"Qazancım maşın sürməyə imkan vermir" Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı


Şou-biznes 16 Okt 2019 09:19:00 371 0

"Qazancım maşın sürməyə imkan vermir"  Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı

Müsahib Xalq artisti Eyyub Yaqubovun oğlu Zakir Yaqubovdur.

Son.az modern.az-a istinadən onunla söhbəti təqdim edir:

- Atanız Eyyub Yaqubovu necə xarakterizə edərdiniz?

- Gözümü açdığım ilk günlərdən atamı çox şən, gülərüz və xeyirxah biri kimi tanıyıram.  Mən uşaqkən səhər tezdən yuxudan duranda atam yatırdı. O yuxudan duraranda isə mən məktəbdə olurdum. Məktəbdən qayıtdıqda görürdüm ki, atam  evdə yoxdur. Çox vaxtlar atam toylarda olurdu və işi axşamlar başlayırdı. Artıq  böyüdükdən sonra isə mən evdə az-az tapılmağa başladım. Zamanla həm atamın, həm də mənim həyatımda müəyyən dəyişikliklər baş verdi. Atam namaz qılmağa başladı və bu günə kimi namaz qılmaqdadır. İnamı və ibadəti atama işlərində çox böyük köməklik göstərdi. Əvvəllər toylarda çox yorulurdu, həmçinin bu yorğunluq da zamanla aradan qalxdı.

- Eyyub Yaqubovun mahnılarının öz dinləyiciləri var. Bəs siz onun hansı mahnılarını xoşlayırsız?

- Atamın daha çox şanson mahnılarını xoşlayıram. Onun çox gözəl musiqi zövqü və ifaları var, lakin bu mahnılar nədənsə mənə daha doğmadır. Çünkü mən bu mahnılarla böyümüşəm. Ən çox sevdiyim mahnısı isə "Dostum" mahnısıdır. Bu mahnıda çox maraqlı keçidlər və musiqi xətti  var. Düşünürəm ki, mahnının içində muğama keçid çox gözəl alınıb. Mahnıda muğamla caz sintez olunub, bəstə qürbətdə yaşayan azərbaycanlılara həsr olunub. Mən özüm də qürbətdə yaşadığım zaman bu mahnını tez-tez dinləyirdim. Bu mahnını dinlədikdə həmişə çox kədərlənirəm.

- Siz sırf Bakı mühitində boya-başa çatmısınız. Atanızın Bakıya olan sevgisi zamanla onun ifalarına da hopub. Hətta kliplərinin bir çoxu da Bakı küçələrində çəkilib. Bu barədə bizlərə özəl olaraq nə deyə bilərsiniz?

- Atam həqiqətən Bakını çox sevir. Lakin Bakı artıq əvvəlki Bakı deyil. Həm görkəmi dəyişib, həm də  əvvəlki  isti mühiti tapmaq çox çətindir. Ona görə də atamın mahnılarında nostalji və kədər var. Atam hər həftə o mühiti yaratmaq üçün dostlarını Mərdəkandakı evimizə dəvət edir. Onları müşahidə etdiyim zaman o mühit və səmimi söhbət mənim üçün də həqiqətən çox maraqlı görünür. Mən bu ortamda bir daha əmin oluram ki, atam Bakıdan başqa heç bir yerdə yaşaya bilməz. O da bunu qətiyyən istəməz. Biz uşaq olan zaman anam Türkiyədə yaşamaq istərdi, lakin Bakıya olan sevgisindən dolayı atam buna razı olmurdu.

- Valideynlərdən söz düşmüşkən, hazırda onların münasibətləri necədir? Bir zaman bəzi şayiələr yayılmışdı ki, Eyyub bəyin həyat yoldaşı və oğlu ayrı yaşayır. Bu barədə ən dəqiq fikirləri isə məhz sizdən öyrənmək istərdik.

- Atam heç zaman şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib və buna ehtiyacı da yoxdur. Çünki atam həmişə sənəti ilə gündəmdə olub. Münasibətlərə gəlincə isə atam və anamın həmişə çox yaxşı münasibətləri olub. Kiçik anlaşılmazlıqlar bütün ailələrdə olur, amma bu hal bizdə əsla aşırı dərəcədə olmayıb. Anam atamın həyatda ən yaxın dostudur. Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər.

