam edir


Dünya 18 Okt 2019 17:50:00 280 0

Kataloniyada tətillər davam edir

Bu gün Kataloniyada ümumi tətil başlanıb. Kataloniyanın bir sıra şəhərlərindən Barselonaya axışan minlərlə insan nümayişə çıxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Barselonada müstəqillik uğrunda çıxış edən minlərlə kataloniyalı 2017-ci ildə Kataloniyanın müstəqilliyinə cəhd göstərmiş 12 siyasi liderin İspaniya Ali Məhkəməsi tərəfindən mühakimə olunmasına etirazını bildirir. Etirazçılar səhər tezdən Barselonada, Fransa ilə sərhəddə və Andorra istiqamətində yolları bağlayıblar.

Son gecələr Kataloniyada, xüsusən Barselonada zorakılıq törədən qruplarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar qeydə alınıb. Dünən axşam etirazçılarla polis arasında qarşıdurma nəticəsində 42 nəfər yaralanıb, 19 nəfər həbs edilib.

Müstəqil həmkarlar ittifaqları tərəfindən Kataloniyada ümumi tətil elan edilməsi ilə əlaqədar Barselonanın El-Prat aeroportunda azı 55 aviareys ləğv edilib. İberiya aviaşirkəti isə Madrid-Barselona marşrutu üzrə uçan 12 reysi ləğv edib.