Muğam mərkəzində pulsuz konsert olacaq Sara Qədimovaya həsr edilir


Kriminal 17 Okt 2019 15:59:00 372 0

Muğam mərkəzində pulsuz konsert olacaq  Sara Qədimovaya həsr edilir

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Sara Qədimovaya həsr olunacaq.

Oktyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın xatirə gecəsi keçiriləcək.

Azərbaycan klassik muğam, xalq və bəstəkar mahnıları ifaçılığı sahəsində öz dəst-xətti, özünəməxsus ifa tərzi ilə seçilən Sara Qədimova Üzeyir Hacıbəyovun xeyir-duası ilə səhnəyə gəlib. Üzeyir bəyin tapıntısı olan Sara xanım Qurban Pirimov, Zülfü Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb.

Sara xanım Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndədir. "Şur dəstgahı", "Mahur-hindi", "Bayatı-Şiraz", "Rast", "Segah", "Xari segah" "Qatar", "Şahnaz" kimi çətin və mürəkkəb muğamları məharətlə oxumuş, sənət meydanında öz sözünü demişdir.Bu muğamlar lentə alınaraq Dövlət Teleradio Verilişləri Şirkətinin qızıl fondunda qorunur. Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daim yaşayacaqdır.

Tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından səhifələr vərəqlənəcək, görkəmli xanəndələr Sara Qədimovanın repertuarından əsərlər ifa edəcəklər.