Prezident İlham Əliyev: Qeyrineft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər


Siyasət 16 Okt 2019 22:05:00 281 0

Prezident İlham Əliyev: Qeyrineft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər

Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib:

"Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı olan tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar var, potensial var. Sadəcə olaraq biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.

Yenə də qeyri-neft sənaye sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı olan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüb edirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2 faiz, 3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır".