Məhəbbət Vəliyeva: "Əgər direktor şagirdlərin təhsilə cəlbində acizdirsə, onda biz nədən danışa bilərik?"


Digərləri 15 Okt 2019 16:19:00 268 0

Məhəbbət Vəliyeva: "Əgər direktor şagirdlərin təhsilə cəlbində acizdirsə, onda biz nədən danışa bilərik?"

"Məktəbin yaxşı oxuyan 10-11-ci sinif şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür. Onun göstəriciləri aşağı düşsə, şagird kontingenti azalsa belə, həmin direktora təşəkkür etmək lazımdır, çünki o, işini tələblərə uyğun qurur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, hətta təmayül siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil: "Niyə? Bu, belə olmamalıdır. Şagirdlərin elektron yerdəyişməsi sistemi bizə imkan verir ki, onların yerdəyişmə etdiyi məktəbi görək. Əgər direktor şagirdlərin məktəbə, təhsilə cəlb edilməsində acizdirsə, onda biz nədən danışa bilərik? İstənilən məktəb direktoru yeni şagirdə sual verib öyrənir ki, niyə yaxşı məktəbi qoyub bura gəlib. Əgər hər hansı məktəb direktoru üzərinə məsuliyyət götürərək şəhərin lisey-gimnaziyasının XI sinif şagirdini məktəbə qəbul edirsə, başa düşməlidir ki, istənilən vaxt kimsə məktəb qapısını açaraq məhz o şagirdin sinifdə olub-olmadığını öyrənə bilər. Əgər bir məktəbin X-XI siniflərinin şagirdlərinin sayı ciddi şəkildə azalırsa, demək, o məktəbin direktoru şagirdlərinə deyir ki, sizin üçün "şərait" yaradılmayacaq. Bunun başqa səbəbi yoxdur. Məktəbin yaxşı oxuyan şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür".

M.Vəliyeva qeyd edib ki, bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır: "Təəssüf ki, hələ də təmayülləşmə prosesinin heç bir təhlilə əsaslanmayan şəkildə, səmərəsiz təşkil olunduğunu görürük".