570 güzəştli mənzilin seçimi başa çatıb (FOTO)


Digərləri 16 Okt 2019 15:44:00 233 0

570 güzəştli mənzilin seçimi başa çatıb (FOTO)

Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub.

Bakı. Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16.10.2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır. Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12724 nəfərdir. Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir. Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.