- Eyyub Yaqubovun məşhurlaşdığı zamanları xatırlayırsınız?

- Bu mənim uşaqlıq dövrümə təsadüf edir. Hardasa 1999-2000-ci illərdə atam Zaqulbadakı "Amburan" restoranında çıxış edirmiş. Həmin vaxt qarşısına bir  nəfər çıxır və o, atamdakı istedadı hiss edib, dəstək verir.  O insan atamın "Azəri torpağı" mahnısını xüsusilə bəyənmişdi. Daha sonra klip çəkilişi oldu, atam efirlərə çıxmağa başladı və uğura gedən yolu məhz belə açıldı.

- Bəs o vaxta kimi atanız harada çalışırdı?

- Mərdəkan, Zaqulba və ona yaxın bölgələrdə toylara gedirdi. Lakin müğənni kimi elə də tanınmırdı. Biz özümüz də, o zaman Zaqulbada yaşayırdıq. Maddi durumumuz da aşağı idi.

- Madam ki, söhbətimiz maddi məcraya yönəldi, onda bu sualı vermək yerinə düşər. Həmin vaxtlarda maddi çətinlikləriniz çoxmu olurdu? Eyyub Yaqubov heç zaman efirlərdə bunu dilə gətirməyib...

- Əlbəttə, o zaman maddi çətinliklərimiz həddindən artıq çox olurdu. İndi sizinlə maddiyyatdan danışdıqca, həmin günlərimiz bir-bir gözümün önündə canlanır. O zaman atam Zaqulba tərəflərdə toylara getdiyi üçün hər gün şəhərdən oralara gedib gecə evə qayıtmaq atam üçün çox çətin olurdu. Məcburən orada ev kirayələlədik ki, atam üçün rahat olsun. Həmin vaxtlar rus əsilli Lusya xalanın evinin bir otağında kirayə qalırdıq. Lap kritik çətinliklərimiz olmasa da, müyyən qədər vardı.

- Bəs atanız məşhurlaşandan sonra həyatınızda nə kimi dəyişikliklər baş verdi?

- Maddi vəziyyətimiz yaxşılaşmağa başladı. Mən ailəmin tək övladı olduğum üçün ata-anam  bütün qayğılarımı qarşılamağa çalışırdı. Əgər çoxuşaqlı ailə olsaydıq, mən çətinlikləri daha çox hiss edərdim. Yadımdadır, uşaqkən çox dəcəl olmuşam və anam həmişə gileylənirdi. Təbii ki, atam məşhur olduqdan sonra mənə ayırmağa vaxtı daha çox olurdu. Artıq gedəcəyi toylarda seçimləri məhz atam edirdi. Məcburən hər gün gecə yarısına kimi oxumaq zorunda deyildi.

- Nə üçün atanızın yolu ilə gedərək, müğənni olmadınız? İndi Azərbaycanda incəsənət sahələri arasında ən çox gəlir gətirən məhz ifaçılıqdır...

- Ona görə müğənni olmadım ki, öncəliklə səsim yoxdur. Mənim pianoya və caz musiqisinə çox böyük həvəsim var. 11 illik musiqi məktəbini bitirmişəm. Vaxtilə bir neçə caz və rok bəstələrim də olub, lakin bunları üzə çıxarmamışam. Düşündüm ki, əgər professional ola bilməyəcəmsə, o sahədə boş vaxt itirməyə dəyməz. Zümzümə etməyi də çox sevirəm, lakin bu kütlə üçün deyil.

- Hazırkı işiniz və təhsiliniz haqqında məlumat almaq istərdik..

- Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində "Dram rejissorluğu" fakültəsinin sonuncu kursunda təhsil alıram. Öncə aktyorluğa daxil olsam da, təhsilimi rejissor olmaq üçün davam etdirirəm. Mən uşaqlıqdan aktyorluğa çox həvəsli olmuşam. Bu arzuyla da  2010-cu ildə Mədəniyyət və İncəsənət Univesititetinə daxil oldum.