"30 yaşım var, yengəyə ehtiyacım yoxdur"


Şou-biznes 15 Okt 2019 10:50:00 229 0

"30 yaşım var, yengəyə ehtiyacım yoxdur"

Son.az aparıcı, aktrisa və yazar Mələk Heydərovanın oxu.az-a müsahibəsini təqdim edir:

- Mələk, yeni mövsümdə hansı yeniliklərlə göz önünə çıxacaqsınız?

- Mövsüm yeni başlayıb. Keçən mövsümdə çəkildiyim "Baldız" serialı bu mözsümdə yayımlanacaq. Orada öz obrazımı canlandırmağa davam edirəm. Əsas obrazlardan biriyəm. Əməkdar artist Dilarə Əliyeva tərəf müqabilimdir. Amma daha bir yeniliyim də var.

Yaş həddi 18+ kateqoriyaya aid edilən veriliş hazırlayıram. Aparıcısı olacağım sözügedən layihə televiziyada deyil, "Youtube"da yayımlanacaq. Yaş məhdudiyyətinin qoyulması o demək deyil ki, veriliş başdan sona kimi açıq-saçıq olacaq.

Sadəcə, verilişdə qoyulacaq mövzular və müzakirələr açıq şəkildə aparılacaq. Bir sözlə, sərhəd qoyulmayacaq. Çünki televiziyada yayımlanan verilişlərə gələn qonaqlar açıq diskussiya aparmaqdan boyun qaçırırlar. Səmimi ortam yaratmaq üçün qərara qəldim ki, veriliş sosial şəbəkədə yayımlansın. Amma bu, izləyicilərə bir aydan sonra təqdim ediləcək. Beləcə, tamaşaçıların qarşısına Mələk tamam başqa bir formatda çıxacaq.

- Belə bir formatda verilişə illər öncə Xalq artisti Aygün Kazımova aparıcılıq edib, amma proqram televiziyada yayımlanırdı. Heç o zamanlar açıq-saçıqlıq tamaşaçılar tərəfindən bu qədər tənqid olunmurdu. Sanki biz 90-cı illərdə daha müasir idik, nəinki indi. Fikrinizcə, bu nədən qaynaqlanır?

- Bu, ondan irəli gəlir ki, ölkəmiz yenicə azadlığa qovuşmuşdu. O zaman hər şey azad idi. Hər kəs istədiyini edirdi. Bu azadlığın içində, təbii ki, televiziya ilə bərabər, media da var idi. Ədəbiyyatda da azadlığın qoxusu var idi. Bizim ən böyük problemimiz sərhəd qoymağı bacarmamağımızdır.

Azadlıq hara qədərdir? Açıq-saçıqlıq hara qədər olmalıdır? Bunun da bir sərhədi olmalıdır. Yəni istədiyin kimi geyinmək, danışmaq, özünü aparmaq, istədiyini söymək, təhqir etmək azadlıq anlamına gəlmir. Azadlıq insanın beynində olmalıdır. Bu kimi şeylər əndazədən çıxdığı üçün artıq məcburi şəkildə televiziya və media müəyyən çərçivəyə salındı.

Amma çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni azı qəbul edə bilmədik. İndi efirə baxanda müğənnilərin əksəriyyətinin uzun ətəkdən istifadə etdiyinin şahidi oluram. Qolu uzun libaslar geyinirlər, az qalırlar ki, başlarını da bağlasınlar. Şəhərə çıxıb görürsən ki, sakinlər çox gözəl və müasir tendensiyalara uyğun geyinirlər.

Bizim xanımlarımız açıq-saçıq geyinməyi sevirlər. Deyim ki, biz həmişə bağlı geyinən xanımlar olmuşuq, bu, düzgün çıxmaz. Bəs indi efirlərdə niyə bunları görürük? Biz azla kifayətlənə bilmirik. Ya çox qapanırıq, ya da çox açıq-saçıq geyinirik. Şəxsən mənim üçün səhvdir. Çünki mən orada səmimiyyət görmürəm.

Belə çıxır ki, efirdə insan insanı söyə bilər, amma açıq geyinə bilməz. Efirdə təhqir edirsə, zəng vurub dişinin dibindən çıxanı deyirsə, hərəkətlərində sərhəd qoymursa, bu, əxlaqlı qadındır. Uzun ətək geyinir, "Həci"si var - ondan yoxdur. Axı bu belə deyil. Kimliyini danışıq tərzinlə nümayiş etdirməlisən. Sənin geyimin tərbiyəli olduğuna dəlalət etmir.

Siz dediyiniz kimi, əvvəllər Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev istədiklərini efirdə etsələr də, onlar fikirlərini çox gözəl şəkildə ifadə edə bilirdi. Səmimiyyət var idi. Hər bir sahəyə toxunulurdu. Marifləndirirdilər insanları. Amma indi maarifləndirmək sıfır, hər şey sıfır, lakin "əxlaq"lıdırlar.

- Seriala çəkilmək üçün nə qədər qonorar alırsınız?

- Qonorar serialdan-seriala, kanaldan-kanala dəyişir. Kanal var ki büdcəsi böyükdür və verdiyi qonorar da yüksəkdir. "Baldız" serialından aldığım qonorar 1000 manat civarındadır. Ayın sonu biz də maaş alırıq. Aktyorlar özlərindən çıxarıblar maaş və qonorar məsələsini. Qonorar sözü məhz seriala aiddir. Maaş isə sinonimdir.

