Siyahıyaalınma başa çatdı - Məlumatlar 2020-ci ilin yanvarından sistemə daxil olacaq


Digərləri 16 Okt 2019 14:26:00 245 0

Siyahıyaalınma başa çatdı - Məlumatlar 2020-ci ilin yanvarından sistemə daxil olacaq

Azərbaycanın bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Komitənin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq. Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılmışdır ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Dövlət Statistika Komitəsi siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.