Bakıdakı keşiş Qapon aranı qatmaq istəyir


Siyasət 16 Okt 2019 19:21:00 335 0

Bakıdakı keşiş Qapon aranı qatmaq istəyir

Bir qrup insanı nəyəsə inandırmaq olar. Min adamı uzun müddət yalanlarla bəsləmək mümkündür. Lakin xalqı uzun illər boyu aldatmaq mümkünsüzdür.

AXCP sədri Əli Kərimli bunu bilir. Bildiyi üçün yalanlarını davam etdirir, ona hələ də inananlardan provokasiya vahidləri qismində istifadə edir.

"Kimsə etiraz etmək hüququmuzu əlimizdən ala bilməz!", "Öldü var, döndü yoxdur!", "Ancaq irəli!", "Hamı 19 oktyabr mitinqinə!" Partiya sədrindən bloqerə çevrilmiş Əli Kərimlinin Facebook səhifəsində oktyabrın 19-u üçün nəzərdə tutulmuş mitinqlə bağlı yazılanların sadəcə, bir qismidir.

Bu isterik, aqressiv, dövlətə və hakimiyyətə, habelə Əli Kərimlini əsla dəstəkləməyən milyonlara meydan oxunan cümlələrin müəllifləri arasında real insanlar olsa da, tam əksəriyyət AXCP sədrinin bəslədiyi trol ordusunun məhsuludur.

Əli Kərimli bu dəfə öz aləmində va-bank gedişi edərək oktyabrın 19-da mitinq keçirmək istəyir.

Təbii ki, mövcud qanunvericiliyi və Konstitusiyanın tələblərini kobud şəkildə pozmaq şərti ilə.

Halbuki o, reallaşdırmaq istədiyi əmələ "legitimlik" görüntüsü vermək üçün qanunlara, Konstitusiyaya istinad edir.

Günlərdən bəri sosial şəbəkələrdə və xüsusilə də Əli Kərimlini bəsləyən "cib"lərin nəzarətindəki YouTube kanallarında AXCP sədri aqressiv reklam olunur, hamını mitinqə çağırır, fərqli düşünənləri təhqir edir.

Ə.Kərimlinin iddialarına görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun ona Bakı metropolitenin "28 May" stansiyasının qarşısındakı meydanda icazəsiz aksiya keçirməyə imkan verir. O, fasiləsiz şəkildə vurğulayır ki, Lökbatan qəsəbəsində mitinq keçirmək niyyətində deyillər.

Halbuki elə həmin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsində məhdudiyyətlərdən bəhs olunur və vurğulanır:

"I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.[15]

1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;

2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;

3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;

4) əhalinin sağlamlığının mühafizəsi üçün;

5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;

6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər".

Konstitusiyayanın şərtlərinə gəldikdə isə, bu barədə də Əli Kərimlinin iddiaları yalan və siyasi saxtakarlıqdır.

Çünki "Milli Şura, yəni AXCP sədri+bloqer Əli Kərimlinin affilə olunmuş "cib" strukturu "Milli Şura"nın etiraz aksiyası, yəni mitinq keçirməklə bağlı müraciətini Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavablayıb. Qərara görə, "Milli Şura", yəni AXCP oktyabrın 19-da saat 15-17 aralarında Lökbatandakı 28 may küçəsində yerləşən, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında mitinq keçirə bilər.

Baza dedikdə, minimum 24 min, normalda isə 35-40 min nəfər tutan stadiondan bəhs olunur.

Əli Kərimli Lökbatanda mitinq keçirməkdən israrla və inadla boyun qaçırır, "hakimiyyət mitinqin yerini və vaxtını dəyişərək qanunu pozur" deyir.

Usanmadan, yorulmadan, utanmadan yalan danışır.

Heç bir qanun pozuntusu olmadığını, qanunvericiliyin yeri və vaxtı dəyişməyə tam rüsxət verdiyini əla bilərək.

Əli Kərimli bilərəkdən belə davranır. O, tərəfdarları ilə yanaşı, bel bağladığı, halbuki ona çoxdan arxa çevirmiş protest elektoratını kütləvi itaətsizliyə, qanunvericiliyi kobud şəkildə pozmağa çağırır.

Ə.Kərimlinin məqsədi "28 May" metrostansiyasının önündəki meydanda iğtişaş yaratmaq, polislə qarşıdurmaya nail olmaq, bir neçə və ya onlarla cəbhəçinin saxlanmasına nail olmaq, bununla da ölkənin radikal müxalifətinin "yeganə lideri, qorxmaz siyasətçi" obrazına yiyələnməkdir.

O, "Mən də orada olacağam!" deyərək 8 oktyabrda keçirilmiş piketdən qaçmasının yaratdığı suallara cavab verdiyini düşünür.

Suallarsa artır.

Məsələn, AXCP sədrinin polislə qarşıdurmaya, iğtişaşlara və qanun pozuntularına təhrik etdiyi, çağırdığı, bu əməlləri törədəcəkləri təqdirdə polis əməkdaşlarının saxlayacaqları gənclər arasında onun oğulları olacaqmı?! London və NYu-Yorkdakı "cunior" Kərimlilər oktyabrın 19-dakı mitinqlərə qatılacaqlar?!

Cavab bəlli: əsla. Əli Kərimli həmişəki kimi, keşiş Qapon funksionallığını yerinə yetirərək azsaylı tərəfdarları vasitəsilə şəhərin mərkəzində iğtişaşa can atır.

Onun əsas məqsədi də budur.

Etiraz aksiyalarını stabil gəlir mənbəyinə çevirmiş Əli Kərimli əslində, mümkün qədər çox tərəfdarının saxlanmasında və həbsində maraqlıdır.

Hər belə şəxs dərhal "siyasi məhbus" elan olunur, xaricdəki "müstəqil beynəlxalq təşkilat"lara yollanan hesabatlarda qeyd olunur və sonucda Əli Kərimliyə ayrılan pulların məbləği daha da artır. Axı o, çoxsaylı "siyasi məhbusun hüquqlarının müdafiəsini təşkil" etməlidir.

Yəni daha çox qazanmalıdır.

Və ən nəhayət, siyasi möhtəkirliklə məşğul olan Əli Kərimli "28 May" metrostansiyasının önünü aksiya üçün seçməklə həmin zaman meydanda olacaq minlərlə şəhər sakinini və qonaqları da "aksiya iştirakçıları" qismində qələmə vermək niyyətindədir.

Bu bloqerin yemlədiyi "müstəqil jurnalist"lər aksiya zamanı "kütləvilik" effekti yaratmaq üçün həmişəki fəndlərdən istifadə edəcək, kütlənin fotoların çəkərək "cəbhəçilər" kimi tirajlayacaqlar.

Gerçəkdən də, miskin plan, primitiv taktika, ürək bulandıran niyyətlərdir.

Əli Kərimli artıq siyasətlə yox, keşiş Qaponluqla məşğuldur.

Ona inanlara fəlakətlər vermiş Georgi Apollonoviç Qaponun taleyindən AXCP sədrinin xəbəri var yəqin.

Xəyanətkarlar, siyasət möhtəkirlər, yalançılar elə aldatdıqları kütlənin qəzəbinə gəlir həmişə.

Tarix bunu deyir.

Elçin Alıoğlu Son.az