Qonorar da maaş kimi, ayın sonu verilir. Mənə ödəniləcək pul gün hesabına hesablanır. Azərbaycanda aktyorun çəkildiyi bir günü 150 manatdan başlayır, 2000 manata qədər yüksəlir. Yuxarı məbləğ alanlar isə adlı-sanlı Xalq artistləridir. Yüksək məbləğ filmlərdə olur. Çünki filmlərin büdcəsi böyükdür. Əgər filmin büdcəsi 100 mini ötürsə, müvafiq olaraq aktyora verilən qonorar da yüksək olmalıdır.

- Gənc aktrisalar arasında rəqibiniz kimdir?

- Məsələ burasındadır ki, özümü aktrisa hesab etmirəm və iddialı deyiləm. Demirəm ki, aktrisa olub, dağı dağ üstünə qoyacağam. Möhtəşəm filmlərə çəkiləcəyəm. Türkiyədən girib, Moskvadan çıxacağam, ABŞ-a gedib Hollivudda olacağam. Sahəm yazarlıq, telejurnalistikadır. Orada daha çox fəaliyyət göstərmişəm.

Özümü efir adamı hesab edirəm, aparıcı kimi iddialıyam. Sadəcə olaraq, aktyorluq sahəsi mənim üçün maraqlıdır.Gözəl sənətkarlarla seriallara çəkilirəm, başıma maraqlı hadisələr gəlir. Mənim üçün fərqli bir şey olduğundan bu işlə məşğul oluram.

- Çörəyinizə bais olan və ya olanlar kimdir?

- Bir çox kastinqlərdə iştirak etmişəm. Filmlərə və seriallara təsdiqlənmişəm. Amma çəkilişə bir gün qalmış məndən imtina etdiklərinin xəbərini almışam. Sonradan bunun kimin işi olduğunu öyrənmişəm. 

- Qorxmadan, çəkinmədən, ad çəkib etiraf edə bilərsiniz ki, bu məşhur ikiüzlü, mindilli və satqındır?

- İkiüzlü, mindilli çoxdur, amma satqın, işverən azdır. Real həyatda biz onsuz da ikiüzlü olmağa məcburuq. Biz səmimi ola bilmirik. Bu, mümkün deyil. Məkana, məqama və həmsöhbətinə uyğun davranışını nümayiş etdirə bilirsən. İşverənlərlə heç vaxt rastlaşmamışam. Mənə qarşı işverənlik edən olmayıb və bu söz mənim üçün çox ağırdır.

İnsana çox böyük şər yaxa bilərlər. Bununla üzləşməmişəm. Ayağımın altını qazanlar yetərincə çox olub. Amma buna "işverənlik" deməzdim. Ona "ikiüzlülük, mindillilik" deyirəm. İnanın səmimiyyətimə, belə insanlar həyatımızda olmasa, çox maraqsız olar. Bu sahənin dadı-duzu, şirinliyi qalmaz.

- Akif İslamzadənin işlətdiyi "Cəhənnəmə düşənlərin yarısından çox məhz qadınlardır" fikrinə münasibətiniz necədir?

- O cür sənətkara belə ifadələri yaraşdırmadım. Bu cür sözləri ondan heç gözləmirdim. Həmin müsahibəni oxudum, fikirləşdim ki, bəlkə jurnalistlərin növbəti qalmaqallı oyunudur. Amma videomateriala baxıb anladım ki, bunu məhz Akif müəllim söyləyib. Dəhşətə gəldim. Sənətkar cəhənnəmə gedib gəlib ki, ağzına belə ifadələri alır?

Belə iddiaları irəli sürmək heç düzgün deyil. Bəlkə, əksinədir, kişilərin sayı orada daha çoxdur? İncəsənət nümayəndəsiniin bu mövzuda fikir bildirib, əminliklə danışması mənə qəribə gəlir. Sonradan insanlar onun üstünə düşdü və o, fikirlərini təkzib etməyə başladı.

- Özünüzü cəhənnəmdə, yoxsa cənətdə görürsünüz?

- Özümü bu dünyada görürəm (gülür).

- Şəxsi biznesiniz var?

- Hamı mənə elə bunu deyir. Amma şəxsi biznesim yoxdur. Hara gedirəm deyirlər ki, "Mələyin butiki var", "Mələyin salonu var", "Mələyin estetik klinikası var". Varsa, mənim bundan xəbərim yoxdur. Hələlik bu sahədəyəm və heç nəyim yoxdur.

- Əlinizə çoxlu pul gəlsəydi, hansı sahəyə yönəldərdiniz?

- İnkişaf mərkəzi açmaq istərdim. Müəyyən yaşa qədər bizi valideynlər idarə edir, daha sonra gənclərin çoxu nə ilə məşğul olacaqlarını bilmirlər. Bu isə bir çox faktorlardan asılıdır. Xaricdə inkişaf mərkəzləri kifayət qədərdir. 

- Bir ayda nə qədər pul xərcləyirsiniz?

- Nə qazanıram, qəpiyinə qədər xərclənir. Qazandığımı ailəmə, valideynlərimə, evimə, çevrəmdə olan insanlara xərcləyirəm. Özümə isə pulun, bəlkə də, 20 faizini sərf edirəm.

- Payız gəlsə də, sanki sizin üçün yay davam edir. Bu, sizin son günlər çəkdirdiyiniz açıq-saçıq və ehtiraslı fotolarınızdan daha qabarıq şəkildə bəlli olur. Bu cür şəkillər çəkdirməkdə məqsədiniz nədir?