Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...”


Digərləri 15 Okt 2019 11:36:57 251 0

Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...”

Borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

Son.az xəbər verir ki, azpolitika.info-ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür.

Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına "krışalıq" etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi "Dərhal" MMC-nin külli miqdarda borcu üzə çıxıb. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

"Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1,6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib", - deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib:

"O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib".

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir.