Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb (FOTO)


Digərləri 16 Okt 2019 14:32:07 252 0

Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb (FOTO)

KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, bununla da Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb. Oktyabrın 16-da KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcəkdir. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.