Hamiləlik zamanı vərəmin yayılması regiondan və əhalinin sıxlığından asılıdır


Digərləri 14 Okt 2019 23:50:00 417 0

Hamiləlik zamanı vərəmin yayılması regiondan və əhalinin sıxlığından asılıdır

Vərəm ağır xəstəlik olsa da, müalicə edilə bilir. Bəzən isə hamiləlik zamanı qadınların vərəm olduğu aşkarlanır. Vərəmə yoluxmuş qadınların hamilə qala bilməyəcəyi kimi fikirlər səslənir. Halbuki, hamiləlik aktiv vərəmin və erkən müalicə olunan qadınların risk dərəcəsini artırmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Səbinə Babayeva deyib.

S.Babayeva bildirib ki, hamiləlik zamanı vərəmin yayılması regiondan və əhalinin sıxlığından asılıdır: "Əgər vərəmin ağır forması hamiləliyin sonunda və zahılıq dövründə proqressivləşirsə, bu, çox işləmək, pis qidalanmaq, hamiləlik vaxtı xroniki yorulmaqla əlaqədardır. Həmin zərərli amillərin birləşməsi immunitetin düşməsinə, vərəm prosesinin kəskinləşməsinə xidmət edir".

Onun sözlərinə görə, vərəm ən çox ağciyərdə rast gəlinir və qadınların yarısında həmin proses simptomsuz keçir. Lakin qadınların bir qismində xəstəlik subfebrilent, öskürək, tərləmə və çəkinin azacıq da olsa, artması ilə müşayiət olunur.

S.Babayevanın sözlərinə görə, hamiləlik zamanı vərəm aşkar olunan qadını mütləq risk qrupuna daxil etmək lazımdır. Vərəmli hamilələrdə 48 və 72 saatdan sonra mantu reaksiyasını qiymətləndirmək vacibdir: "Lakin bu zaman müsbət nəticə aktiv patoloji prosesin başlandığını göstərmir. Sonra isə bəlğəmin vərəm mikrobakteriyasına əkilməsi, döş qəfəsinin rentgenoloji müayinəsi diqqətlə aparılmalıdır. Diaqnoz bəlğəmdə vərəm mikrobakteriyasının aşkar olunub-olunmamasına əsasən qoyulur.

Müalicə fitiziatorun nəzarəti altında ciddi olaraq aparılır. Bəlğəmində vərəm mikrobakteriyası aşkar olunan qadınlar vərəm əleyhinə dispanserdə yatmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});