Son günlər artan qadın qətllərinin


Digərləri 16 Okt 2019 19:34:00 278 0

Son günlər artan qadın qətllərinin

Son günlər qadın qətlləri, onların uşaqların gözü qarşısında qadınların amansızlıqla öldürülməsi ilə bağlı xəbərlərin sayı durmadan artır. Ən dəhşətlisi isə bunun uşaq psixologiyasında dərin izlər buraxaraq, onların gələcək həyatlarını qarabaqara izləməsi olur. Bəzən nadir baş verən hadisələrə susmaq qınanılmasa da, son törədilənlər bu işin məcrasından, haşiyəsindən çıxdığını gösərir. Bu isə cəmiyyət üçün artıq narahatedici hal şəklinə çevrilməlidir. Bəzən kiçik məsələlərə maya vurub şişirdən, onlara kəskin reaksiya verənlər, çox təəssüf ki, qadın zorakılığı məsələlərini hələ də qıraqdan tamaşaçı kimi seyr etməyə üstünlük verir. Bəziləri isə "Yaxşı at özünə qamçı vurdurmaz" atalar məsəlinə əsaslanaraq, hətta öldürənə haqq qazandırırlar. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana iştirakı ilə də baş verir. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bəs görəsən kimdir günahkar ölən ya öldürən?

Son.az xəbər verir ki, "ölkə.az" bu məsələ ilə bağlı araşdırma apararaq ölkənin müxtəlif sahələrində çalışan tanınmış simalara üz tutub.

Deputat Aytən Mustafayevanın sözlərinə görə, son dövrlərdə ailə zorakılığı çox artıb, insanlar isə soyuqqanlı olublar:

"Bir neçə gün əvvəl "Avtovağzal" metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qarşısında arvadını bıçaqlayıb. Ətrafdakılar prosesə müdaxilə edib, buna imkan verməmək əvəzinə, hərə əlinə bir telefon alaraq hadisəni lentə alıb. Bu hadisə də uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın",- deyə deputat keçirilən plenar iclasda fikir bildirib.

"Təmiz Dünya" İB- nin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, bu kimi vəziyyətlər kişinin qadını öz malı kimi, bir əşya kimi görməsindən irəli gəlir:

"Bunun ən böyük səbəbi kişilərin qadını ona mənsub olan əmlak kimi görməsidir. Bir çox hallarda səbəb kişinin ailəni özünün mal varlığı sayıb hegemonluq etməsidir. Ən dəhşətlisi isə həmin insanlar uşaqlara da əşya kimi baxırlar. Bir gün onun qanunları keçmirsə, ən asan yolu-qətli seçirlər. Onlar emosialarını idarə edə bilmirlər və çox zaman uşaqların gözü qarşısında ananı qətlə yetirirlər."

M. Zeynalova əsas səbəblərdən birinin yenə də sosial problemlər və insan davranışının pozğunluğu olduğunu da vurğulayıb.

"Bunun kökündə həm sosial problemlər, həm də davranış pozğunluğu durur. Bu iki problem bir- biri ilə əlaqəlidir, bunları birini-digərindən ayırmaq qeyri-mümkündür. Bunu da qeyd etmək lazımdır ki, səbəblərdən biri də gender rollarının dəyişməsinə etirazdır. Ancaq bir məsələni də dana bilmərik ki, burada əsas psixoloji amillər, şübhələr, müdaxilələr də rol oynayır. 

Zeynalova son zamanlar sosial şəbəkələrdə müzakirə olan əsas səbəbdən- öldürənə haqq qazandırmaqdan da danışıb.

"Heç bir vəziyyətdə öldürənə haqq qazandırmaq olmaz. Öldürmək üçün heç bir səbəb ola bilməz. Məlumatı oldu-olmadı bəziləri insan haqqlarından danışır. Deyir qadın hüquqları yox, insan haqqları var. Əgər belədirsə, zəhmət çəkib insan kimi davransınlar",- deyə o, fikrini tamamlayıb.

Millət vəkili Fazil Mustafa isə "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bu kimi halların çoxalmasını savadsızlıqla əlaqələndirib.

"Bu birbaşa ölkədə savadın, mədəniyyət səviyyəsinin aşağı olması ilə bağlıdır. Təhsil zəiflədikcə, savadsız insanların sayı artır və bu da mədəniyyət səviyyəsinə birbaşa təsir edir. Əgər sosial problemlərə qalsaydı, dünyada qat-qat aşağı səviyyədə olan dövlətlər var. Onda onlar bir-birlərini öldürüb, bitirərdilər.

Çox ailələrdə qız uşaqlarını elə doğum evində öldürürlər, abort edib məhv edirlər. Mənim fikrimcə vəhşilik, zorakılıq birinci elə oradan başlayır. Bu, məsələnin özünü araşdırıb tapmaq lazımdır ki, insanlar niyə özləri belə naşükür davranırlar.  Bu da son zamanlar baş verən qətl hadisələrinin təzahürüdür.