“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”


Digərləri 16 Okt 2019 12:39:00 277 0

“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”

İqtisadçı ekspert Vüqar Bayramov son günlər əhalinin siyahıya alınması ətrafında yaranan narazılıqlardan danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisadçı bildirib ki, o da siyahıya alınmayan vətəndaşlardandır:

"Ümumiyyətlə, biz yaşayan mənzili siyahıya almaqla bağlı müraciət olunmadı. Qeyd edək ki, bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi.

Xatırladaq ki, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı.

Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim beyin mərkəzinə edilən müraciətlər göstərir ki, siyahıya alınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazımdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.

BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, (halbuki bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümükündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda, qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır".