Türk Şurası arzuların gerçəyidir


Siyasət 15 Okt 2019 10:00:00 228 0

Türk Şurası arzuların gerçəyidir

Böyük Turan idefiks, xəyal, illüziya və ilğım deyil. Tam əksinə, türkdilli xalqların əsrlərdən bəri köksdə qövr edən arzusu və istəyidir. Postsovet məkanındakı türkdilli ölkələr müstəqillik əldə etdiklərindən bəri qarşılıqlı əlaqələri sürətlə inkişaf etdirmək, türk ulusunun yaşadığı coğrafiyada xalqlarımız arasındakı əlaqələri daha da aktiv və intensiv etməyin yollarını arayırlar.

O yolun biri, bəlkə də ən önəmlisi ilə artıq gedilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və ya "Türk Keneşi" 2009-cu ilin oktyabrın 3-də, Naxçıvanda yaradılandan bəri regional təşkilat kimi formalaşmaqla yanaşı, illər keçdikcə nüfuzlu beynəlxalq struktura və əməkdaşlıq platformasına çevrildi.

2012-ci ilin avqustun 25-də Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından alındı.

Özü, sözü, təşkilati vahidləri və bayrağı olan Türk Şurası üzv dövlətlər arasında siyasi təmaslarla paralel iqtisadi əməkdaşlığın çərçivəsini də sürətlə böyüdür.

Bakıda keçirilən Türk Şurası ölkə rəhbərlərinin sammiti, Türk Şurasının  fəaliyyətinldə yeni mərhələnin - sıx və məntiqi inteqrasiya dönəminin başlanması ilə bağlıdır.

Zirvə görüşü ötən 10 ildə görülmüş işlərin nəzərdən keçirilməsi, gələcək perspektivlərin müəyyən edilməsi baxımından bir növ simvolik xarakter daşıyır. Azərbaycanın Türk  Şurasına sədrliyi dövründə prioriteti- iqtisadi əlaqələrin inkişafı və Türk Dünyasının mədəni irsinin təbliği olacaq. Son illərdə Türkdilli dövlətlərin beynəlxalq və regional miqyasda artan nüfuzu və iqtisadi gücü, onlar arasında əməkdaşlığı daha da cəlbedici edir, zəngin enerji qaynaqları, əlverişli coğrafi mövqe türkdilli ölkələri qlobal iqtisadiyyatın mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı enerji (Bakı-Tbilisi-Ceyhan, TANAP), nəqliyyat (Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı) layihələri türkdilli dövlətlər arasında qarşılıqlı əməkdaşlığın inkişafına imkan verir. Azərbaycanın tranzit əhəmiyyəti, Türk dünyası ölkələrinin dünya iqtisadi arenasında mövqelərinin daha da güclənməsinə xidmət edəcək. Hal-hazırda, Xəzər hövzəsinin enerji resurslarının qərb bazarlarına çıxarılması məqsədi ilə tikintisi planlaşdırılan Transxəzər Boru Kəməri layihəsi ətrafında Avropa İttifaqı ilə çoxtərəfli danışıqlar davam etməkdədir və adıçəkilən layihəyə Azərbaycan öz töhvəsini verməyə hazırdır.

Ölkəmizin Mərkəzi Asiya türk dövlətləri ilə Avropa arasında mühüm koridorda yerləşməsi, Türk Şurasının inteqrasiya prosesində də Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini artırır. Yaxın gələcəkdə işə düşməsi planlaşdırılan Şərq-Qərb tarixi ipək yolunun önəmli komponenti olan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi, Mərkəzi Asiya türk dövlətlərinin layihədə iştirakını təmin edə biləcək. 2019-cu ilin yanvar ayından bu günədək Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 32% artımı, bu ilin may ayında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası-nın təsis olunması və ölkə rəhbərlərinin imzalaması planlaşdırılan Bəyannaməyə Birgə İnvestisiya Fondu-nun yaradılması haqda müddəanın daxil edilməsi  genişçaplı iqtisadi inteqrasiyanın reallaşmasına gətirib çıxaracaq.

Bu, inteqrasiya və əməkdaşlığın labüd inkişafı, proseslərin sürətli gəlişməsidir.  Zəngin enerji qaynaqları və əlverişli coğrafi mövqe, Türk Şurasının əhəmiyyətli qlobal təşkilata çevrilməsinə səbəb olur və eyni zamanda ölkəmizin coğrafi mövqeyi, Türk Dünyası ölkələrinin iqtisadi inteqrasiya prosesinə mühüm töhfə verir.

Bununla yanaşı, Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının ofisinin açılması, Özbəkistanın təşkilata üzv olması qurumdakı dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə dəlalət edən məqamlardır.

Avropa Birliyi, MDB, Avrasiya İqtisadi Birliyi, Böyük İpək Yolu, NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ərəb Ölkələri Liqası və s. regional, subregional və subkontinental təşkilatların hamısı konkret geosiyasi məqsədlər üçün yaradılıb, bəlli niyyətlərin gerçəkləşdirilməsinə xidmət edir.

Onların istisnasız olaraq hamısı ilkin dönəmlərdə ideyanın mümkünsüz gerçəklik ehtimalı sayılsa da, artıq faktdır, var və heç də zəif qurumlar deyillər.

Türk Şurası da dünyanın siyasi əlaqələr və inteqrativ proseslər xəritəsinlə gənc təşkilatdır. Lakin onun perspektivləri çox böyükdür, çünki regional güclər onun intişarında maraqlıdır.

Necə ki, digər regional güclər Türk Şurasının, ümumiyyətlə, olmamasını, müümkün qədər tez zamanda zəifləməsini və yox olmasını arzulayır, bunun üçün bütün vasitələrdən istifadə edirlər.

Türkdilli dövlətlərsə qarşılıqlı əlaqələrin və münasibətlərin zəifləməsinə yönələn çağırışlarla cəhdlərin qarşısını birlikdə almalı, inteqrativ meylləri və prosesləri daha da gücləndirməlidirlər.

Böyük Turan siyasi və geosiyasi baxımdan, sadəcə, arzu olsa da, Türk Şurası artıq gerçəkdir.

Əsrlərdən bəri gələn arzunun reallaşması, indiyədək çox siyasətçinin və dövlət xadiminin verdiyi vədlərdən fərqli olaraq, görülən əməli işlər və real proqramlar - Bakı yürütdüyü siyasətlə bir çox arzular kimi, bu niyyəti də var edir.

Elçin Alıoğlu Son.az