Frederiko: "Qarabağ-la sona qədər mübarizə aparacağıq"


İdman 17 Okt 2019 18:00:00 356 0

Frederiko: "Qarabağ-la sona qədər mübarizə aparacağıq"

“Neftçi”nin futbolçusu Dario Frederiko klubun rəsmi saytının suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir...

- Komandanın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsiniz?

- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son 2 oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.

- Qarşıdan “Zirə” ilə oyun gəlir. Bu görüşdən nə gözləyirsiniz?

- “Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadır, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq.

- Altı çempionat matçında meydana çıxsanız da, qol vurmamısınız. Öz oyununuzu necə qiymətləndirirsiniz?

- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidir. Oyundan oyuna daha da artırmağa çalışıram.

- “Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yeri tutur. Sizcə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?

- Keçən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdır. Liderlə (“Qarabağ”ı nəzərdə tutur - red.) 10 xallıq fərqə baxmayaraq, sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.

- Azarkeşlərə nə demək istərdiniz?

- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.